Mayın 19-da yeni Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi uzunluğu 1070 metr olan yolun körpüyə qədər hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. On beş aşırımdan ibarət körpünün uzunluğu 451 metr, eni isə 13 metrdir.
Dövlətimizin başçısına Bakı-Sumqayıt yolunun 9-cu kilometrində inşa olunan 5 körpü və Sumqayıt-Bakı istiqamətində yan yolun genişləndirilməsi işləri barədə də məlumat verildi.
Ərazidə inşa olunan 5 körpünün ümumi uzunluğu 400 metrdir. Burada 2350 metr uzunluğunda yan yollar genişləndirilib və yolun eni 15 metrə çatdırılıb. Bütün bunlar Bakı-Sumqayıt yolunda tıxac probleminin aradan qaldırılmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.
AZƏRTAC