Mayın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, ikinci dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açılışı bildirən lenti kəsmişlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov demişdir ki, muxtar respublikada miqrasiya sahəsində dövlət idarəçiliyinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarə olunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur. Yeni inzibati binanın istifadəyə verilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Binada əməkdaşların fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edən Fazil Ələkbərov bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylərini artıracaqlarını bildirmişdir.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çıxış edərək demişdir ki, ölkəmizin sosial-iqtisadi inkişafı, geosiyasi mövqeyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olmuşdur. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilmiş və miqrasiya prosesləri dinamik xarakter almışdır. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə Dövlət Miqrasiya Xidməti yaradılmış və bu sahədə qanunvericilik bazası formalaşdırılmışdır. Artıq ölkəmizdə bu sahədə müasir informasiya texnologiyaları tətbiq olunmuş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının xidmətə elektron qaydada müraciət imkanı yaradılmışdır. Firudin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarına gələcək işlərində uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 5 illiyi və xidmət üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu xidmət sahəsinin yaradılması Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının nəticəsidir. Artıq Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, yoxsulluq səviyyəsi 5 faizin altındadır. Azərbaycan dünyanın cəlbedici ölkələri sırasına yüksəlmiş, ölkəmizə gələn əcnəbi və miqrantların sayı artmışdır. Bütün bunlar da Dövlət Miqrasiya Xidmətinin yaradılmasını zərurətə çevirmişdi.
Ali Məclisin Sədri demişdir: Dövlətçilik həyatında 5 il qısa bir müddətdir. Ötən 5 ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin formalaşdırılması, müasir tələblərə cavab verən bina ilə təmin edilməsi, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu bir daha Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulduğunu təsdiq edir. Artıq yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşıda duran vəzifələri uğurla icra edir, bu sahədə çalışan əməkdaşlar dövlətin mənafeyini etibarlı şəkildə qoruyur, eyni zamanda əcnəbi vətəndaşların muxtar respublikada qanuni fəaliyyətini təmin edirlər.
Bunlar möhkəm dövlətçilik ənənələri, iqtisadi inkişaf və sabitlik yaranan ölkələrdə mümkündür. Bu gün Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələri üzərində inkişaf etdirilir. Ölkəmizdə iqtisadi inkişaf və sabitlik vardır. Ona görə ki, ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
Ali Məclisin Sədri demişdir: Naxçıvan uzun illərdir, blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda inkişaf edən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir.
Ali Məclisin Sədri demişdir: “Miqrasiya” sözü latın dilindən tərcümədə “köçmə, yerdəyişmə” deməkdir. Yəni insanların bir ərazidən digər əraziyə köçməsini ifadə edir. Bu cür yerdəyişmələr həm xoşməramlı, həm də digər məqsədlər üçün ola bilər. Ona görə də miqrasiya xidmətinin qarşısında mühüm vəzifələr durur. Kollektiv, ilk növbədə, qanunsuz miqrasiyanın qarşısını almalı, əcnəbilərin yaşayış yeri üzrə qeydiyyatını aparmalı, iş icazəsi verməli və onların qanunlara əməl etmələrinə nəzarəti həyata keçirməlidir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənsinlər.
Ali Məclisin Sədri miqrasiya xidməti əməkdaşlarının bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, muxtar respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirmiş, kollektivi və muxtar respublika əhalisini qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik etmişdir.
Sonra bina ilə tanışlıq olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 71 otaq vardır. Burada qeydiyyat şöbəsi, kitabxana-tədris, server və kompüter, növbətçi, xüsusi vasitələrin saxlanması otaqları, iclas zalı, arxiv, yeməkxana, iş və xidmət otaqları yerləşir. Otaqlar müasir avadanlıqlar və kompüter dəstləri ilə təmin olunmuşdur.
Birinci mərtəbədəki qeydiyyat şöbəsində müraciət edənlərin rahatlığı üçün lazımi şərait yaradılmışdır. Sənədlərin qəbulu prosesi elektron növbəlilik prinsipi ilə həyata keçirilir. Bunun üçün gözləmə zalında xüsusi avadanlıq quraşdırılmışdır. Həmçinin burada elektron məlumat köşkü də qoyulmuşdur. Elektron köşk vasitəsilə miqrasiya xidmətinin müxtəlif sahələrinə aid 3 dildə həm yazılı, həm də səsli formada məlumat verilir. Xidmətin internet saytı vasitəsilə də elektron müraciət və məlumatları qəbul etmək mümkündür.
Binada mərkəzi server sistemi qurulmuş, Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır. Miqrasiya sahəsinə nəzarəti gücləndirən bu sistem vasitəsilə muxtar respublikada baş verən miqrasiya proseslərini bir mərkəzdən idarə etmək, qeyri-qanuni miqrasiya ilə mübarizə, eləcə də təhlükəsizlik tədbirləri həyata keçirmək mümkündür. Həmçinin Vahid Miqrasiya Məlumat Sistemi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin fəaliyyətlərini qanunvericiliyə uyğun olaraq nəzarətdə saxlamağa imkan verir.
Fondunda 1200 ədəbiyyat olan kitabxana-tədris otağında xidmət əməkdaşlarının bilik və bacarıqlarının, eləcə də peşəkarlıq səviyyəsinin artırılması üçün bütün imkanlar mövcuddur. Burada miqrasiya sahəsinə aid kitablarla yanaşı, ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən kitablar, həmçinin bədii və tarixi ədəbiyyatlar, elmi-publisistik materiallar da yerləşdirilmişdir. Kitabxana-tədris otağında quraşdırılan elektron lövhə əməkdaşların elektron kitabxanalardan və digər resurslardan səmərəli istifadəsinə şərait yaradır.
Ali Məclisin Sədri kitabxana-tədris otağında əcnəbilər üçün müxtəlif maarifləndirici dərslərin təşkil olunmasının vacibliyini vurğulamış və bununla bağlı tapşırıqlar vermişdir.
Kompüter otağında internetə çıxışı olan 7 kompüter dəsti quraşdırılmışdır. Burada müvəqqəti və daimi yaşama vəsiqələrinin hazırlanması və çapı həyata keçiriləcəkdir. 120 yerlik geniş iclas zalı və müşavirə otağı isə müasir multimedia vasitələri ilə təchiz edilmişdir. Bu da miqrasiya məsələləri ilə bağlı müxtəlif tədbir və yığıncaqların keçirilməsinə, eləcə də video-konfransların təşkilinə imkan verəcəkdir. Arxiv otağındakı kompüterlər elektron arxiv proqramı ilə təmin edilmişdir. Hazırda bu proqramın köməkliyi ilə bütün məlumatlar həm də elektron formada bazada saxlanılır.
Binada müasir rabitə və mühafizə sistemləri yaradılmış, nəzarət-müşahidə kameraları quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti