Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşmüşdür.
Ali Məclisin Sədri muxtar respublika haqqında qonağa ətraflı məlumat vermiş, Naxçıvanda elm, təhsil, sənaye və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışmış, ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırmışdır.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu vurğulamış, Daniel Kristian Çiobanunun səfərinin bu baxımdan səmərəli olacağına əminliyini bildirmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Daniel Kristian Çiobanu Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Rumıniya-Azərbaycan əlaqələrindən danışan qonaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qarşılıqlı əməkdaşlıq üçün real imkanlar açdığını bildirmiş, bu sahədə səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti