Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi – “Dalğa Beach-Aqua Park” istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.
Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir.
Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verildi. Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb.
Dövlətimizin başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da oldular. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.
AZƏRTAC