Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə Naxçıvan Muxtar Respublikasının şahmatçılarından 1-i FİDE ustası, 1-i beynəlxalq hakim, 1-i isə beynəlxalq qrossmeyster dərəcəsi almışdır.
Mayın 10-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində FİDE ustası, beynəlxalq qrossmeyster və beynəlxalq hakim dərəcələrinin diplom və döş nişanlarının təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə iştirak etmişlər.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, ölkəmizdə idmanın inkişafı diqqətdə saxlanılır, beynəlxalq dərəcəli idmançılar yetişdirilir. Zəka idman növü olan şahmatın inkişafı istiqamətində də kompleks tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikasında da şahmat infrastrukturu ardıcıl şəkildə inkişaf etdirilir, beynəlxalq yarışlar təşkil olunur. Ulu öndərin anadan olmasının ildönümləri münasibətilə keçirilən şahmat festivalları da bu mənada mühüm əhəmiyyət daşıyır. Görülən işlərin nəticəsidir ki, artıq Naxçıvanda beynəlxalq dərəcəli şahmatçılar yetişir. Azad Rəhimov Naxçıvanda şahmatın inkişafına göstərilən qayğıya görə minnətdarlıq etmişdir.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalını yüksək dəyərləndirərək demişdir ki, hər il keçirilən bu turnirə dünya şahmatçıları böyük maraq göstərir. İstər təşkilatçılıq, istərsə də iştirakçı şahmatçıların səviyyəsi festivalın əhəmiyyətini ilbəil artırır. Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur. Azərbaycan xalqının ümummilli lideri tərəfindən əsası qoyulan şahmata qayğı siyasəti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan bu il Şahmat üzrə Dünya Kubokuna və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəkdir.
Kirsan İlyumjinov muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərin və ənənəvi olaraq ulu öndərin anadan olmasının ildönümü münasibətilə keçirilən beynəlxalq şahmat festivallarının dünyada şahmatın inkişafı baxımından nümunə olduğunu bildirmiş, Naxçıvanın bundan sonra da zəka sahiblərinin əsl mübarizə meydanına çevriləcəyinə, peşəkar və yüksək reytinqli şahmatçıların yetişdiriləcəyinə əminliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının son turu keçirilir. Artıq 5-ci ildir ki, Naxçıvanda ulu öndərin anadan olmasının ildönümünə həsr olunmuş şahmat festivalları keçirilir. Şahmat birlik, dostluq və sülh oyunudur. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 12 ölkədən 350-dən artıq şahmatçı iştirak edir. Bu cür festivalların keçirilməsi dünya şahmatçıları arasında əlaqələrin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında iştirak edən şahmatçılar ölkələri ilə Azərbaycan arasında körpü yaradırlar”.
Ali Məclisin Sədri şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinova təşəkkürünü bildirmişdir.
Sonra diplom və döş nişanlarının təqdimatı olmuşdur.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Pərviz Qasımova FİDE ustası və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov Naxçıvan şahmat məktəbinin yetirməsi olan Urfan Sevdimalıyevə beynəlxalq qrossmeyster dərəcələrinin diplom və döş nişanlarını təqdim etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyevə beynəlxalq hakim dərəcəsinin diplom və döş nişanını təqdim etmişdir.
Emin Hacıyev muxtar respublikada şahmatın inkişafına göstərilən qayğıya görə naxçıvanlı şahmatçılar adından minnətdarlıq etmiş, bundan sonra da şahmatın inkişafı və təbliği sahəsində səylə çalışacaqlarını bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 9-cu turunun rəmzi gedişini etmiş, xatirə şəkli çəkdirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti