Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlanmışdır.
Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləmişlər.
Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-yə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak etmişdir. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icraetmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunmuşdur. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket buraxılışlarını həyata keçirmişlər.
Təlim ssenarisinə əsasən, hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv etmişdir. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirmiş, dayaq məntəqələrini və qovşaqlarını dağıtmışdır. Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilmiş və düşmən üzərində atəş üstünlüyü əldə edilmişdir.
Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirmişdir. Əvvəlcə özüyeriyən artilleriya qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə düşmənin canlı qüvvəsi məhv edilmişdir. Ardınca tanklar, piyada döyüş maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə zərbələr endirmişlər. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və digər səhra qurğuları dağıdılmış, hərəkətdə olan və hərəkətsiz zirehli texnikalar yararsız hala salınmışdır. Əks-hücum əməliyyatına atəş-dəstək vertolyotları da qoşularaq düşmənin müdafiə dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini atəşə tutmuşdur.
Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarmış, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz etmişlər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək vermiş, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ keçirmişlər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da fəallıq nümayiş etdirmişlər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirmiş, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatmışdır.
Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirmiş, ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri səsləndirilmişdir.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək demişdir: “Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçmişlər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatmışdır”.
Ali Məclisin Sədri işğalçı erməni ordusu ilə üz-üzə dayanan Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin yeni standartlar əsasında formalaşdırılmasında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin təmənnasız köməyini xüsusi qeyd etmiş, qardaş Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə dərin hörmət və ehtiramını bildirərək demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əlaqələrimizin strateji əhəmiyyətini qiymətləndirərək demişdir: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”. Bu gün bu güc, bu birlik böyük Atatürkün vaxtı ilə “türkün qapısı” adlandırdığı Naxçıvanda özünü bütün əzəməti ilə bir daha göstərdi. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir tərəfdən ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın, qardaşlığın göstəricisidirsə, digər tərəfdən ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək – iki dövlətin bir millətin bir ordusunun birliyinin nümunəsidir. Keçirilən birgə hərbi təlim bir daha göstərdi ki, o ordu güclü deyil ki, onun silah-sursatı və hərbi texnikası var. O ordu güclüdür ki, onun əsgər və zabitində döyüş ruhu güclüdür, vətənpərvərdir. Bugünkü təlimlər yüksək əsgəri ruhun, peşəkarlığın və vətənpərvərliyin ifadəsinə çevrildi”.
Ali Məclisin Sədri hərbi təlimdə iştirak edənləri uğurlu nəticə münasibətilə bir daha təbrik etmiş, təlimlərdə birgə iştiraka və tərəfdaşlığa görə təşəkkürünü bildirmiş və çıxışını “Yaşasın Azərbaycan-Türkiyə dostluğu!” ifadələri ilə tamamlamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının da müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Bugünkü birgə təlimlər bir daha sübut etdi ki, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığı yüksək səviyyədədir və şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyəti təbrik etmiş, onlara gələcək xidmətlərində uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar demişdir ki, birgə hərbi təlimlərin uğurla yerinə yetirilməsi dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin güc birliyinin göstəricisidir. Təlimləri izləyərkən bir daha əmin olduq ki, istər Azərbaycan Respublikasının, istərsə də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin bugünkü döyüş hazırlığı yüksək səviyyədədir. Hər iki Silahlı Qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə eyni zamanda iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Ümit Dündar birgə hərbi təlimlərin təşkilində və yerinə yetirilməsində əməyi olanlara minnətdarlıq etmiş, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirmişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar hərbi təlimdə iştirak edən şəxsi heyətlə xatirə şəkli çəkdirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti