Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir”.
Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni qərargah binası və əsgər yataqxanası inşa edilmişdir.
Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar qərargah binasının açılışını bildirən lenti kəsmişlər.
Məlumat verilmişdir ki, yeni qərargah binası 4 mərtəbədən ibarətdir. Binada müasir xidmət otaqları, taktiki təlim sinfi və istirahət guşəsi vardır. Yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulmuşdur. Burada zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanlar mövcuddur. Xidmət otaqları bütün lazımi avadanlıqlarla təmin edilmiş, kompüterlər quraşdırılmışdır. Taktiki təlim sinfində proyektor və digər müasir təlim avadanlıqları qoyulmuşdur.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusu haqqında söylədiyi fikirlərdən və ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin əks olunduğu fotoşəkillərdən ibarət guşələr yaradılmışdır.
Bina ilə tanışlıqdan sonra yeni əsgər yataqxanasının da açılışı olmuşdur.
Bildirilmişdir ki, 3 mərtəbədən ibarət olan əsgər yataqxanası 900 yerlikdir. Burada yataq otaqları, məişət guşələri, istirahət otaqları, ideoloji, silah və zabitlər üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılmışdır. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunmuşdur. “Xidmət etdiyim diyar” guşəsində muxtar respublikanın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri yerləşdirilmişdir.
Yüksək şəraiti olan əsgər yataqxanasının istirahət və təlim otaqları da müasir tələblərə cavab verir. Binada əsgərlərin asudə vaxtının səmərəli təşkili nəzərə alınmış, ideoloji otaqda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, məlumat stendləri, qəzet və jurnallar qoyulmuşdur.
Hər iki binanın həyətində də geniş abadlıq işləri aparılmış, mini-futbol və voleybol meydançaları istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti