09 Yanvar 2025, Cümə axşamı

Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə, eləcə də muxtar respublikada aqrar sektorda hərtərəfli inkişafa nail olunmuşdur. Dövlət başçısının kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi əkinçiliyin inkişafına mühüm töhfə vermişdir. Həmçinin meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlər, müasir hidrotexniki qurğuların istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və əkinəyararlı torpaqlardan səmərəli istifadəyə geniş imkanlar açmışdır”.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev çıxış etmişlər.

Şəhər və rayon İcra hakimiyyətlərinin başçıları, eləcə də aid mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri müzakirə olunan məsələ ilə bağlı məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq demişdir: “Bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf meyilləri qorunub saxlanılır, iqtisadi inkişaf təmin olunur, quruculuq tədbirləri aparılır. Təhsil, səhiyyə müəssisələrində ən müasir avadanlıqlar quraşdırılır, yeni infrastruktur obyektləri istifadəyə verilir. Son 20 ildə muxtar respublikada 180-dən çox təhsil, 200-ə yaxın səhiyyə müəssisəsi, 111 kənd, 3 qəsəbə və 1 şəhər mərkəzi istifadəyə verilmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təchiz olunur, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı sahəsində də tədbirlər diqqət mərkəzindədir. Muxtar respublikanın malik olduğu 550 min 275 hektar torpaq sahəsinin 164 min 269 hektarı və ya 30 faizə yaxını kənd təsərrüfatına yararlıdır. 2015-ci il 1 yanvar vəziyyətinə əkin sahələri 52 min 328 hektar təşkil edir ki, bunun da 40 min 959 hektarı və ya 78 faizi suvarılan torpaqlardır. Əkin sahələrinin 38 min 716 hektarı və ya 70 faizə yaxını xüsusi mülkiyyətdədir”.
Qeyd olunmuşdur ki, əkinəyararlı torpaq sahələrindən istifadənin təmin olunması üçün hər il müşavirələr keçirilir, aid orqanlar qarşısında konkret vəzifələr qoyulur. Torpaq mülkiyyətçilərinin marağını artırmaq məqsədilə dövlət tərəfindən müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Yeni suvarma kanalları və nasos stansiyaları istifadəyə verilir, əkin sahələrinin su ilə təminatı yaxşılaşdırılır. Bu tədbirlərin həyata keçirilməsində məqsəd muxtar respublika əhalisinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir. Lakin bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir ki, yerlərdə nöqsanlara yol verilir, göstərilən xidmətlərin səviyyəsi aşağı düşür. Əkinəyararlı torpaq sahələri tam həcmdə əkin dövriyyəsinə cəlb olunmur.
Nöqsanların aradan qaldırılması üçün Ali Məclisin Sədri aid təşkilatlara konkret tapşırıqlar vermişdir. Bildirilmişdir ki, hər bir müəssisə və təşkilatda görülən işin keyfiyyəti, ilk növbədə, nizam-intizamın səviyyəsindən asılıdır. İstər şəhər və rayon, istərsə də mərkəzi icra hakimiyyəti orqanları tabeliklərində olan yerli strukturların fəaliyyətinə nəzarəti artırmalı, əmək intizamının gücləndirilməsini, iş vaxtından səmərəli istifadə edilməsini, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməlidirlər. Dövlət müəssisə və təşkilatlarında kargüzarlıq qanunvericiliyə uyğun aparılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanları göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması, elektron müraciətlərə vaxtında cavab verilməsi və onların qeydiyyatının aparılması üçün təsirli tədbirlər həyata keçirməlidirlər.
Hər il şəhər, qəsəbə və kəndlərimizdə ən müasir informasiya texnologiyaları ilə təchiz olunmuş təhsil müəssisələri tikilib istifadəyə verilir. Bir sıra hallarda yaradılmış imkanlardan səmərəli istifadə olunmur. Təhsil Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə bütün ümumtəhsil müəssisələrindəki elektron lövhəli siniflərdə tədrisin təşkilinə diqqəti artırmalı, kompüterlərdən təyinatı üzrə istifadəyə nəzarət olmalıdır. Məktəblərin elektron dərs vəsaitləri ilə təchiz olunması üçün təsirli tədbirlər görülməlidir.
Qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyi tabeliyində olan bütün səhiyyə-sağlamlıq ocaqlarında sanitar-gigiyenik tələblərə əməl olunmasını diqqət mərkəzində saxlamalı, əmək intizamının gücləndirilməsi üçün tədbirlər görməlidir. Həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin vaxtında dərman preparatları ilə təchiz olunması, ixtisaslı kadrların seçilib yerləşdirilməsi təmin edilməli, xəstəxanalarda quraşdırılan tibbi avadanlıqların qorunması ilə yanaşı, onlardan səmərəli istifadəyə nəzarət gücləndirilməlidir. Rayon Mərkəzi xəstəxanaları qəsəbə və kəndlərdəki tibb müəssisələrinin fəaliyyəti üçün cavabdeh olmalıdır. Mədəniyyət və Turizm Nazirliyi yerli qurumlara nəzarəti artırmalıdır. İlk növbədə, mədəniyyət müəssisələrində əmək intizamı gücləndirilməli, iş və tədbirlər planlarının vaxtında tərtib edilməsinə və icrasına nəzarət artırılmalıdır. Mədəni-kütləvi tədbirlərin keçirilməsinə, əlamətdar günlərdə mədəniyyət kollektivlərinin çıxışlarının təşkilinə diqqət yetirilməli, kitabxanalarda oxucu günləri, yaradıcı ziyalılarla görüşlər keçirilməli, yaradılmış zəngin kitabxana resurslarından geniş oxucu kütləsinin istifadəsinə nail olunmalı, kənd və qəsəbələrdə əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi yüksəldilməlidir.
Elektrik enerjisi və təbii qaz təchizatında fasiləsizliyin təmin edilməsi barədə tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə nəzarət tədbirlərini gücləndirməli, vaxtaşırı reydlər keçirərək aşkar olunan nöqsanları aradan qaldırmalıdırlar. Müşavirədə digər orqanlar üçün də konkret tapşırıqlar müəyyənləşdirilmiş və qeyd olunmuşdur ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ümumtəhsil müəssisələrində internet əlaqəsinin fasiləsizliyi üçün Təhsil Nazirliyi ilə birlikdə müvafiq işlər görməlidir. Yerli icra hakimiyyəti orqanları yerlərdə məişət tullantılarının vaxtında yığışdırılmasını təşkil etməli, müəyyən olunmuş ərazilərdən kənara tullantı atılmasının qarşısı alınmalıdır. Maliyyə Nazirliyi dövlət təşkilatlarında sıradan çıxmış inventarların, səhiyyə müəssisələrində tibbi avadanlıqların, həmçinin təhsil müəssisələrindəki elektron lövhələrin təmiri və ya yenilənməsi, dərman preparatlarının tibb müəssisələrinə verilməsi üçün dövlət büdcəsindən vəsaitin vaxtında ayrılmasına və ondan təyinatı üzrə istifadə olunmasına nəzarəti daha da gücləndirməlidir.
Yerli icra hakimiyyətləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə reklam daşıyıcılarının, elan və digər informasiya xarakterli lövhələrin qanunvericiliyə uyğun yerləşdirilməsinə nəzarət etməli, bu sahədə mövcud nöqsanlar aradan qaldırılmalıdır. Yerli icra hakimiyyəti orqanları xidmət mərkəzlərinin təyinatına uyğun istifadə olunmasına bilavasitə cavabdehdirlər. Aidiyyəti qurumlar xidmət mərkəzlərinin qorunub saxlanılmasına, eyni zamanda vaxtı keçmiş məhsulların satışının qarşısının alınmasına nəzarəti gücləndirməli, Dövlət Baytarlıq Xidməti xidmət mərkəzlərindəki ət satışı yerlərinin fəaliyyətini diqqət mərkəzində saxlamalıdır. Kənd və qəsəbələrdəki gözəllik salonlarının, bərbərxanaların, dərzi sexlərinin normal fəaliyyətinin təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tədbirlər görməli, kadrların hazırlanması üçün müvafiq kursların təşkil olunmasını təmin etməli, Səhiyyə Nazirliyi ilə birlikdə təmizliyə və gigiyena qaydalarına əməl olunmasına diqqəti artırmalıdırlar.
Müşavirədə bildirilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti aparılan yerin relyefi ətraflı öyrənilməli, tikinti layihələri ciddi şəkildə təhlil olunmalı, tikinti zamanı keyfiyyətli materiallardan istifadəyə nəzarət artırılmalıdır. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün görülən işlərin operativliyi artırılmalıdır. Həmçinin aid mərkəzi və yerli icra hakimiyyəti orqanları yeni tikililərin qorunmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Mərkəzi icra hakimiyyəti orqanları yerli qurumlarının fəaliyyətinə nəzarəti daha da artırmalı, binaların, əmlakın qorunması və səmərəli istifadə olunmasını diqqətdə saxlamalı, vaxt­aşırı yerli qurumlarda olmalıdırlar.
Muxtar respublikanın bank və kredit təşkilatları kənd təsərrüfatına ayrılan kreditlərin həcmini artırmalı, əkin üçün kreditlərin verilməsində operativliyi təmin etməlidirlər. Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin üçün yararlı torpaq sahələrinin səmərəli istifadə edilməsinə diqqəti artırmalı, tərtib edilmiş əkin atlaslarına uyğun əkin aparılması üçün torpaq sahiblərini mütəmadi olaraq məlumatlandırmalı, əkilməyən torpaq sahələrini müəyyənləşdirib əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər görməlidir. İstifadəsiz qalmış torpaqların sahibləri ilə maarifləndirici söhbətlər aparılmalı, pay torpaqlarının könül­lü birləşdirilməsi əsasında birgə təsərrüfat­ların yaradılmasına dəstək göstərilməlidir. Kənd Təsərrüfatı Nazirliyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə torpaq mülkiyyətçilərinin əkin materialları, keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsi üçün zəruri tədbirlər görməli, təsərrüfatların kənd təsərrüfatı texnikası və mineral gübrələrlə təminatının yaxşılaşdırılmasına nail olmalıdırlar.
Ali Məclisin Sədri demişdir: “Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi su ehtiyatlarından səmərəli istifadə edilməsi və əkin sahələrinin su ilə təchizatının yaxşılaşdırılması üçün sudan istifadə edilməsinə dövlət nəzarətini gücləndirməli, su bölgüsünə və suvarma rejiminə ciddi əməl edilməsinə nail olmalıdırlar. Təsərrüfatlarda mütərəqqi suvarma metodlarının tətbiqi təşviq edilməli, su kanalları və arxlar vaxtında təmizlənməli, su itkisi aradan qaldırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə eroziya və şoranlaşmaya qarşı meliorativ və hidrotexniki tədbirlərin aparılmasına diqqəti artırmalıdır. Nazirlər Kabineti torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti gücləndirməlidir”.
Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR