Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan Naxçıvan Dövlət Universitetində müasir tədris imkanları yaradılmışdır. Son illər universitet şəhərciyində aparılan yenidənqurma işləri, tikilən müasir binalar və yaradılan elektron tədris sistemi təhsilin səviyyəsini xeyli yüksəltmişdir. Bu işlərin davamı olaraq universitet xəstəxanası və baytarlıq təbabəti ixtisası üçün yeni binalar inşa olunmuşdur.
Mayın 21-də Naxçıvan Dövlət Universiteti xəstəxanasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov çıxış edərək demişdir ki, son illər universitet şəhərciyində ən müasir texnoloji avadanlıqlarla təmin olunmuş yeni tədris korpusları, elektron kitabxana, idman kompleksi istifadəyə verilmiş, yeni ixtisaslar açılmışdır. Həyata keçirilən tədbirlər ali təhsil ocağında təhsilin səviyyəsini yüksəltmişdir. Xəstəxana və baytarlıq ixtisası üçün müasir binaların istifadəyə verilməsi də göstərilən qayğının davamıdır. Saleh Məhərrəmov yaradılan müasir tədris şəraitinə görə universitetin kollektivi adından minnətdarlıq etmiş, tədrisin səviyyəsini daha da yüksəldəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəllim və tələbələri Tibb fakültəsinin yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: “Ölkəmizdə gənclərin təhsil alması üçün lazım olan bütün şərait yaradılır. Naxçıvan Dövlət Universitetində də müasir tədris şəraiti yaradılmış, lazımi avadanlıqlarla təchiz olunmuş tədris korpusları tikilib istifadəyə verilmişdir. Həmçinin universitetlərarası təcrübə mübadiləsi də həyata keçirilir, burada təhsil alan gənclərin qabaqcıl təcrübəyə yiyələnmələri təmin edilir. Bütün bunlar ölkəmizin gələcəyi üçündür.
Hər bir həkim insan sağlamlığının qorunmasına cavabdehdir. Buna görə də tələbələrin bu peşəni yaxşı mənimsəməsi üçün lazımi tədbirlər görülür. Bu gün istifadəyə verilən xəstəxana binası da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi yaradıldı. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən dövr ərzində inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə həkim hazırlığını həyata keçirir. Bu günədək fakültənin nəzdində 1 ixtisas üzrə xəstəxana fəaliyyət göstərirdisə, bu gün 5 ixtisası əhatə edən xəstəxana şəraiti yaradılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılmış, auditoriyalar qurulmuşdur. Bütün bunlar bilikli və təcrübəli gənclərin yetişdirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Bu gün muxtar respublikada həkim hazırlığı işi pilləli təhsil sistemi üzrə həyata keçirilir. Kiçik tibb işçilərinin hazırlanması üçün Naxçıvan Tibb Kolleci fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində isə həm bakalavr, həm də rezidentura təhsili üzrə həkimlərin hazırlanması həyata keçirilir. Xəstəxana binasında yaradılan şərait gənclərin ilkin tibbi vərdişlərə yiyələnməsinə xidmət edəcəkdir. Bu sahədə təhsil alanların tam ixtisaslaşması üçün isə muxtar respublikanın xəstəxanalarında yaradılan imkanlardan səmərəli istifadə edilməlidir.
Bu gün bu sahədə yaradılan şərait ölkəmizin gələcəyi və muxtar respublika əhalisinin sağlamlığının qorunması üçündür. Əgər hər hansı bir ölkənin insanları sağlamdırsa, onun iqtisadiyyatı da davamlı inkişaf edəcək, ailələri də sağlam təməllər üzərində qurulacaqdır. Buna görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bu isə insan amilinə göstərilən qayğı deməkdir. Buna görə də bu sahədə kadr hazırlığına xüsusi diqqət ayrılmalıdır ki, yaxşı həkim peşəsinə yiyələnən gənclər yetişsin, insanlara nümunəvi tibbi xidmət göstərilsin”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, tələbələrin ilkin peşə vərdişlərinə yiyələnəcəklərinə, universitetin 6 minə yaxın tələbə-müəllim heyətinə nümunəvi tibbi xidmət göstərəcəklərinə əminliyini bildirmiş, kollektivi bir daha yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara tədrisdə və gələcək işlərində uğurlar arzulamışdır.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş və yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, hazırda universitetin Tibb fakültəsində pediatriya, tibbi profilaktika, müalicə işi, stomatologiya və əczaçılıq ixtisasları üzrə 326 tələbə təhsil alır. Xəstəxanada tələbələrin seçdikləri ixtisaslar üzrə hərtərəfli bilik və təcrübə qazanması üçün lazımi şərait yaradılmışdır. Üç mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində cərrahiyyə bloku və klinika bölməsi fəaliyyət göstərir. Burada 2 palatadan ibarət reanimasiya şöbəsi, rentgen kabinəsi, kliniki laboratoriya, aptek və həkim otağı vardır. Stasionar bölmə üçün ayrılan ikinci mərtəbədə həkim və tibb bacıları üçün iş otaqları, ultrasəslə müayinə və EKQ kabinələri, pediatriya palatası, oftalmoloji kabinə, 2 palata, sarğı otağı, auditoriya və bufet yerləşir.
Binanın üçüncü mərtəbəsində isə stomatoloji kabinə, sterilizasiya otağı, fizioterapiya kabinəsi, 2 stomatoloji və 2 əczaçılıq laboratoriyası, terapevt otağı və auditoriyalar vardır. Mərtəbələrin hər birində müasir iş və tədris şəraiti yaradılmış, otaq və kabinələr ən yeni tibbi avadanlıqlar və inventarlarla təchiz edilmiş, lift quraşdırılmışdır.
Xəstəxanada professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkim və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanması işinə öz töhfələrini verməklə yanaşı, həm də insanların sağlamlığının qayğısına qalacaqlar. Müasir xəstəxana binası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. Tələbələr laborator məşğələlərdə, diaqnostika, müayinə və müalicə əməliyyatlarında iştirak etməklə tibbi biliklərini daha da möhkəmləndirəcəklər.
Xəstəxana ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri demişdir ki, həkim-müəllimlərin qarşısında insan sağlamlığının qorunması ilə yanaşı, gələcəyin kadrlarının yetişdirilməsi kimi mühüm vəzifələr dayanır. Bunun üçün Naxçıvan Dövlət Universitetində müasir tədris şəraiti yaradılmış, tələbələrin ilkin tibbi biliklər üzrə təcrübə əldə etməsi üçün müasir xəstəxana binası istifadəyə verilmişdir. Bu gün Naxçıvan Dövlət Universitetinin dünyanın 100-ə yaxın universiteti ilə əlaqələri mövcuddur, tələbə-müəllim mübadiləsi həyata keçirilir. Hazırda Tibb fakültəsində təhsil alan 326 tələbədən 54-ü xarici ölkə vətəndaşlarıdır. Bu da onu göstərir ki, artıq universitetin bu sahədə də beynəlxalq səviyyədə nüfuzu vardır. Universitetin xəstəxana binasında həm yüksək tədris imkanı yaradılmış, həm də insanların sağlamlığının qayğısına qalmaq üçün müasir avadanlıqlar quraşdırılmışdır. Yeni avadanlıqlar müasir səhiyyənin əsasını təşkil edir. Buna görə də bu avadanlıqlar yaxşı öyrənilməli, onlardan səmərəli istifadə olunmalıdır. Müasir tibbi yeniliklərlə yanaşı, bioloji təbabətin təməl tibb fənlərinin bir hissəsi kimi öyrədilməsinə də diqqət yetirilməli, gənclərə muxtar respublikada mövcud olan dərman bitkilərinin tərkibi və müalicə əhəmiyyəti aşılanmalıdır.
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi – müəllim Malikəjdər İbrahimov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Xəstəxana binasına fiber-optik kabel çəkilmiş, girişdə məlumat monitorları və nəzarət-müşahidə kameraları quraşdırılmışdır.
Baytarlıq təbabəti ixtisası yeni binada tədris olunacaq
Mayın 21-də Naxçıvan Dövlət Universitetində baytarlıq təbabəti ixtisasının yeni binasının da açılışı olmuşdur.
Açılış tədbirində universitetin tələbəsi Nazəni Rüstəmli çıxış edərək demişdir ki, böyük inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti bu gün Avropa standartlarına uyğun, dünya miqyasında tanınan müasir təhsil ocağına çevrilib. Yeni xəstəxana və baytarlıq təbabəti ixtisası binalarının istifadəyə verilməsi bu sahələr üzrə təhsil alan tələbələrin yüksək elmi biliklərə və zəngin təcrübəyə yiyələnməsinə şərait yaradacaq, gələcəyin mütəxəssisi kimi formalaşmasında əhəmiyyətli rol oynayacaqdır. Nazəni Rüstəmli yaradılanlardan səmərəli istifadə edəcəklərinə, təhsildə və ictimai işlərdə fəal olmaqla göstərilən etimadı doğruldacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını baytarlıq təbabəti ixtisası üçün yeni tədris binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: “2005-ci ildə Naxçıvan Dövlət Universitetində baytarlıq ixtisası açılmış və ötən müddət ərzində uğurla fəaliyyət göstərmişdir. Əgər insanların sağlamlıqlarının qorunmasına xidmət edən tədbirlər görülürsə, bu sahədə müasir infrastruktur yaradılırsa və ixtisaslı kadr hazırlığı təmin olunursa, buna ilk əvvəl baytarlıq təbabətindən başlanılmalıdır. Bu sahənin insan həyatı üçün əhəmiyyəti nəzərə alınaraq baytarlıq ixtisası baytarlıq təbabəti ixtisası adlandırılmışdır.
Ali Məclisin Sədri qeyd etmişdir ki, bu sahəyə göstərilən diqqət nəticəsində baytarlıq təbabəti ixtisasının tədrisi lazımi avadanlıqlarla təchiz olunmuş binada həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Texniki Kollecində də baytarlıq ixtisası üzrə kadr hazırlığı yerinə yetirilir. Bu gün muxtar respublikada 107 min başa yaxın iribuynuzlu, 650 min başa yaxın xırdabuynuzlu, 1 milyon başdan yuxarı quş, 69 minə yaxın arı ailəsi vardır. Buna görə də onların sağlamlığının qorunmasına xidmət edən ixtisaslı kadrlara da tələbat böyükdür. Muxtar respublikada bu sahədə kadr hazırlığı Naxçıvan Dövlət Universitetində və Naxçıvan Texniki Kollecində həyata keçirilir. Peşəkar kadrların yetişməsi üçün isə müasir tədris metodları tətbiq olunmalıdır. Bunun üçün hər iki təhsil müəssisəsində lazımi şərait yaradılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində də praktik dərslərin keçilməsi üçün siniflər yaradılmış, lazımi tədris avadanlıqları quraşdırılmışdır. Bu işdə Dövlət Baytarlıq Xidmətinin kollektivinin üzərinə də mühüm vəzifələr düşür. Xidmətin mütəxəssisləri dərslərə cəlb olunmalı, tələbələrin praktik vərdişlərə yiyələnməsində yaxından iştirak etməlidirlər. Bu gün ölkəmizdə insan sağlamlığına xüsusi diqqət yetirilir. Əhalinin sağlamlığının qorunması üçün lazımi tədbirlər həyata keçirilir, bu sahədə dövlət proqramları qəbul olunur. İnsan sağlamlığının qorunması isə sağlam qidadan asılıdır. Keyfiyyətli və sağlam ərzaq olmadan insan sağlamlığını qorumaq mümkün deyil. Buna görə də baytarlıq təbabəti üzrə təhsil alan tələbələrin üzərinə böyük məsuliyyət düşür. Gənclər bu sahəni dərindən öyrənməli, insanları keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməlidirlər.
Ali Məclisin Sədri dövlətimizin bu sahəyə verdiyi önəmin nəticəsi olaraq yaradılan şəraitdən düzgün istifadə olunacağına və bu sahədə yaxşı mütəxəssislər hazırlanacağına əminliyini bildirmiş, kollektivi bir daha təbrik etmiş, gələcək tədrisdə və fəaliyyətlərində uğurlar arzulamışdır.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş və binada yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində baytarlıq klinikası, diaqnostika və terapiya laboratoriyası, vivarium, mamalıq və süni mayalanma laboratoriyası, aptek və iş otaqları yerləşir. Mikrobiologiya və virusologiya, fiziologiya və biokimya, parazitologiya, ekspertiza və qida gigiyenası, arıçılıq problemləri, farmakologiya və toksikologiya laboratoriyaları, sterilizasiya otağı binanın ikinci mərtəbəsindədir. Üçüncü mərtəbədə isə anatomiya muzeyi, sitologiya, histologiya, embriologiya, yemləmə, yetişdirmə və genetika kabinələri vardır. Burada həmçinin auditoriyalar, iş otaqları, kompüter sinfi, elektron lövhəli siniflər və 75 yerlik iclas zalı da istifadəyə verilmişdir.
Bildirilmişdir ki, universitetdə baytarlıq ixtisası 2005-ci ildə yaradılmış, 2007-ci ildən Baytarlıq kafedrası kimi fəaliyyətə başlamışdır. Hazırda bu sahədə universitetin geniş əlaqələri mövcuddur. Türkiyə və İran İslam respublikalarının bir sıra universitetləri ilə tədris mübadiləsi aparılır. Binada yaradılan müasir şərait tələbələrin daha dərin biliklərə yiyələnməsinə və kliniki təcrübələrinin möhkəmləndirilməsinə, eləcə də kənd təsərrüfatının və baytarlıq xidmətinin inkişafına geniş imkanlar açır.
Baytarlıq təbabəti ixtisası üçün müasir tədris şəraitinin yaradılması muxtar respublikada ərzaq təhlükəsizliyi tədbirlərinin də gücləndirilməsinə stimul verir. Buradakı ekspertiza və qida gigiyenası laboratoriyasında kənd təsərrüfatı məhsullarının tərkibi və keyfiyyət dərəcəsi öyrəniləcək, bu sahə üzrə peşəkar mütəxəssislər hazırlanacaqdır. Laboratoriyalarda qabaqcıl texnoloji avadanlıqlar quraşdırılmış, baytarlıq apteki bütün növ lazımi dərman preparatları ilə təchiz edilmişdir.
Baytarlıq klinikası iki otaqdan ibarətdir. Burada iri və xırdabuynuzlu heyvanlar üzərində cərrahi əməliyyatlar aparmaq mümkündür. Anatomiya muzeyində heyvan skeletlərinin nümunələri qoyulmuş, onların öyrənilməsi üçün lazımi şərait yaradılmışdır. Muzeydə açıq dərslərin keçilməsi üçün anatomiya kabinəsi də vardır.
Heyvandarlığın inkişafında süni mayalanma mühüm yer tutur. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Binada yaradılan mamalıq və süni mayalanma laboratoriyası bu sahədə daha geniş elmi araşdırmalar aparmağa və ixtisaslı kadrların yetişdirilməsinə mühüm töhfə verəcəkdir.
Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı sahəsində də mühüm tədbirlər görülür. Universitetin Baytarlıq təbabəti kafedrasında arıçılığın ayrıca fənn kimi tədris olunması da bu məqsədə xidmət edir. Binada arıçılıq problemləri laboratoriyasının fəaliyyətə başlaması isə bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsində əsas baza rolunu oynayacaqdır. Laboratoriyada arıçılıq sahəsinə aid əyani tədris vasitələri, mikroskop, balsüzən aparat, xəstəliklərin öyrənilməsi və dərman preparatlarının hazırlanması üçün bir sıra avadanlıqlar quraşdırılmışdır.
Kompüter otağında 20 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Bu da onlayn dərslərin və elektron imtahanların keçirilməsinə imkan verəcəkdir. Geniş iclas zalında da müasir avadanlıqlar quraşdırılmışdır. Burada videokonfransların və distant dərslərin keçirilməsi mümkündür.
Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri demişdir: “Universitetdə baytarlıq təbabəti ixtisasının tədrisi üçün bütün imkanlar yaradılmış, sinif və auditoriyalar müasir avadanlıqlar və əyani tədris vasitələri ilə təmin olunmuşdur. Bütün bunlar muxtar respublikada dövlətin bu sahəyə göstərdiyi qayğının ifadəsidir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin tərkibində elmi müəssisə və laboratoriya fəaliyyət göstərir. Burada formalaşdırılan müasir tədris bazası gənc mütəxəssislərin hazırlanmasına əlverişli şərait yaradacaqdır. Muxtar respublikada bu ixtisası bitirən məzunlar üçün işlə təminat imkanları genişdir. Son illər aparılan tikinti-quruculuq işləri zamanı bütün yaşayış məntəqələrində baytarlıq xidmətinin fəaliyyəti üçün də ayrıca iş yerləri yaradılmışdır. Ona görə ki, insanların sağlamlığının qorunması vacib məsələdir. Bu gün universitetdə istifadəyə verilən həm xəstəxana, həm də baytarlıq təbabəti ixtisası üçün bina birbaşa insanların sağlamlığına xidmət edən sahələri əhatə edir”.
Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov göstərilən etimadı doğruldacaqlarına, tədrisi günün tələbləri səviyyəsində təşkil edəcəklərinə söz vermişdir.
Binanın həyətində abadlaşdırma tədbirləri görülmüş, ətrafda gülzarlıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti