09 Yanvar 2025, Cümə axşamı

Aprelin 27-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinə gətirilmiş və Alov festivalı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivala baxmışdır.
Əvvəlcə məşəl Naxçıvana səyahət pro­qramı çərçivəsində idmançıların müşayiəti ilə Duzdağ Fizioterapiya Mərkəzinə, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gətirilmişdir.

Sonra məşəl estafetinə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsindəki Koroğlu abidəsinin yanından start verilmişdir. Naxçıvanlı idmançılar məşəli “Bakı-2015” Birinci Avropa Oyunlarının ilk məşəlçisi, olimpiya çempionu Rəfiqə Şabanovadan təhvil almışlar. Estafeti 11 idmançı növbə ilə davam etdirərək Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələrindən keçdikdən sonra Heydər Əliyev prospektindəki mərkəzi meydana çatdırmışlar. Minlərlə sakin məşəl estafetini alqışlarla müşayiət etmiş, bu mötəbər tədbirin həyəcan və sevincini yaşamışdır. Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü Polad Əliyev məşəli alqış sədaları altında mərkəzi meydandakı səhnəyə qaldırmış və Alov festivalı başlanmışdır.
Əvvəlcə Atəşgah məbədində Birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Tədbirin aparıcısı qeyd etmişdir ki, bu il iyunun 12-dən 28-dək paytaxt Bakı şəhərində ilk Avropa Oyunları keçiriləcəkdir. Bununla əlaqədar olaraq ölkəmizdə Avropa oyunlarının əsas simvolu və carçısı olan məşəl estafeti keçirilir. Aprelin 26-da Bakı şəhərindəki Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən alovlandırılan məşəl 47 gün ərzində 5500 kilometr məsafə qət edərək Azərbaycanın 60 rayon və şəhərində oyunların ruh və həyəcanını yaşadacaq, ölkəmizin təbii gözəlliyini və mədəniyyətini dünyaya nümayiş etdirəcəkdir.

Festivalda Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Naxçıvan Muxtar Respublikasında da idman qayğı ilə əhatə olunub. Olimpiya-idman kompleksləri, üzgüçülük, şahmat, stend və sportinq atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəbləri yaradılıb. Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaqdır. Oyunların Azərbaycanda keçirilməsinin Naxçıvanda da sevinclə qarşılandığını bildirən Azad Cabbarov festivalın təşkilatçılarına minnətdarlıq etmiş, idmançılara Avropa Oyunlarında uğurlar arzulamışdır.
Sonra “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi çırağı Naxçıvan şəhərinə hədiyyə edilmişdir. Bu çıraq iyunun 28-dək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində yanılı saxlanılacaqdır.
Naxçıvan Dövlət Filarmoniyasının və Şərur Xalq Yallı Ansamblının çıxışları alqışlarla qarşılanmış, festival möhtəşəm “Alov şousu” ilə yekunlaşmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR