09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Naxçıvan şəhərində qeyd olunmuşdur.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri abidə önünə tər güllər düzmüşlər.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını doğma Azərbaycana və xalqına həsr edən ulu öndər bənzərsiz və müqayisəolunmaz şəxsiyyət idi. “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”, – deyən dahi liderimiz həyatını Azərbaycan naminə mübarizəyə həsr edərək xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur.

Ümummilli liderimizin fəaliyyətinin hər anı xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmətdən ibarətdir. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1982-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin qorunması və möhkəmlənməsi naminə göstərilən siyasi iradə ulu öndərin adı ilə bağlıdır. 1969-cu ildə dahi rəhbər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi Azərbaycanda kompleks inkişafa təkan verdi. Əgər 1969-cu ilədək Azərbaycan ittifaq dövlətləri arasında inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, 70-80-ci illərdə ulu öndərin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuş, aqrar sənaye kompleksinin sürətlə inkişaf etdiyi respublikaya çevrilmişdi.
Ümummilli lider 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadi potensial yaratmaqla ölkəmizin gələcək müstəqilliyinin əsasını müəyyənləşdirmişdi. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu mənada ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır.
Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkə­daxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistan ölkəmizə qarşı əsassız torpaq iddialarına başlamışdı. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrilmişdi. Ölkənin vətəndaş qarşıdurması, iqtisadiyyatın isə iflic vəziyyətində olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmətə həsr edən ümummilli liderimizin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Xalqının əsl lideri kimi vətəninə tarixi nailiyyətlər qazandıran, adını vətən tarixinin şərəf salnaməsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi. Bu dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüşün əsası qoyulmuş, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanmışdır. Bu illərdə Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, xarici ticarət əlaqələrinin genişləndirilməsi ümummilli liderin xidmətlərinin nəticəsidir.
Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər deyirdi ki, “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.
Xalqımız bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bütün bunlar ulu öndərimiz tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin, daxili və xarici siyasi xəttin təntənəsinin daha bir göstəricisidir.

Ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranmış, iqtisadiyyat dinamik inkişaf etmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmış, dahi şəxsiyyətin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” arzusu reallığa çevrilmişdir.
Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi rəhbərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bəhrələnəcəkdir.
Hər bir dövlətin inkişafı, uğurları siyasi lider amili ilə sıx bağlı olur. Heydər Əliyev-Azərbaycan, Azərbaycan-Heydər Əliyev anlayışı əbədi olaraq ölkəmizin inkişaf strategiyası kimi səslənəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Bildirilmişdir ki, muzey ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Burada nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir. Hazırda muzeyin fondunda 4552 eksponat vardır. Burada zəngin fonda malik kitabxana da fəaliyyət göstərir. Muzeyin ekspozisiyasını internet üzərindən izləmək mümkündür.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov tədbir iştirakçıları ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.
Həmin gün Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə konsert proqramı təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov konsert proqramına baxmışlar.
Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev şair Elxan Məmmədovun “O, Heydər Əliyevdir” poemasından parçaları bədii qiraət etmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, muğam üçlüyü maraqlı konsert proqramı təqdim etmiş, ulu öndərə, Azərbaycana həsr olunmuş mahnılar ifa olunmuşdur.
Sonda ümummilli lider Heydər Əliyevin öz səsi ilə hər bir azərbaycanlı üçün vətənpərvərlik şüarına çevrilmiş “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri səsləndirilmişdir.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov səhnə arxasına keçərək ifaçılarla görüşmüşdür.
Ali Məclisin Sədri uğurlu çıxışlarına görə ifaçıları və musiqi kollektivlərini təbrik edərək demişdir: “Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən bu möhtəşəm konsert proqramı, uğurlu ifalar ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinə olan ehtiramın daha bir ifadəsidir. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı mövcud vəziyyət davam etsəydi, sabitlik olmasaydı, mədəniyyətimiz də inkişaf etməz, incəsənət xadimləri öz istedadlarını nümayiş etdirə bilməzdilər. O siyasi liderlər böyük şəxsiyyətdir ki, özündən sonra da onun yolu və əməlləri xalqına, dövlətinə xeyir gətirir. Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün dahi şəxsiyyətin yolunu uğurla davam etdirir, ölkə­mizdə bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına qayğı göstərilir”.
İfaçılar yaradılan şəraitə görə minnətdarlıq etmiş, muxtar respublika mədəniyyətinin inkişafına bundan sonra da öz töhfələrini verəcəklərini bildirmişlər.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbirlər keçirilmiş, dahi şəxsiyyətin adını daşıyan mədəniyyət və istirahət parklarında konsertlər və xalq gəzintiləri təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR