Şahbuz rayonunun Gömür kəndində yeni sosial obyektlər inşa olunmuşdur
Muxtar respublikanın sosial-iqtisadi inkişafı hər bir yaşayış məntəqəsini əhatə edib. Bu gün ucqar və sərhəd kəndlərində genişmiqyaslı quruculuq tədbirləri görülür, müasir infrastruktur yaradılır.
Şahbuz rayonunun Gömür kəndində də yeni sosial obyektlər inşa olunmuş, geniş abadlıq işləri görülmüşdür. Artıq bu sərhəd kəndi füsunkar təbiət mənzərələri ilə yanaşı, həm də müasir sosial infrastrukturu ilə diqqəti cəlb edir.
Gömür Kənd Mərkəzinin açılışı olmuşdur
Aprelin 22-də Gömürdə yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mənsur Orucov çıxış edərək demişdir ki, bu gün Şahbuz rayonu özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda aparılan kompleks quruculuq işləri ucqar Gömür kəndində də uğurla həyata keçirilmiş, insanların sosial problemləri həll edilmişdir. Həmçinin xidmət sahələrində çalışan işçilər üçün nümunəvi iş şəraiti yaradılmışdır. Kənddə ailələr üçün fərdi evlər tikilmiş, əhalinin məşğulluğunun əsasını təşkil edən təsərrüfat sahələri genişləndirilmişdir. Sakinlər insan amilinə xidmət edən bu işləri böyük rəğbətlə qarşılayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kəndində həyata keçirilmiş quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: “Gömür kəndində həyata keçirilən quruculuq tədbirləri ölkəmizdə kəndlərin inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən bu ucqar dağ və sərhəd kəndində yaradılan şərait insanların məskunlaşmasına, onların rahat yaşayışına, kəndlərin kompleks inkişafına, bir sözlə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir.
Gömür kənd sakinləri üçün rahat yaşayış şəraiti yaradılmışdır. Kənd tamamilə qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin edilmiş, müasir rabitə sistemi qurulmuş, poçt şöbəsi fəaliyyətə başlamışdır. Həmçinin kəndə fiber-optik kabel xəttinin çəkilməsi sürətli internetə çıxış imkanları yaratmışdır. Müasir tələblər səviyyəsində qurulan məktəb binası isə şagirdlərin yaxşı təhsil almasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Gömür kəndində yaradılan müasir infrastruktur, əhalinin rahatlığının təmin olunması istiqamətində görülən tədbirlər ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Hazırda 580 nəfərə yaxın əhalinin yaşadığı bu kənddə 157 nəfər dövlətdən əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alır, əməkhaqqına əlavə 30 faiz ödənilir. Kəndin təbii şəraiti kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə heyvandarlığın, arıçılığın və meyvəçiliyin inkişafı üçün əlverişlidir. Bu sahələrin inkişafı dövlət tərəfindən də dəstəklənilir, güzəştli kreditlər verilir, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı təşkil olunur. 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Ona görə də sakinlər yaradılan şəraitdən və göstərilən qayğıdan səmərəli istifadə etməli, kənd təsərrüfatının inkişafına öz töhfələrini verməlidirlər. Həmçinin qurulanlar qorunmalı, Gömür kəndi daha da inkişaf etdirilməli, insanlar burada rahat və firavan yaşamalıdırlar”.
Ali Məclisin Sədri Gömürün bundan sonra da sərhəd kəndi kimi möhkəmlənməsi, burada insanların məskunlaşması və rahat yaşayışı sahəsində lazımi tədbirlərin həyata keçiriləcəyini bildirmiş, bu işdə kəndin zəhmətkeş insanlarının da iştirakının vacibliyini vurğulamış, yeni sosial obyektlərdə əhaliyə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə etmişdir.
Açılışı bildirən lent kəsilmiş və mərkəzə baxış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, mədəniyyət evi və 60 yerlik iclas zalı vardır. Kənd mərkəzində yaradılan müasir iş şəraiti inzibati idarəetmə sisteminin daha təkmil təşkilinə və sakinlərin sosial problemlərinin vaxtında həllinə imkan verəcəkdir.
Rabitə evində yeni ATS quraşdırılmış, poçt xidməti təşkil olunmuşdur. Binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və Yeni Azərbaycan Partiyası Gömür kənd ərazi ilk təşkilatı üçün də müasir iş otaqları ayrılmışdır. Hazırda bu kənddə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 82 üzvü vardır.
Əlverişli təbii şəraiti, geniş otlaq sahələri Gömürdə heyvandarlığın inkişafına səbəb olmuşdur. Kənd əhalisinin əksəriyyəti heyvandarlıqla məşğul olur. Ona görə də baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılmışdır. Bildirilmişdir ki, baytarlar vaxtaşırı yerlərdə olur, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görürlər. Baytarlıq xidmətinin düzgün təşkili kənddə heyvandarlığın inkişafına və keyfiyyətli məhsul istehsalına öz töhfəsini verəcəkdir.
Aparılan quruculuq tədbirləri zamanı kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd mərkəzində 5 mindən artıq fondu olan kitabxana və mədəniyyət evi istifadəyə verilmişdir. Buradakı iclas zalında müxtəlif tədbirlər keçiriləcəkdir.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılmışdır. Burada ən müasir tibb avadanlıqları quraşdırılmış və məntəqə lazımi dərman preparatları ilə təmin edilmişdir.
Ali Məclisin Sədri kənddə tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Gömür kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılmışdır
Ötən ildən başlayaraq Gömür kənd tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılmışdır.
Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kənd tam orta məktəbinə gəlmiş, məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan məktəb binası 110 yerlikdir. Burada 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter, şahmat otağı, kitabxana, hərbi kabinə, idman zalı və açıq idman qurğuları vardır. Məktəbin kitabxanasında 2266 kitab vardır. Ayrı-ayrı fənlərə aid dərsliklər, ensiklopediyalar, bədii ədəbiyyatlar məktəbdə kitabxana işinin günün tələbləri səviyyəsində təşkilinə imkan verir.
Yeni texnologiyaların tədris sisteminə tətbiqi müasir dövrün tələbinə çevrilmişdir. Gömür kənd tam orta məktəbində də kompüter sinfi yaradılmış və kompüterlər internetə qoşulmuşdur.
Elektron lövhəli sinifdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərindəki ev-muzeyi arasında əlaqə yaradılmış, şagirdlər muzeylə virtual tanış olmuşlar.
Sonra Ali Məclisin Sədri şahmat otağına baxmış, şagirdlərin bu idman növünə cəlbinin əhəmiyyətini vurğulamış, məktəbdaxili şahmat yarışlarının keçirilməsi barədə tapşırıqlar vermişdir.
Məktəbin laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla təchiz edilmişdir. Şagirdlər keçirilən təcrübələrdə iştirak etməklə fizika, biologiya və kimya fənləri üzrə biliklərini daha da möhkəmləndirəcəklər.
Vətənpərvərlik tərbiyəsi gənclərin əsl vətəndaş kimi formalaşması üçün olduqca vacibdir. Məktəbdə müasir əyani vasitələrlə təchiz olunan hərbi kabinənin yaradılması bu sahəyə ayrılan diqqətin əyani ifadəsidir. Həmçinin Gömür kənd tam orta məktəbində geniş idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir.
Ali Məclisin Sədri sağlam gənc nəslin formalaşmasında bədən tərbiyəsi və idmanın rolunu qeyd etmiş, məktəbdə fiziki tərbiyə dərslərinin tədrisinə diqqəti artırmağı tapşırmışdır.
Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüşdür.
Söhbət zamanı Ali Məclisin Sədri demişdir ki, bu gün sərhəd yaşayış məntəqəsi olan Gömür kənd məktəbində müasir tədris şəraiti yaradılmışdır. Kənd məktəbi ilə şəhər məktəbləri arasında heç bir fərq yoxdur. Bu da ölkəmizdə kəndlərin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Gömür kənd tam orta məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığının olması ötən tədris ilində ali məktəblərə qəbulda yüksək nəticələrin qazanılmasına imkan vermişdir. Mövcud şərait gələcəkdə məktəbi bitirən gənclərin yaxşı ali təhsil almasına da imkan verəcəkdir. Hər bir gəncin gələcək həyat yolu məktəbdən başlayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır”. Ona görə də məktəbdə tədris günün tələbləri səviyyəsində qurulmalı, təhsilli gənclər yetişdirilməlidir.
Məktəbin müəllimi Zahid Aslanov minnətdarlıq edərək demişdir ki, bu gün ən ucqar dağ kəndində belə müasir tədris şəraitinin yaradılması muxtar respublikada təhsil sahəsinin inkişafına göstərilən qayğının aydın təzahürüdür. Gömür kənd tam orta məktəbində elektron tədris imkanı yaradılmış, müasir kitabxana, geniş sinif otaqları və laboratoriyalar kollektivin istifadəsinə verilmişdir. Bütün bunlar bilikli və vətənpərvər gəncliyin yetişdirilməsinə, sağlam gələcəyin təmin olunmasına xidmət edir. Bu işdə müəllimlərin də üzərinə böyük vəzifələr düşür. Buna görə də pedaqoji kollektiv səylə çalışacaq, nailiyyətləri daha da artıracaqdır.
Kənddə yeni xidmət mərkəzi tikilmişdir
Muxtar respublikanın kəndlərində sakinlərin rahat yaşayışı üçün müasir sosial obyektlər tikilib istifadəyə verilir. Yeni yaradılan xidmət mərkəzləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Həmin gün Gömürdə də yeni xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını etmiş, xidmətin təşkili ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir.
Xidmət mərkəzinin istifadəyə verilməsi sakinlərin öz işlərinə daha çox vaxt ayırmasına şərait yaradır. Çünki artıq bu mərkəz sayəsində əhalinin zəruri ehtiyaclarını ödəməsi məqsədilə rayon və şəhər mərkəzinə üz tutmasına ehtiyac yoxdur. Sakinlər bütün növ məişət ehtiyaclarını öz kəndlərində ödəyə biləcəklər. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.
Ali Məclisin Sədri demişdir ki, vaxtilə kənddə sakinlər üçün yeni yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bu gün isə kənd kompleks abadlaşdırılmışdır. Kəndin rahat yolu, müasir məktəbi, dövlət qurumları üçün yeni sosial obyektləri vardır. Görülən işlər kənddə əhalinin rahat yaşayışına hesablanmışdır. Gözəl təbii şəraiti kənddə turizmin inkişafına da geniş imkanlar açır. Hər bir sakin bu imkanlardan səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməli, bol məhsul istehsal olunmalıdır.
Kənd ağsaqqalı Saleh Səfərov demişdir ki, bu gün ulu öndərin siyasi xəttinin davam etdirilməsi ölkəmizin hər bir bölgəsini tərəqqiyə qovuşdurmuşdur. Azərbaycan günü-gündən inkişaf edir, əhalinin həyat səviyyəsi yüksəlir. Kəndlərdə şəhər rahatlığı yaradılır. Gömür kəndinin müasir inkişafı da bunun ən yaxşı nümunəsidir. Bütün bunlar sakinləri hədsiz sevindirir, daha əzmlə çalışmağa ruhlandırır. Saleh Səfərov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmişdir.
* * *
Kənddə geniş abadlıq işləri aparılmış, kənddaxili 1400 metr yola asfalt örtük salınmış, yolboyu 482 metr uzunluğunda beton kanal çəkilmiş, 16 su keçidi qoyulmuşdur. Ağbulaq kəndindən Gömür kəndinədək 3600 metrlik, eləcə də kənddaxili 200 metrlik fiber-optik kabel, 1500 metrlik rabitə və 1400 metrlik elektrik xətləri çəkilmişdir. Həmçinin 200 metr məsafədə qaz xətti, 1600 metr uzunluğunda içməli su xətti çəkilmiş, 2250 metrlik damcılı suvarma sistemi qurulmuşdur.
Sərhəd kəndləri etibarlı müdafiə olunur
Muxtar respublikada aparılan ordu quruculuğu siyasəti ən ucqar mövqedə yerləşən hərbi birləşmələrdə xidmətin nümunəvi təşkil olunmasına imkan verir. Xalq-ordu birliyindən ruhlanan, dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən hərbi qulluqçular torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır, sərhəd yaşayış məntəqələrində yerləşən hərbi birləşmələrdə xidmət nümunəvi təşkil olunur.
Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kəndindəki hərbi hissəyə gəlmişdir.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır.
Sonra şəxsi heyət qarşısında çıxış edən Ali Məclisin Sədri demişdir: “Bu gün Azərbaycan sərhədləri etibarlı müdafiə olunur. Əsgərlərimizin şücaəti sərhədlərdə sabitliyin qorunmasına, torpaqlarımızın etibarlı müdafiəsinə təminat verir. Çətin dağlıq şəraitdə yerləşməsinə baxmayaraq, burada da sərhədlərimizin qorunmasında və xidmətin təşkilində hərbi nizamnamənin tələbləri pozulmur”.
Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə şəxsi heyətə təşəkkür etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikanın bütün bölgələrində xidmət edən əsgərlər üçün lazımi məişət və xidmət şəraiti yaradılmış, hərbi birləşmələr müasir silah-sursatlarla təmin olunmuşdur. Bu bölmənin şəxsi heyəti də Azərbaycan torpaqlarının bir hissəsini müdafiə edirlər. Əgər hər bir əsgər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərsə, sərhədlərimiz etibarlı qorunar, sabitlik təmin olunar. Hərbi xidmətin nümunəvi təşkili, torpaqlarımızın etibarlı müdafiəsi Azərbaycanda həyata keçirilən quruculuq işlərinə təminat verir. Bu gün Gömür kəndində quruculuq tədbirləri həyata keçirilmiş, insanların rahat yaşayışı təmin olunmuşdur. Sərhəd kənd yaşayış məntəqələrində bu işlərin həyata keçirilməsi hərbi hissələrdə xidmətin nümunəvi təşkili və ərazinin etibarlı müdafiəsi nəticəsində mümkün olmuşdur.
Ali Məclisin Sədri şəxsi heyətə xidməti vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışdır.
Əsgər Ülvi Hadıyev şəxsi heyət adından minnətdarlıq edərək demişdir ki, ölkəmizdə ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan əsgəri hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Hərbi hissələrdə xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılmış, şəxsi heyətin döyüş hazırlığı xeyli artırılmışdır. Əsgərlər torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıblar. Bu görüşlər də şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradır. Azərbaycan əsgəri bundan sonra da sərhədlərimizi etibarlı qoruyacaq, Vətənə ləyaqətlə xidmət edəcəkdir.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim etmiş, əsgər yataqxanasına baxmış, şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, əsaslı şəkildə yenidən qurulan əsgər yataqxanası daimi istiliklə təchiz olunmuş, şəxsi heyət təmiz geyim və yataq dəstləri ilə təmin edilmişdir. Hərbi hissənin anbarında da tələbata uyğun ərzaq və yanacaq ehtiyatı yaradılmışdır. Burada təlimlərin keçirilməsi, əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də lazımi şərait vardır.
Gətirilmiş ərzaq hərbi hissənin anbarına təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti