Dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilmiş, Elektron kitabxananın təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov muxtar respublikamızda kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsi, kitabxana xidmətinin müasir səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları kitabxananın foyesində Məmməd Səid Ordubadi haqqında müxtəlif dövrlərdə yazılmış kitablar, rəsmi sənədlər, ədibin fotoşəkilləri və əsərləri, kitabxananın tarixi inkişaf yolunu əks etdirən sənəd, kitab və mətbuat nümunələrindən ibarət “Məmməd Səid Ordubadi – 140” və “Naxçıvan Muxtar Respublika Kitabxanası – 90” sərgilərinə baxmışlar.
Ali Məclisin Sədri kitabxananın ayrı-ayrı şöbələrində xidmətin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, muxtar respublikamızda yeganə elmi-metodik mərkəz olan bu kitabxanada 4 bölmə və 10 şöbə fəaliyyət göstərir. Kitabxananın fondunda 140 min 443 nüsxə kitab vardır. Həmçinin fondda qəzet, jurnal, avtoreferat və audio-vizual materiallar toplanmışdır.
Həyata keçirilən tədbirlər, göstərilən dövlət qayğısı kitabxana xidməti səviyyəsinin daha da yüksəlməsinə səbəb olmuşdur. Qeyd olunmuşdur ki, birinci dərəcəli dövlət əhəmiyyətli universal elmi kitabxana statusuna malik olan bu mədəniyyət ocağında elektron kitabxana sisteminin yaradılması və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan yaradacaqdır.
Elektron oxu zalında Ali Məclisin Sədrinə Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yeni yaradılan Elektron kitabxana barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında Elektron kitabxananın yaradılması da öz əksini tapmışdır. Elektron kitabxana informasiya resurslarının sürətli və keyfiyyətli fəaliyyətinin təmin edilməsində, oxucuların informasiya tələbatının daha yüksək səviyyədə ödənilməsində mühüm əhəmiyyət daşıyır. Kitabxananın 90 illik yubiley tədbirləri çərçivəsində bu istiqamətdə mühüm işlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yeni Elektron kitabxana yaradılmış, elektron kataloq sistemi və internet saytı fəaliyyətə başlamışdır. Bu günə qədər kitabxanada müxtəlif mövzulu 438 kitabın və “Şərq qapısı” qəzetinin elektron kataloqu hazırlanmış, kitablar elektron formada şəbəkədə yerləşdirilmişdir. Bundan başqa, kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulmuşdur. Surətköçürmə aparatı köhnə kitabların bərpasına imkan verir. Elektron oxu zalında 12 kompyuter quraşdırılmışdır.
Kitabxanaya müraciət edən hər bir oxucu bir dəqiqə ərzində elektron formada qeydiyyatdan keçir və üzvlük vəsiqəsinə sahib olur. Bundan sonra abunəçi ona verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilər. Sistem oxuculara kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanı yaradır. Bu da oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulması, istifadəçilərə keyfiyyətli xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda kitabxanada 788 istifadəçi elektron formada qeydiyyatdadır.
Sonra kitabxananın 90 illik yubileyi ilə əlaqədar olaraq hazırlanan kitabxananın “www.e-kitab.nakhchivan.az” internet saytının təqdimatı olmuşdur. Bildirilmişdir ki, 3 dildə hazırlanan yeni internet saytı dünyadakı istənilən kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcəkdir. Saytın “Kitabxana”, “Elektron kitab”, “Media”, “Bizimlə əlaqə” bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, kitab sifariş vermək və kataloqda axtarmaq, dövri mətbuatla tanış olmaq imkanı vardır. “Faydalı linklər” bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür. İnternet saytında kitabxanadakı kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları yerləşdirilmiş, audio-kitablardan istifadə təmin edilmişdir.
Elektron kitabxana sisteminin istifadəyə verilməsi milli-mədəni irsimiz olan kitabların qorunaraq gələcək nəsillərə çatdırılmasına, kitabxana xidmətinin forma və məzmunca yeniləşməsinə səbəb olmuşdur. Eyni zamanda yeni yaradılan elektron kataloq sistemi və internet saytı vasitəsilə kitabxana fondunun qeydiyyatını aparmaq, oxucuların statistikasını və maraq dairəsini müəyyən etmək, ədəbiyyat fondunu oxucu sorğusuna uyğun komplektləşdirmək və yeniləşdirmək mümkündür.
Elektron kitabxana ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublika Kitabxanasının oxu zalında Məmməd Səid Ordubadinin 140 və Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileylərinə həsr olunmuş tədbir keçirilmişdir.
Yubiley tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvan torpağı müxtəlif dövrlərdə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının, eləcə də ictimai fikrin inkişafına mühüm təsir göstərmiş qüdrətli sənətkarlar yetişdirmişdir. Onlardan biri də Məmməd Səid Ordubadidir. Məmməd Səid Ordubadinin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il aprelin 10-da böyük ədibin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Ordubadi yaradıcılığına verilən layiqli qiymətin ifadəsi olan həmin Sərəncamda qeyd edilir ki, “çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettolarının müəllifi olan sənətkar dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır”.
“Dövrünün ictimai-siyasi hadisələri ilə bağlı mövzular Ordubadi yaradıcılığına təsadüfən gəlməmişdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Ordubadinin bütün həyatı ziddiyyətli ictimai və siyasi proseslərin, gərgin hadisələrin içində keçmişdir. 140 il bundan əvvəl, 1872-ci ilin martında Ordubadda anadan olan Məmməd Səid 4 sinifli şəhər məktəbini bitirdikdən sonra təhsilini davam etdirməyə imkanı olmadığından biliyini şəxsi mütaliə yolu ilə artırmış, eyni zamanda 14 yaşından fabrik və zavodlarda işləyərək ailəsini dolandırmışdır. Gənclik yaşından əməyə alışması, çalışqanlığı onun yaradıcılığına da təsir göstərmiş, məhsuldar qələmi sayəsində xalqına real xidmətin nümunəsini yaratmış, dövrünün ustad ədibi və ictimai xadimi səviyyəsinə yüksəlmişdir. 50 illik yaradıcılığı dövründə irili-xırdalı 6 mindən çox əsər yaradan Məmməd Səid Ordubadini məhz bu nadir keyfiyyətinə görə “zəhmətkeş yazıçı” adlandıran görkəmli filoloq-alim Abbas Zamanov yazırdı ki, “Ordubadinin ədəbi irsi ilə tanış olduqca adam heyrətdən özünü saxlaya bilmir. İnsan nə qədər yaradarmış, biliyi, mütaliəsi nə qədər dərin, nə qədər geniş olarmış”.
Ali Məclisin Sədri demişdir: “Bu gün Məmməd Səid Ordubadi deyərkən gözlərimiz önündə ədəbiyyatın, demək olar ki, bütün janrlarında qələmini eyni dərəcədə peşəkarlıqla işlətməyi bacaran böyük istedad sahibi və qüdrətli ədib dayanır. Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, ilk dəfə olaraq Bakı və Təbriz inqilablarına həsr olunmuş epopeyaların, tarixi pyeslərin müəllifi, vətənpərvər şair, 25 ilə yaxın bir müddətdə “Molla Nəsrəddin” ədəbi məktəbinə məxsus ənənəni davam etdirən satira ustası, tərcüməçi, publisist, bu gün də aktuallığını itirməyən çoxsaylı ədəbi-tənqidi məqalələr müəllifi, roman janrının nəzəri estetik prinsiplərini Azərbaycan ədəbiyyatşünaslığına gətirən tədqiqatçı və ustad yazıçıdır. Yaradıcılığa şeirlə başlayan Məmməd Səid Ordubadi əlinə qələm aldığı ilk gündən özünün də dediyi kimi, “vətənçi” mövqedə dayanmış, xalqı qəflətdən oyatmaq üçün mühitə maarif işığı salmağa çalışmışdır. Böyük ədibin 1906-cı və 1907-ci ildə Tiflisdə ilk yaradıcılıq məhsulu olan 2 şeir kitabı çap olunmuşdu. Onlardan birincisi “Qəflət”, ikincisi isə “Vətən və hürriyyət” adlanırdı. Bir-birinin ardınca nəşr olunan kitabların adları belə, Ordubadi yaradıcılığının məqsəd və məramını aydınlaşdırmaq üçün kifayət qədər əsas verir. Məqsəd nə idi? Məqsəd, birinci növbədə, xalqın düçar olduğu qəflətə, nadanlığa, xurafata, geridə qalmışlığa qarşı mübarizə idi ki, onun da yolunu “Molla Nəsrəddin” məktəbinin davamçısı kimi böyük ədib maarifçilikdə görürdü. Şübhəsiz ki, özünü “vətənçi” adlandıran yazıçı Vətənin azadlığı üçün, sadəcə, maarifçiliklə kifayətlənə bilməzdi. O, Vətənin hürriyyəti üçün istər-istəməz inqilabi ideyanın da üzərinə gəlib çıxırdı. Lakin bununla belə, real həyatda ictimai xadim kimi marksist-leninçi platformanın sadiq əsgəri olan Ordubadi, bədii yaradıcılıqda vətənçilik və Azərbaycançılıq platformasının məğlubedilməz sərkərdəsi, bu məfkurəyə axıradək sadiq qalan qüdrətli sənətkardır”.
“Ordubadinin tarixi əsərlərinə diqqət yetirsək, aydın görmək mümkündür ki, onlar keçmiş tarixə yox, müasir həyatın problemlərinə istiqamətlənmişdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Ordubadi nəhəng yaradıcılıq qüdrəti ilə bir yandan Azərbaycan xalqının böyük tarixi keçmişə, zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərirdisə, ikinci tərəfdən, öz kökünü bu tarixi keçmişdən götürən xalqın nə üçün müstəqil olmadığını düşünür, bədii əsərlərinin qəhrəmanı olan tarixi şəxsiyyətlərin dili ilə geniş oxucu kütləsinə “vətənçilik dərsi” keçirdi. Ötən əsrin 30-cu illərində Stalin repressiyasının şiddətləndiyi bir dövrdə qələmə alınmış “Qılınc və qələm” əsərinin qəhrəmanı Fəxrəddin şah deyirdi ki: “Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıqsevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələri məhv etməkdə məşhur olmuşlar... Azərbaycan xalqı öz mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim etməmiş, yenə də etməyəcəkdir”. Ötən əsrin əvvəllərində guya ki, Azərbaycan tarixinə dair tədqiqatlar aparan, əslində isə Azərbaycan xalqını parçalamaq istəyən bəzi tarixçilərə qarşı Məmməd Səid Ordubadi “Qılınc və qələm” əsərinin qəhrəmanı Qızıl Arslanın dili ilə cavab verərək deyirdi ki: “Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə qarşı amansız mübarizə aparılmalıdır. Buna görə də Azərbaycan xalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onları qəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftar etmək lazımdır”. Böyük Ordubadinin ötən əsrin 30-40-cı illərində hökm sürən özbaşınalığa, bütün vəzifələrin qeyri-azərbaycanlıların əlində cəmləşməsinə cavabını da on ikinci əsrin tarixi şəxsiyyəti Qızıl Arslanın dilindən eşidirik: “Mən müstəqil Azərbaycan hökuməti təşkil etmək təklifini meydana sürməklə özümü haqlı hesab edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Burada hökuməti idarə edəcək kişilər az deyil”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, Məmməd Səid Ordubadi tarixi roman və pyeslərini Azərbaycan tarixinə dair sistemli elmi baxışların kifayət qədər işlənmədiyi, həqiqətdə isə Azərbaycan tarixinin təhrif olunduğu bir dövrdə yazmışdır. Tarixi ona yamaq kimi vurulmuş təhriflərdən təmizləmək üçün böyük ədib özü tədqiqatlar aparır, arxivlərdə işləyir, qələmə aldığı dövrü mükəmməl öyrənməyə çalışırdı. Tariximizin müəyyən məqsədlər üçün təhrif olunduğundan ciddi narahatçılıq keçirən Məmməd Səid Ordubadi etiraf edirdi ki: “Bizim nöqsanlarımızın böyüyü orasındadır ki, indiyə qədər sistem üzərində bir tarix yazılmamışdır. Tariximiz bəzən Herodot və Strabonların buraxdığı irslər, bəzən də səyyahların xatirat dəftərlərinə əsasən yazılmışdır”.
Ali Məclisin Sədri bildirmişdir ki, Ordubadi Azərbaycan tarixi mövzusunda əsərlər yazarkən bir yandan xalqın öz tarixinə hörmət ruhunda tərbiyə olunması və bundan nəticə çıxarılması, ibrət götürülməsi məqsədini güdürdüsə, digər tərəfdən tarixin doğru-düzgün yazılması, təhrif olunmaması üçün çalışırdı. Bu mənada Ordubadinin 1911-ci ildə qələmə aldığı “Qanlı sənələr” kitabını Azərbaycan ədəbiyyatına və tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirmək mümkündür. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qətllər barədə 245 məktub və 4 mindən artıq yazılı məlumat əsasında hazırlanan bu kitabda qanlı hadisələrin bütün təfərrüatlarını ilk dəfə təhlilə cəlb edən Məmməd Səid Ordubadi bu qırğınların 4 səbəbdən baş verdiyini göstərirdi. Böyük ədibə görə onlardan birincisi, milli ədavət toxumu səpən erməni daşnaksütyun komitəsinin mövcudluğu, ikincisi, çar Rusiyasının azərbaycanlıların soyqırımına etinasız münasibəti, üçüncüsü, azərbaycanlıların təşkilatlanmaması və silahsız olmasıdırsa, dördüncü səbəb daşnak partiyasının böyük bir ərazidə erməni səltənəti yaratmaq iddiası idi. Bu iddianı həyata keçirmək üçün ermənilərin Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Mehridə və İrəvanda azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri amansız qırğın faktlarını qələmə alması Ordubadinin vətəndaş-yazıçı mövqeyindən irəli gəlirdi. Bu mənada “Qanlı sənələr” əsəri təkcə keçmişə yox, həm də bu günə ünvanlanmış sənədli-ədəbi-publisistik əsər kimi mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin Sədri demişdir: “Məmməd Səid Ordubadi yaradıcılığını təhlil edərkən aydın görmək mümkündür ki, o, tarixi roman və sənədli əsərlərini təkcə tarixdə yol verilmiş boşluqları doldurmaq xatirinə yaratmamışdır. Bununla yanaşı, o eyni zamanda oxucusuna, bütövlükdə isə mənsub olduğu xalqa buraxılmış səhvlərin aradan qaldırılmasını, onların təkrar olunmamasını da təlqin edirdi. Tarixi keçmişi öyrənməyi vətənpərvərlik və milli iftixar hissinin təzahürü hesab edən ədib, bununla da, azərbaycanlı olmağın nümunəsini göstərmişdir. Bütün bunlar deməyə əsas verir ki, Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir. Məhz buna görədir ki, bu gün böyük ədibin xatirəsi əziz tutulur. Onun adı öz Vətənində əbədiləşdirilmiş, doğulduğu Ordubad şəhərində ev-muzeyi yaradılmışdır. Mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublika Kitabxanasına Məmməd Səid Ordubadinin adı verilmiş və abidəsi ucaldılmışdır”.
Ali Məclisin Sədri böyük ədib və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubiley tədbirləri ilə eyni vaxtda onun adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının da 90 illik yubileyinin qeyd olunduğunu bildirmiş, kitabxananın kollektivinə uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova kitabxananın keçdiyi tarixi inkişaf yolundan, göstərilən dövlət qayğısından danışmış, yaradılan nümunəvi şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov Məmməd Səid Ordubadinin həyatı və çoxcəhətli yaradıcılığından ətraflı bəhs etmiş, onun əsərlərinin müasir dövr və gələcək nəsillər üçün də mühüm aktuallıq kəsb etdiyini bildirmişlər.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri Məmməd Səid Ordubadinin şeirlərini bədii qiraət etmişlər.
Tədbirdən sonra Məmməd Səid Ordubadi irsinin tədqiqatçısı, professor Yavuz Axundlu ilə görüşən Ali Məclisin Sədri alimin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti