Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Baş nazirin müavini Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırdı.
Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın buna çox sevindiyini dedi. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirdi. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.
AZƏRTAC