Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcək inkişafında təhsilin rolunu xüsusi qiymətləndirmiş, gənc nəslin təhsillənməsini daim diqqət mərkəzində saxlamışdır. Ötən əsrin 70-ci illərində ulu öndər tərəfindən əsası qoyulan təhsil strategiyası bu gün də ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi əsasında inkişaf etdirilən təhsil sistemi yeni mərhələyə yüksəldilmiş, ölkəmizdə, eləcə də muxtar respublikada güclü tədris bazası yaradılmışdır. Müasir təhsil sisteminin yaradılması istiqamətində görülən işlər Kəngərli rayonunu da əhatə etmişdir.
Mayın 1-də Kəngərli Rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Ali Məclisin Sədri Kəngərli Rayon Təhsil Şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi və tədbir iştirakçılarını təbrik edərək demişdir: “Bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Hər il onlarla yeni məktəb binası tikilərək istifadəyə verilir. Yeni yaradılmasına baxmayaraq, Kəngərli rayonunda da bu istiqamətdə işlər uğurla həyata keçirilir. Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində 12 ümumtəhsil məktəbi və 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 11-i müasir binada yerləşir. Bir məktəb binasında isə yenidənqurma işləri davam etdirilir. Hazırda rayondakı ümumtəhsil məktəblərində 3084 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 357 müəllim məşğul olur. Təhsil Şöbəsinin yeni inzibati binasında yaradılan şərait rayonda təhsilin günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Ona görə də Təhsil Şöbəsinin əməkdaşları məktəblərin fəaliyyətinə gündəlik nəzarəti gücləndirməli, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün səylərini artırmalıdırlar”.
Ali Məclisin Sədri demişdir: “2013-2014-cü tədris ilində Kəngərli rayonunda orta məktəbləri bitirən 333 məzundan 102-si ali məktəblərə, 17-si orta təhsil bazasından, 8-i IX sinif bazasından orta ixtisas məktəblərinə, 26-sı isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Məzunlardan 14-ü 500-700 intervalında bal toplamışdır. Bundan başqa, rayonun ümumtəhsil məktəblərindən 2-si ötən tədris illərində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Təhsil sahəsində çalışanlar üçün yaxşı iş şəraitinin yaradılması gələcəkdə bu nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri rayonun ümumtəhsil məktəblərində tədrisin müəllim tələbkarlığı və şagird çalışqanlığı əsasında qurulacağına, təhsil sahəsində nailiyyətlərin artırılaraq muxtar respublikanın orta göstəricisinə çatdırılacağına əminliyini bildirmiş, qarşıda duran vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 4 mərtəbəli binada müasir iş otaqları və geniş iclas zalı vardır. Otaqların hər biri mebel dəstləri və avadanlıqlarla təmin olunmuşdur. Həmçinin binada qazanxana, anbar, bufet, arxiv və digər yardımçı otaqlar da yerləşir.
Binaya fiber-optik xətt çəkilmiş, kompüterlər internetə qoşulmuş və xüsusi proqramla təmin edilmişdir. Bu da rayonda təhsil məlumat bazasının yaradılmasına və elektron idarəetmə sisteminin tətbiqinə imkan verəcəkdir.
Həyətdə də abadlıq işləri görülmüş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti