09 Yanvar 2025, Cümə axşamı

Mayın 14-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada gənc­lərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və klublarının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasını xeyli genişləndirmişdir. Bu gün istifadəyə verilən Atıcılıq və əyləncə mərkəzi də gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Asəf Məmmədov yaradılan şəraitə görə idmançılar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Atıcılıq və əyləncə mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Atıcılıq mərkəzlərinin yaradılması ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, həm də onların orduya hazır­lanması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada Atıcılıq Federasiyasının fəaliyyət göstərməsi bu cür mərkəzlərin yaradılmasına imkan verir. Bu gün ilk belə mərkəz Naxçıvan şəhərində istifadəyə verilir. Rayon mərkəzlərində də müasir atıcılıq və əyləncə mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur”.
Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilmişdir ki, burada gənclərin asudə vaxtının təşkili və atıcılıq idman növü ilə məşğul olması üçün hərtərəfli şərait vardır. Mərkəz interaktiv atış-təlim zalı, kafe və oyun salonundan ibarətdir. Oyun salonunda quraşdırılan 6 aparat vasitəsilə gənclər müxtəlif idman növləri ilə virtual məşğul ola biləcəklər. Bu da gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından əhəmiyyətlidir.
İnteraktiv atış-təlim zalında ən müasir avadanlıqlar quraşdırılmış, 5 atış nöqtəsi yaradılmışdır. Pnevmatik tüfəng və tapançadan atəş açmaqla monitorda əks olunan hədəfləri dəqiq vurmaq mümkündür. Atış başa çatdıqdan dərhal sonra nəticələr monitorda əks olunur. Real görüntülər üzərində qurulan interaktiv təlim sistemi gənclərin atıcılıq idman növünə olan marağını daha artıracaq, bu sahədə peşəkar idmançıların yetişməsinə stimul verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR