08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti ilbəil genişləndirilir, xidmətin nümunəvi təşkili təmin edilir. Şərur şəhərində yeni aviakassa binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Aprelin 15-də Şərur şəhər aviakassası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada hava nəqliyyatı infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, xidmət strukturlarının fəaliyyəti genişləndirilir. Şərur şəhərində yeni aviakassa binasının istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsidir. Aviakassada yaradılan şərait sakinlərin rahatlığını təmin edəcəkdir. Burada ən yeni texnoloji avadanlıqlar quraşdırılmış, qabaqcıl idarəetmə sistemi yaradılmışdır. Mənşur Gülməmmədli yaradılan şəraitə görə muxtar respublika aviasiyaçıları adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində aviakassa binasının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: “Ölkəmizdə hava nəqliyyatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Müasir aerovağzalların qurulması, yeni uçuş zolaqlarının tikilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanması, yeni təyyarələrin alınması hava nəqliyyatı sistemində mühüm nailiyyətlərin qazanılmasına və Azərbaycanın beynəlxalq hava nəqliyyatı sistemində layiqli yer tutmasına səbəb olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Hava nəqliyyatı sisteminin inkişafı əhaliyə göstərilən xidmətin səviyyəsi ilə ölçülür. Əhaliyə göstərilən xidmət isə bilet satışından başlayaraq sərnişinlərin hava nəqliyyatından istifadəsinə qədər olan prosesləri əhatə edir. İstər sərnişinlər bilet alarkən, istərsə də aerovağzallarda qarşı­lanıb yola salınarkən onlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır. Bu da hava nəqliyyatı sisteminin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, hava nəqliyyatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan və Ordubad şəhərlərində müasir aviakassalar fəaliyyət göstərir. Bu gün isə Şərur şəhərində yeni aviakassa binası istifadəyə verilir. Bu da Şərur və Sədərək rayonlarının əhalisinə, eləcə də Kəngərli rayonunun yaxın kəndlərinin sakinlərinə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir. Ümumiyyətlə, bu cür xidmət sahələrinin yaradılması həm yeni iş yerlərinin açılmasına, həm də insanların vaxt itkisinə yol vermədən öz işləri ilə məşğul olmalarına və büdcələrinə qənaət etmələrinə imkan verir”.
Ali Məclisin Sədri blokada şəraitində yaşayan muxtar respublikada bundan sonra da hava nəqliyyatı sisteminin inkişafı sahəsində ardıcıl tədbirlərin həyata keçiriləcəyini bildirmiş, aviakassa binasının fəaliyyətə başlamasında əməyi olanlara təşəkkür etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə gözləmə zalı, 5 aviabilet satışı kassası, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü vardır. İkinci mərtəbədə isə 4 xidmət otağı və mətbəx yerləşir. Aviakassada 3 kompüter dəsti quraşdırılmışdır. Həmçinin binaya fiber-optik kabel xətti çəkilmiş və Naxçıvan Beynəlxalq Hava Limanının mərkəzi sisteminə birləşdirilmiş, gözləmə zalında elektron növbə sistemi yaradılmışdır. Bu da bilet satışının vahid mərkəzdən idarə olunmasına və əməliyyatların operativ şəkildə yerinə yetirilməsinə imkan verəcəkdir.
Binada təhlükəsizlik, fərdi istilik, mərkəzi soyutma və yanğından mühafizə sistemləri yaradılmış, nəzarət-müşahidə kameraları quraşdırılmışdır. Aviakassada 8 nəfər işlə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR