Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə müharibə veteranlarına diqqət və qayğını sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Bu gün də ölkəmizdə, o cümlədən muxtar respublikada bu kateqoriyadan olan insanlara qayğı prioritet məsələdir. Vətənimizin müdafiəsi yolunda sağlamlıqlarını itirən insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzindədir.
Mayın 9-da – faşizm üzərində qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Vətən müharibəsi və Çernobıl əlillərinə, 1941-1945-ci illər müharibəsi veteranına və müharibə əlilinə bərabər tutulan şəxslərə 10 ədəd “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada müharibə veteranlarının və sağlamlıq imkanları məhdud insanların sosial rifahı təmin edilir, onların asudə vaxtlarının təşkili və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Bu ilin ötən dövründə 101 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 97 nəfərin Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilmiş, 8 nəfər müxtəlif sanatoriya və pansionatlara, əzələ-dayaq sistemi xəstəliklərindən əziyyət çəkən 10 nəfər isə Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 89 nəfərə protez-ortopedik xidmət göstərilmiş, 37 nəfər texniki bərpa vasitələri ilə təmin edilmişdir.
Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğuna da diqqət artırılmış, sağlamlıq imkanları məhdud 70 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin olunması da diqqət mərkəzində saxlanılır. Ötən il müharibə və Çernobıl əlilləri, habelə müharibə əlillərinə bərabər tutulan şəxslərə 89 ədəd minik avtomobili verilmiş, xüsusi qayğıya ehtiyacı olan 3 nəfər fərdi yaşayış evi ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Bu gün bir çox dünya ölkələrində və Azərbaycanda faşizm üzərində qələbənin 70 illiyi qeyd olunur. Həmçinin mayın 10-da xalqımız ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edəcəkdir”.
Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir ki, müharibə veteranlarına və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən qayğı ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə iqtisadi inkişaf təmin edilmiş, əhalinin rifahı yaxşılaşdırılmışdır. Azərbaycan dövləti qarşısında öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə minik avtomobillərinin təqdim olunması da həyata keçirilən uğurlu sosial siyasət nəticəsində mümkün olmuşdur. Yeni avtomobillərin təqdim olunması sağlamlıq imkanlarını itirmiş şəxslərin hərəkət imkanlarını yaxşılaşdıracaq. Bütün bunlar Azərbaycanın inkişaf göstəricisi olmaqla yanaşı, həm də ölkəmizdə mövcud olan dövlət-xalq birliyinin bəhrəsidir.
Ali Məclisin Sədri demişdir: “Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların həyatı bugünkü və gələcək nəsillər üçün nümunədir. Dövlət və xalq qarşısında göstərilən xidmət isə hər zaman öz layiqli qiymətini alır. Ona görə də hər kəs harada yaşamasından və işləməsindən asılı olmayaraq, üzərinə düşən vəzifəni dərk etməli, vətəni qarşısında layiqli xidmət göstərməlidir”.
Ali Məclisin Sədri avtomobillərlə təmin olunanları bir daha təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim etmişdir.
Avtomobillərlə təmin olunanlar demişlər ki, ölkəmizin sürətli inkişafı insanların rahat yaşayışına təminat verir, onların sosial problemləri vaxtında həll olunur. Bu gün Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli qayğı göstərilir. Müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olanlara fərdi mənzillərin və avtomobillərin verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Avtomobillərin təqdimatının faşizm üzərində qələbənin 70-ci ildönümü günündə və ulu öndərin anadan olmasının 92-ci ildönümü ərəfəsində keçirilməsinin onlara ikiqat sevinc gətirdiyini bildirən tədbir iştirakçıları göstərilən qayğıya görə minnətdarlıq etmiş, bundan sonrakı fəaliyyətlərində də ölkəmizi inkişaf və tərəqqiyə qovuşduran Heydər Əliyev siyasi xəttinə sadiq qalacaqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti