Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Çanaqqala savaşlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra yaylım atəşləri açıldı, Türkiyə Respublikasının Dövlət Himninin sədaları altında türk bayrağı səmada dalğalandı.
Çanaqqala savaşlarında həlak olanların ruhuna “Qurani-Kərim”dən ayə oxundu.
İttifaq dövlətləri adından Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz çıxış etdi.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı oldu.
Dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni imzaladılar.
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.
AZƏRTAC