Muxtar respublikada nəqliyyat idarəetmə sisteminin təkmilləşdirilməsi, avtomobillərin texniki vəziyyəti və onların təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov çıxış edərək demişdir ki, bu gün muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuş, xidmətin səviyyəsi yüksəldilmişdir. Muxtar respublikada yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət Yol Polisi İdarəsi yeni inzibati bina, çoxsaylı nəqliyyat və müasir texniki avadanlıqlarla təmin olunmuş, magistral yollarda 6 sürətölçən rəqəmsal radar sistemi quraşdırılmış, xidməti avtomobillərə kompüter və nəzarət-izləmə kamerası qoyulmuşdur. Bütün bunlar nəqliyyat vasitələrinin hərəkətinə nəzarətin günün tələbləri səviyyəsində təşkilinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Rayonlararası müayinə mərkəzlərinin yaradılması isə nəqliyyat vasitələrini texniki baxışdan keçirmə prosesini xeyli asanlaşdırmışdır. Əhməd Əhmədov yaradılan şəraitə görə muxtar respublika daxili işlər orqanlarının şəxsi heyəti adından minnətdarlıq etmiş, bundan sonra da qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlamış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar bütün sahələrdə inkişafı təmin etmiş, insanların yaşayış səviyyəsi yaxşılaşmışdır. Əhalinin rifahının yüksəlməsi müasir yaşayış evlərinin tikilməsinə, yeni avtomobillərin alınmasına şərait yaradır. Alınan hər bir avtomobilin texniki baxışdan keçirilməsi isə vacib məsələdir. Muxtar respublikada bu iş diqqət mərkəzində saxlanılır, yeni texniki xidmət sahələri yaradılır. Ötən il Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilmişdir. Bu gün isə Culfa şəhərində rayonlararası müayinə mərkəzi fəaliyyətə başlayır. Ordubad rayonunda da avtomobillərin müayinə mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Avtomobillərin sayının artması hər bir ölkənin inkişaf göstəricisidir. Lakin avtomobillərdən istifadə rahatlıqla bərabər, eyni zamanda müəyyən çətinliklər də yaradır. Bu çətinliklərin yaranmaması üçün, ilk növbədə, müasir sürücülük məktəbləri qurulub istifadəyə verilməli, avtomobillərə vaxtında texniki baxış keçirilməli və müasir yol-nəqliyyat infrastrukturu yaradılmalıdır. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da rahat yol şəbəkəsi qurulmuş, avtomobillərə vaxtında texniki baxış keçirmək üçün müayinə mərkəzləri yaradılmış, müasir maddi-texniki və tədris bazasına malik olan sürücülük məktəbləri istifadəyə verilmişdir. Bu gün muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərində ixtisaslı sürücülər hazırlanır, sürücülük peşəsi hərtərəfli öyrədilir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada yol hərəkətinin təhlükəsizliyi təmin edilmiş, qəzaların sayı azalmışdır. Avtomobil qəzalarının sayının azalması isə insanların sağlamlığının və ailələrin bütövlüyünün qorunması deməkdir. Bu mənada Culfa Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Müayinə mərkəzində Culfa və Ordubad rayonları üzrə qeydiyyatda olan 7200-ə yaxın nəqliyyat vasitəsinə texniki baxış keçiriləcəkdir”.
“Avtomobillərin vaxtında texniki baxışdan keçirilməsi, sürücülük məktəblərində tədrisin düzgün qurulması və ixtisaslı sürücülər hazırlanması, rahat yol infrastrukturunun yaradılması və yol hərəkəti qaydalarına düzgün əməl olunması qəzaların qarşısının alınmasında başlıca amildir”, – deyən Ali Məclisin Sədri Culfa Rayonlararası Müayinə Mərkəzində avtomobillərin vaxtında texniki baxışdan keçiriləcəyinə və təhlükəsizlik qaydalarına tam əməl ediləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, müayinə mərkəzinin binası 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə avtomobillərin texniki baxışa hazırlığı, texniki baxışın keçirilməsi, qeydiyyat aparılması üçün zal və xidməti otaqlar, 2-ci mərtəbədə isə iş otaqları və bufet yerləşir. Müayinə mərkəzi bu sahədə tətbiq olunan ən qabaqcıl texnologiyalarla təchiz edilmişdir. Burada 1 kompüter dəsti, 3 monitor qoyulmuş, Türkiyə, İtaliya və Koreya istehsalı olan texniki müayinə avadanlıqları quraşdırılmışdır.
Ali Məclisin Sədri nəqliyyat vasitələrinin texniki baxış və müayinə prosesini izləmişdir.
Bildirilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri, avtobuslar, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı nəqliyyat vasitələri ildə bir dəfə, kütləsi 3,5 tondan aşağı olan yük və minik avtomobilləri istehsal olunduğu tarixdən 4 il keçdikdə iki ildə bir dəfə, 10 il keçdikdə isə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır. Texniki baxış zonasında 5 duracaq vardır. Yeni avadanlıqlar minik və yük avtomobillərinin əyləc sisteminin, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğunun, sükanın idarəetmə qollarının və almacıqlarının yoxlanılmasına, işıqların tənzimlənməsinə və şinlərin protektor naxışlarının ölçülməsinə imkan verir.
Baxışdan keçən avtomobillər hər mərhələni qət etdikcə onun detallarının texniki vəziyyəti barədə məlumatlar kompüterdə əks olunur və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürülür. Texniki baxış başa çatdıqdan sonra müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim edilir. Culfa Rayonlararası Müayinə Mərkəzi il ərzində 10 min nəqliyyat vasitəsini müayinədən keçirmək imkanına malikdir.
Ali Məclisin Sədri avtomobillərə texniki baxışla yanaşı, sığorta qeydiyyatının da vaxtlı-vaxtında aparılması barədə tapşırıqlar vermişdir.
Binanın həyətinə asfalt örtük salınmış, avtomobil dayanacağı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti