Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri birgə hərbi təlimlərin keçirilməsini hər iki ölkənin gücünün, eyni zamanda Azərbaycan və Türkiyə orduları arasındakı birliyin göstəricisi kimi dəyərləndirmişdir.
Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran Ali Məclisin Sədri demişdir ki, düşmən dövlətlə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirmişdir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən ordu birləşmə və hissələri torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, istənilən döyüş tapşırığını da uğurla yerinə yetirmək əzmindədir.
Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğuna göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar səmimi qəbula görə minnətdarlıq etmiş, Naxçıvanda keçirilən birgə hərbi təlimin hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Naxçıvanda bütün sahələrin inkişafının məmnunluq doğurduğunu qeyd edən Ümit Dündar ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin də qürurverici olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti