Mayın 1-də Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin yeni binasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin yeni binasının istifadəyə verilməsi ilə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən bütün şahmat məktəblərinin müasir binalarla təmin olunduğunu bildirərək demişdir: “Ölkəmizdə şahmatın inkişafına ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində başlanılmışdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində şahmat məktəbləri yaradılmış, şahmat fənni tədrisə əlavə edilmişdir. Təəssüf ki, ötən əsrin 90-cı illərinin məlum hadisələri bütün sahələrdə olduğu kimi, şahmat məktəblərinin fəaliyyətinə və şahmatın tədrisinə də böyük zərbələr vurmuşdur. Lakin bu gün Azərbaycanda ulu öndərin siyasi xətti uğurla davam etdirilir, digər sahələrlə yanaşı, şahmatın tədrisi və inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilən “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın uğurla icrası ölkəmizdə şahmatın inkişafına mühüm töhfə vermişdir”.
Ali Məclisin Sədri demişdir: “Şahmatın tədrisi vacib məsələdir. Ona görə ki, şahmat gənclərin əqli inkişafı ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Muxtar respublikada şahmat fənni ümumtəhsil məktəblərinin tədris proqramına daxil edilmişdir. Hazırda şahmat məktəbləri ilə bərabər, ümumtəhsil məktəblərində də həftədə 2 saat olmaqla şahmat fənni tədris olunur. Bu gün Kəngərli rayonunun ümumtəhsil məktəblərində təhsil alan 3084 şagird şahmatın tədrisinə cəlb olunub. İstifadəyə verilən Uşaq-gənclər şahmat məktəbində isə 30 qrupda 405 şagirdin təlimi ilə 18 məşqçi-müəllim məşğul olur”.
Qeyd olunmuşdur ki, həyata keçirilən tədbirlər son illər muxtar respublikada istedadlı şahmatçılar nəslinin yetişməsinə, idmanın bu növü üzrə beynəlxalq yarışların təşkilinə imkan verir. Muxtar respublikada hər il may ayında ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalları keçirilir. Bu il də ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2015” Beynəlxalq Şahmat Festivalı keçiriləcəkdir. Mayın 2-də start veriləcək festivalda 12 ölkədən 350-dən artıq şahmatçı iştirak edəcəkdir. Sevindirici haldır ki, onlardan 80-i muxtar respublikadan olan şahmatçılardır.
Ali Məclisin Sədri həyata keçirilən tədbirlərin Kəngərli rayonunda da şahmatın inkişafına təkan verəcəyini, gələcəkdə rayonda şahmat ustalarının yetişəcəyinə əminliyini bildirmiş, Uşaq-gənclər şahmat məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon şahmatçılarını və məktəbin məşqçi-müəllimlərini təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 4 mərtəbəli binada 1-i elektron lövhəli olmaqla, 10 sinif otağı, kompüter sinfi, müəllimlər və hakimlər otaqları, oyun zalı və bufet vardır. Məktəbdə müasir tədris bazası yaradılmış, sinif otaqları və oyun zalı xüsusi masalar, maqnitli şahmat lövhələri və digər tədris vasitələri ilə təchiz edilmişdir. Bu da rayondaxili müxtəlif yarış və birinciliklərin keçirilməsinə imkan verəcəkdir.
Kompüter sinfində və hakimlər otağında, ümumilikdə, 10 kompüter dəsti quraşdırılmışdır. Kompüterlərə xüsusi şahmat proqramları yüklənmiş və internetə qoşulmuşdur. Gənc şahmatçılar internet üzərindən ölkəmizdə və dünyada keçirilən yarışları birbaşa izləyəcək, şahmatın tədrisi üzrə yeni biliklər əldə edəcək, şahmat ustalarının oyun təcrübələri ilə tanış olacaqlar. Binadakı elektron lövhə də şagirdlərin şahmatın sirlərinə dərindən yiyələnmələrinə, o cümlədən rayonun ümumtəhsil məktəbləri ilə şahmat məktəbi arasında distant dərslərin təşkilinə imkan verəcəkdir.
Bina ilə tanışlıqdan sonra məktəbin məşqçi-müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, müasir şahmat məktəbinin istifadəyə verilməsi rayonda təhsilin inkişafına da öz töhfəsini verəcəkdir. Şahmatla məşğul olan şagirdlər keçirilən dərsləri, xüsusilə də dəqiq elmləri daha yaxşı mənimsəyirlər. Həmçinin şahmat şagirdlərin əqli inkişafına kömək edir ki, bu da onların gələcəkdə informasiya texnologiyalarından istifadə imkanlarının artırılmasında və peşə sahibi olmalarında vacib şərtdir. Müəllimlər bütün bu amilləri nəzərə almalı, şagirdlərin şahmata marağını artırmalı, məşqçi-müəllimlər şahmat məktəbi ilə yanaşı, həm də ümumtəhsil məktəblərində dərslər keçməli, idman növü kimi şahmat hər bir gəncin həyat tərzinə çevrilməlidir.
Müəllim Məhəddin Kazımov minnətdarlıq edərək demişdir ki, muxtar respublikada şahmatın kütləviliyinə nail olunmuşdur. Müasir şahmat məktəblərinin tikilib istifadəyə verilməsi, şahmatçılara və məşqçi-müəllimlərə hərtərəfli qayğı göstərilməsi bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Bu tədbirlərin tərkib hissəsi olaraq Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbi üçün yeni binanın istifadəyə verilməsi rayonda gənclərin idmanın bu növünə olan marağını daha da artıracaqdır.
Müasir memarlıq quruluşuna malik olan binanın ətrafı da abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti