Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paç və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədə əlaqələrin əsasının ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrlərdə qoyulduğunu bildirmişdir. Ötən dövrdə hərbi sahədə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Ali Məclisin Sədri qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd etmişdir.
Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini diqqətə çatdırmış, xüsusilə hərbi tibbi xidmətin təşkili sahəsində bundan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paç Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir. Ömər Paç Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirmiş, Naxçıvan səfərinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etmişdir.
Söhbət zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi tibbi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti