09 Yanvar 2025, Cümə axşamı

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Komitənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Komitə Naxçıvan şəhərində yerləşir.
2. Komitənin fəaliyyət istiqamətləri
2.0. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahənin inkişafını təmin edir;
2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
2.0.4. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir;
2.0.5. daşınmaz əmlakın dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir;
2.0.6. ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir;
2.0.7. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin, torpaq sahələrinin planı və ölçüsünün tərtib edilməsini təmin edir;
2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir;
2.0.9. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
2.0.10. torpaq bazarının təşkili istiqamətində tədbirlər görür;
2.0.11. torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədilə yerquruluşu işlərini təşkil edir və həyata keçirir;
2.0.12. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini yerinə yetirir və bu sahədə dövlət nəzarətini həyata keçirir;
2.0.13. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirir və xəritələrini hazırlayır;
2.0.14. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırlanmış xəritələrini, habelə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı aidiyyəti üzrə təqdim edir;
2.0.15. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Komitənin vəzifələri
3.0. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
3.0.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
3.0.3. aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət istiqamətləri üzrə məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
3.0.4. fəaliyyət istiqamətlərinə aid sahələrdə təsdiq edilmiş dövlət proqramlarının icrası barədə müəyyən olunmuş qaydada hesabat vermək;
3.0.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;
3.0.6. daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək;
3.0.7. kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək;
3.0.8. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;
3.0.9. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
3.0.10. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək;
3.0.11. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
3.0.12. paralel olaraq yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində məlumatları dövlət reyestrinə daxil etmək;
3.0.13. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək;
3.0.14. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq;
3.0.15. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək;
3.0.16. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;
3.0.17. hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu, onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq;
3.0.18. hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;
3.0.19. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;
3.0.20. pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununun birmənalı başa düşülməsinə imkan verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;
3.0.21. dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Naxçıvan Muxtar Respublikasının ərazisində dəyişməyən, təkrarlanmayan, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın dövlət reyestr nömrəsi vermək;
3.0.22. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək;
3.0.23. daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək;
3.0.24. hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək;
3.0.25. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;
3.0.26. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin digər iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;
3.0.27. məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;
3.0.28. qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;
3.0.29. daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək;
3.0.30. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;
3.0.31. ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatları daşınmaz əmlakın dövlət kadastrına daxil etmək;
3.0.32. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək;
3.0.33. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək;
3.0.34. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın dövlət kadastrının aparılması işlərini yerinə yetirmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək;
3.0.35. daşınmaz əmlakın dövlət kadastrının aparılması məqsədi ilə monitorinq işlərini yerinə yetirmək;
3.0.36. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək;
3.0.37. daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;
3.0.38. dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;
3.0.39. daşınmaz əmlakın dövlət kadastrının və daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;
3.0.40. daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək;
3.0.41. mərzçəkmə işlərini aparmaq və mərz nişanları qoymaq;
3.0.42. ünvan reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;
3.0.43. ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələri hazırlamaq və daşınmaz əmlak obyektlərində yerləşdirmək;
3.0.44. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara daşınmaz əmlakın dövlət kadastrı məlumatlarının, torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini təmin etmək;
3.0.45. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;
3.0.46. mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq;
3.0.47. sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək;
3.0.48. daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın dövlət kadastrının, dövlət torpaq kadastrının elektron variantda aparılmasını təmin etmək;
3.0.49. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, daşınmaz əmlakın dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrası və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək;
3.0.50. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək;
3.0.51. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək, elektron daşıyıcıda və kağız üzərində xəritələşdirilməsini həyata keçirmək;
3.0.52. inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək;
3.0.53. qanunvericiliyə uyğun olaraq inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılması məqsədi ilə kadastr-planaalma işlərini həyata keçirmək;
3.0.54. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırlanmış xəritələrini, habelə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişik­liklər barədə arayışı aidiyyəti üzrə təqdim etmək;
3.0.55. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.0.56. bələdiyyə mülkiyyətinə torpaq alınması barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.0.57. torpaqların şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrinin tərtibində və həyata keçirilməsində iştirak etmək, dövlət torpaq kadastrının aparılması ilə bağlı həmin layihələrin yerinə yetirilməsinə nəzarət etmək;
3.0.58. torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflərin verilməsində iştirak etmək;
3.0.59. təsərrüfat fəaliyyətinin torpaq üçün zərərli nəticələrinin təhlil edilməsində, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsinin öncədən müəyyənləşdirilməsində və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;
3.0.60. hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair hesabatları aidiyyəti üzrə təqdim etmək;
3.0.61. kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirmək, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunmasını və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlamaq;
3.0.62. torpaqların zonalaşdırılması barədə təkliflər vermək;
3.0.63. münbitlik xassələrini və keyfiyyətini itirmiş, çirklənmiş, yararsız hala düşmüş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verilməsində, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verilməsində iştirak etmək;
3.0.64. torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparmaq, şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlarına və baş planlara müvafiq rəy vermək;
3.0.65. dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq;
3.0.66. yerquruluşu işlərini təşkil etmək və aparmaq;
3.0.67. dövlət torpaq kadastrının aparılması və yerquruluşu işlərinin həyata keçirilməsi ilə bağlı layihə-axtarış və təcrübi-eksperimental işlərin aparılmasını təşkil etmək;
3.0.68. torpaq bazarını təşkil etmək, torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə açıqlanmasını təmin etmək;
3.0.69. torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinad şəbəkəsinin yaradılmasında, topogeodeziya, kartoqrafiya, kadastr plan və xəritələrinin tərtibində, yeniləşdirilməsində və təminatı işlərinin həyata keçirilməsində iştirak etmək, onlardan istifadə etmək, fəaliyyət istiqamətləri üzrə plan və xəritələri hazırlamaq;
3.0.70. yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələri şəbəkəsinin fəaliyyətini təmin etmək;
3.0.71. müasir geodeziya alətlərinin və cihazlarının tətbiqi üçün şərait yaratmaq və tədbirlər görmək;
3.0.72. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük miqyaslı, tikilməmiş (açıq) ərazilərin isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsində və çoxməqsədli topoqrafik planaalmasında iştirak etmək;
3.0.73. müəyyən edilmiş qaydada razılaşdırılmaqla aerofotoplanaalma işlərini həyata keçirmək;
3.0.74. torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini yerinə yetirmək;
3.0.75. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək;
3.0.76. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədləri daxilində elektron kadastr uçotu işlərini aparmaq;
3.0.77. bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək;
3.0.78. bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunu hazırlamaq;
3.0.79. torpaqların təbii qiymətləndirilməsi (bonitirovka) işlərini yerinə yetirmək;
3.0.80. dövlət ehtiyat fondu torpaqlarının istifadə vəziyyətini yerquruluşu, kadastr tədqiqatları ilə öyrənmək və onlardan səmərəli istifadəyə dair təkliflər hazırlamaq;
3.0.81. torpaqların dövlət idarəetməsinin təşkili ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətini əlaqələndirmək;
3.0.82. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək;
3.0.83. torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;
3.0.84. fəaliyyət istiqamətləri üzrə qanunvericiliyin tələblərini pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək, inzibati işlərə baxmaq və aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində tədbirlər görmək;
3.0.85. fəaliyyət istiqamətləri üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təkliflər vermək, müvafiq sahələrdə göstəricilərin ümumiləşdirilməsini təmin etmək, statistikasını aparmaq, məlumat bankını yaratmaq;
3.0.86. müvafiq sahədə işlərin maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirmək, ayrılan büdcə vəsaitindən, göstərdiyi xidmətlərə görə xidmət haqları üzrə daxilolmalardan, kreditlərdən və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını, habelə ödənilən dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsini təmin etmək;
3.0.87. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək, habelə konfransların, seminarların, treninq kurslarının keçirilməsini təşkil etmək;
3.0.88. torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə məhkəmə qarşısında iddia qaldırmaq;
3.0.89. qanunla müəyyən edilmiş əsaslar olduqda, mülkiyyətə, istifadəyə və icarəyə verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün tədbirlər görmək;
3.0.90. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.91. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
3.0.92. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.93. qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
4. Komitənin hüquqları
4.0. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.0.2. mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən fəaliyyət istiqamətləri üzrə məlumatlar (sənədlər) almaq;
4.0.3. fəaliyyət istiqamətləri üzrə monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər və müşahidələr zamanı qanun pozuntuları aşkar edildikdə hüquq-mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
4.0.4. Naxçıvan Muxtar Respublikasında sahəvi kadastrları tərtib edən və aparan digər dövlət orqanları ilə əməkdaşlıq etmək və məlumat mübadiləsi həyata keçirmək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazır­lamaq və təkliflər vermək;
4.0.6. torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;
4.0.7. aerofotoplanaalma işlərinin nəticələri olan məlumatlardan istifadə etmək;
4.0.8. torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ və ya məhkəmə qarşısında iddia qaldırmaq;
4.0.9. torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlər görmək, rayon, şəhər icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırmaq, məhkəmədə iddiaçı qismində çıxış etmək;
4.0.10. torpaq sahələrinin istifadəyə verilməsi barədə vəsatət vermək;
4.0.11. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənmək;
4.0.12. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün ekspertləri və məsləhətçiləri cəlb etmək;
4.0.13. müqavilələr bağlamaq, fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsait­dən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
4.0.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.15. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Komitənin fəaliyyətinin təşkili
5.1. Komitənin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Komitənin strukturu, Komitənin aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilir.
5.3. Komitənin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Komitənin sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara bu Əsasnamə ilə və Komitə sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Komitənin sədri vəzifəsinə görə eyni zamanda Naxçıvan Muxtar Respublikasının torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir. Komitə sədrinin aid sahə üzrə müavini Naxçıvan Muxtar Respublikasının torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişinin müavinidir.
5.6. Komitənin aparatının aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri vəzifəsinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişidirlər. Komitənin aparatının dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.
5.7. Komitənin yerli bölmələrinin rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir. Yerli bölmələrin dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.
5.8. Komitənin sədri:
5.8.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.8.2. müavinlərin, habelə Komitənin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.8.3. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və elmi-texniki şurasının əsasnamələrini təsdiq edir;
5.8.4. Komitənin strukturuna daxil olmayan tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiq edir;
5.8.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, işçilərin say həddi daxilində Komitənin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.8.6. Komitənin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.8.7. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;
5.8.8. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitə tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.8.9. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.8.10. səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbir görür;
5.8.11. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Komitəni təmsil edir;
5.8.12. Komitəyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;
5.8.13. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.8.14. Komitənin dövlət qulluqçusu olan işçilərinə ixtisas dərəcələri verir.
5.9. Komitənin sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.
5.10. Komitədə sədrdən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.
5.11. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.12. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
5.13. Komitənin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.13.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
5.13.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Komitəyə tapşırılmış konkret normativ hüquqi aktları;
5.13.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
5.13.4. aidiyyəti dövlət orqanları ilə razı­laşdırılmalı olan normativ hüquqi aktları;
5.13.5. Komitənin kollegiyasının müzakirəsinə çıxarılan digər aktları;
5.13.6. bu Əsasnamənin 5.13.1-ci-5.13.5-ci yarımbəndlərinə uyğun olaraq, Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.
5.14. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
5.15. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

5.16. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.17. Komitənin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
5.18. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şuranın tərkibi Komitənin sədri tərəfindən təsdiq edilir.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin

S T R U K T U R U

1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar);
2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR