Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
Dövlətimizin başçısına məlumat verildi ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
AZƏRTAC