Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. İstifadəyə verilən sosial obyektlər, inzibati və ictimai yaşayış binaları şəhərin memarlıq quruluşuna yeni görkəm verir. Artıq qədim və müasir memarlıq elementlərinin sintezi əsasında aparılan kompleks quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişmişdir. Bu işlər çərçivəsində insanların rahat mənzillərdə yaşaması, xüsusilə gənc ailələrin mənzil təminatı məsələsi xüsusilə diqqətdə saxlanılır, müasir yaşayış binaları tikilərək istifadəyə verilir.
Mayın 14-də Naxçıvan şəhərinin “İstiqlal” küçəsində inşa olunan 95 nömrəli yeni ictimai yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, Naxçıvan şəhərində infrastrukturun digər sahələri ilə yanaşı, mənzil tikinti sektoru da günbəgün inkişaf etdirilir, sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Son illər aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Naxçıvan şəhərində yeni yaşayış kompleksləri salınmış, müasir yaşayış binaları tikilmiş, mövcud yaşayış binaları əsaslı şəkildə yenidən qurulmuşdur.
Sakin Azad Əliyev demişdir ki, Naxçıvan şəhərində müasir yaşayış binasının istifadəyə verilməsi gənclər tərəfindən razılıqla qarşılanır. Bu gün yeni binada mənzil sahibi olan hər bir ailə sevinc içərisindədir. Çünki gənc ailələrin mənzil sahibi olması onların sosial problemlərinin həlli istiqamətində atılan ən mühüm addımdır. Azad Əliyev göstərilən qayğıya görə gənc ailələr adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Bu gün yeni mənzil sahibi olanların həyatında əlamətdar gündür. Çünki mənzil hər bir insan həyatında və onun rahatlığının təmin olunmasında başlıca amildir. Müasir dizayna və bütün kommunal şəraitə malik olan yeni yaşayış binasının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir”.
Ali Məclisin Sədri demişdir: “Gənclər hər bir ölkənin gələcəyidir. Ona görə də ölkəmizdə dövlət-gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır. Bu yolun əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş və zaman keçdikcə öz bəhrəsini vermişdir. Ötən əsrin 70-ci illərində ulu öndərin ölkəmizdə həyata keçirdiyi tədbirlər nəticəsində yetişən gənc nəsil artıq 90-cı illərdə müstəqil Azərbaycanın həyatında fəal iştirakçılara çevrildilər. Müstəqillik dövründə yetişən gənclik isə ölkəmizin gələcəyinin möhkəmlənməsində iştirak edəcəklər. Bu mənada gənc nəsil üçün yaradılan şərait, gənclərə göstərilən qayğı ölkəmizin gələcəyinə göstərilən qayğıdır”.
Ali Məclisin Sədri demişdir: “Dövlət vəsaiti hesabına tikilən yaşayış binasındakı mənzillərin ipoteka kreditindən istifadə edilməklə gənc ailələrə verilməsi ölkəmizdə gənclər siyasətinin daha bir ifadəsidir. Gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada gənclərə göstərilən qayğı onların mənzil şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda gənclərin hərtərəfli təhsil alması, hüquqlarının qorunması, işlə təmin olunması, ən əsası isə sabitlik şəraitində yaşamaları istiqamətində də ardıcıl tədbirlər görülür, ölkəmizin gələcəyinin təminatçıları olan layiqli vətəndaşlar yetişdirilir”.
Ali Məclisin Sədri gəncləri yeni mənzil sahibi olmaları münasibətilə təbrik etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 1 girişi olan bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. Binada 6-sı birotaqlı, 12-si ikiotaqlı, 12-si isə üçotaqlı olmaqla, 30 mənzil vardır. Birotaqlı mənzillərin sahəsi 36, ikiotaqlı mənzillərin sahəsi 69, üçotaqlı mənzillərin sahəsi isə 78 kvadratmetrdir. Mənzillər müasir kommunal şəraitlə təmin olunmuş, daimi su xətti və optik kabel çəkilmiş, mərkəzi antena sistemi yaradılmışdır.
Binada lift quraşdırılmış, həyətdə əyləncə və istirahət guşələri istifadəyə verilmişdir.
* * *
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 87 və 91 nömrəli yaşayış binalarında yenidənqurma işləri aparılmışdır.
Həmin gün Ali Məclisin Sədri bu binalarda aparılan işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, hər iki bina 4 mərtəbədən ibarətdir. 87 nömrəli yaşayış binasında 34, 91 nömrəli binada isə 35 mənzil vardır. Əvvəllər bu yaşayış binalarında lazımi kommunal-məişət şəraiti yox idi. Yenidənqurma işləri zamanı binaların mühəndis-kommunikasiya sistemləri yenilənmiş, qapı və pəncərələri dəyişdirilmiş, dəhlizlər təmir olunmuş, mənzillərin sahəsi genişləndirilərək sakinlərin rahatlığı təmin edilmişdir.
Hər iki binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Ali Məclisin Sədri Naxçıvan şəhərindəki mövcud ictimai yaşayış binalarında yenidənqurma işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti