Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Babək rayonunun Xal-xal kəndi ərazisində yeni Günəş elektrik stansiyası quraşdırılır.
Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günəş elektrik stansiyasının yerləşəcəyi əraziyə baxmış, stansiyanın planı ilə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov məlumat vermişdir ki, bu il fevralın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş elektrik stansiyasının quraşdırılması üçün müqavilə bağlanmışdır. Məqsəd muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi bu işlərin uğurla yerinə yetirilməsinə imkan verir.
Bildirilmişdir ki, Günəş elektrik stansiyası üçün uyğun ərazi seçilmiş və torpaq işlərinə başlanmışdır. Stansiyanın qurulmasında Avropa istehsalı olan ən müasir avadanlıqlardan və son texnologiyalara əsaslanan çərçivəsiz Günəş panellərindən istifadə ediləcəkdir. Panellər quraşdırılacaq ərazinin ümumi sahəsi 35 hektardır. Ərazinin relyefinə uyğun olaraq, stansiya 5 hissədən ibarət olacaqdır. Hissələr arasında yeraltı kabel və yüksəkgərginlikli hava verilişi xətləri çəkiləcəkdir. Stansiyada hər birinin gücü 255 vatt olan 78 min 683 ədəd Günəş paneli, o cümlədən sabit cərəyanı dəyişən cərəyana çevirən 21 invertor və 11 transformator quraşdırılacaqdır. İstehsal olunan elektrik enerjisi yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator yarımstansiyası vasitəsilə muxtar respublikanın elektrik enerjisi şəbəkəsinə ötürüləcəkdir.
Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artıracaq, ucuz elektrik enerjisi istehsalına imkan verəcəkdir.
Ali Məclisin Sədri Belçika Krallığının “Soltech” şirkətinin baş direktoru Mişel Kallerami və şirkətin mütəxəssisləri ilə görüşmüş, işlərin keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti