Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.
Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə veteranları təbrik etdilər, ən xoş arzularını bildirdilər və onların ürək sözlərini dinlədilər.
Veteranlar ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiram hissi ilə xatırladılar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası ilə tanış oldular.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva veteranlar ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC