Mayın 2-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Naxçıvanda beynəlxalq şahmat festivalının keçirilməsinin ənənə halını aldığını bildirmiş, “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının iştirakçılarını salamlayaraq demişdir: “Müdriklər gənc nəslin zehni inkişafında və formalaşmasında şahmatın imkanlarından faydalanmağın vacibliyini bildirmişlər. Bu, ondan irəli gəlir ki, şahmat bir tərəfdən gənclərin əqli inkişafına kömək edirsə, digər tərəfdən onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Azərbaycan xalqı qədimdən bu zəka oyununa böyük maraq göstərmişdir. Lakin ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilmiş, peşəkar şahmatçılar nəsli yetişdirilmiş və Azərbaycan şahmat məktəbinin əsası qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərmiş, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılmışdır.
“Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şahmat infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq səviyyəli şahmat mütəxəssislərinin hazırlanması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da mükəmməl şahmat infrastrukturu yaradılmışdır. Bu gün Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində isə şahmat məktəbləri fəaliyyət göstərir. Şahmat tədris müəssisələrinin hər biri üçün müasir binalar tikilib istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 3 mindən artıq məktəbli peşəkar formada şahmatla məşğul olur. Bundan başqa, ümumtəhsil məktəblərində şahmat fənninin dərs proqramına daxil edilməsi gənclərin bu idman növünə marağını xeyli artırmışdır. Artıq Naxçıvan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər”.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının təşkilatçılarına təşəkkürünü bildirən Ali Məclisin Sədri iştirakçılara uğurlar arzulamış və festivalı açıq elan etmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir, ölkəmizin idman nüfuzu artır. Bu gün Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qəbul edilən dövlət proqramı şahmatın kütləvi hal almasına, istedadlı şahmatçıların yetişməsinə səbəb olmuşdur. İsmayıl İsmayılov Naxçıvan Muxtar Respublikasında da idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmiş, festival iştirakçılarına uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov demişdir ki, ölkəmizdə, o cümlədən Naxçıvanda şahmatın inkişafı və kütləviliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada istər şahmat infrastrukturunun müasirləşdirilməsi, istərsə də şahmatçıların fəaliyyətinin dəstəklənməsi peşəkar şahmatçılar nəslinin yetişməsinə səbəb olmuşdur. Artıq naxçıvanlı şahmatçılar ölkəmizdə və dünyada keçirilən şahmat birinciliklərində uğurla çıxış edirlər. Faiq Həsənov muxtar respublikada şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq etmişdir.
Sonra festivalın püşkü atılmışdır.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 13 ölkədən 350-dən artıq şahmatçı iştirak edir. Festival üç yarımqrupda keçiriləcəkdir. Şəxsi əmsallarına görə “A” qrupunda 67, “B” qrupunda 116 və “C” qrupunda 176 şahmatçı 9 turda mübarizə aparacaqdır. Festivalda dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları iştirak edir. Ölkəmizi festivalda 303 şahmatçı təmsil edir ki, onlardan 80-i Naxçıvan Muxtar Respublikasından olan şahmatçılardır.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir.
Sonra Naxçıvan şəhərindəki Şahmat Mərkəzində “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı start götürmüşdür.
Naxçıvanda ulu öndərin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi xarici ölkələrin dövlət rəsmiləri və beynəlxalq idman təşkilatlarının rəhbərləri tərəfindən maraqla qarşılanır.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının keçirilməsi ilə əlaqədar təbrik etmiş, bu beynəlxalq yarışın şahmatın inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildirmişlər.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının iştirakçıları ilə görüşmüşdür.
Ali Məclisin Sədri demişdir ki, ilk dəfə 2003-cü ildə muxtar respublikada 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilmişdir. Bundan sonra muxtar respublikada şahmatın inkişafı və beynəlxalq yarışların təşkili sahəsində ardıcıl tədbirlər görülmüşdür. 5 ildir ki, Naxçıvanda ulu öndərin anadan olmasının ildönümü münasibətilə beynəlxalq şahmat festivalı keçirilir. Bu festival dünya şahmatçıları və şahmatsevərləri tərəfindən böyük maraqla qarşılanır.
Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlərdən danışan Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada şahmatın inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. İstər şahmat məktəblərində, istərsə də ümumtəhsil məktəblərində şahmatın tədrisinə xüsusi diqqət yetirilir. Festivaldan bir gün öncə Kəngərli rayonunda Uşaq-gənclər şahmat məktəbi üçün yeni bina istifadəyə verilmişdir. Şahmatın inkişafına göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublika şahmatçıları arasında 1 beynəlxalq qrossmeyster, 1 beynəlxalq hakim və 1 FİDE ustası vardır.
Ali Məclisin Sədri beynəlxalq səviyyəli şahmatçıların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat festivalında iştirak etməsini dahi rəhbərin şəxsiyyətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirmiş, onların hər birinə qələbə arzulamışdır.
Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov və beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova səmimi qəbula görə şahmat festivalının iştirakçıları adından minnətdarlıq etmiş, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərin nümunə gücündə olduğunu bildirmişlər.
Sonda Ali Məclisin Sədri şahmatçılarla xatirə şəkli çəkdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti