09 Yanvar 2025, Cümə axşamı

Bu gün ölkəmizin sürətli iqtisadi inkişafı, geniş quruculuq işlərinin aparılması və əhalinin sosial problemlərinin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrələridir. Güclü iqtisadiyyat və düşünülmüş siyasi xətt isə sosial sahəyə diqqətin artırılmasına imkan verir. Son illər muxtar respublikada da həyata keçirilən iqtisadi islahatların, aparılan quruculuq işlərinin mərkəzində sosial infrastrukturun müasirləşdirilməsi dayanır. Şəhər, rayon və kəndlərdə yeni sosial obyektlər tikilir, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilmişdir. İnsan amilinə xidmət edən bu tədbirlər Şərur rayonunda da uğurla həyata keçirilir.
Aprelin 15-də Şərur rayonunun Cəlilkəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Cəlilkənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır

Muxtar respublikada təhsil infrastrukturunun yenilənməsi tədbirlərinin tərkib hissəsi olaraq Cəlilkənd tam orta məktəbinin binası da yenidən qurulmuş, müasir tədris şəraiti yaradılmışdır.
Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında görülən işlərlə tanış olmuş, tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, məktəb binası ötən ildən başlayaraq müasir tələblərə uyğun yenidən qurulmuşdur. 270 yerlik və 3 mərtəbədən ibarət olan binada 4-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, 2 kompüter otağı, kimya, biologiya və fizika laborato­riyaları, hərbi kabinə, şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, bufet və idman zalı vardır.

Məktəbin kompüter siniflərində 38 kompüter dəsti quraşdırılmış, laboratoriyalar müasir təcrübə avadanlıqları ilə təchiz edilmişdir. Həmçinin müəllimlər elektron lövhəli siniflərin imkanlarından da yararlanaraq tədrisin səmərəli təşkilinə nail olurlar. Baxış zamanı muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs tədris olunmuşdur.
Məktəbin kitabxana fondu da zənginləşdirilmişdir. Burada 7330 kitab vardır.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesini izləmişdir. Qeyd olunmuşdur ki, bu il məktəbə 15 şagird qəbul olunmuşdur. Müəllimlər tədris zamanı tələbkarlıq və fərdi yanaşma prinsiplərini əsas götürür, gənc nəslin yüksək bilik əldə etməsinə çalışırlar.
Muxtar respublikada idman dərslərinin, xüsusilə də şahmatın tədrisinə ciddi diqqət yetirilir, məktəblərdə yeni şahmat otaqları, idman zalı və qurğuları istifadəyə verilir. Cəlilkənd tam orta məktəbinin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat otağı, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir.
Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də lazımi şərait yaradılmış, hərbi kabinə çağırışaqədərki hərbi hazırlıq dərslərinə uyğun məlumat stendləri ilə təchiz edilmişdir.

Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil hər bir insana lazımdır” fikrini xatırladaraq demişdir: “Bu gün ümumtəhsil məktəblərinin müasir tələblərə uyğun qurulması da bu məqsədə xidmət edir. Cəlilkənd tam orta məktəbinin qədim tarixi vardır. Bu il məktəbin 130 ili tamam olur. Fəaliyyəti dövründə məktəb ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr vermişdir. Cəlil Məmmədquluzadə kimi böyük bir mütəfəkkir vaxtilə bu məktəbdə dərs demiş, ilk qələm təcrübəsi olan “Çay dəsgahı” alleqorik dramını müəllim və şagirdlərin iştirakı ilə burada tamaşaya qoymuş, böyük maarifçilik işi aparmışdır. Ona görə də mütəfəkkirin adını daşıyan məktəb bu gün öz fəaliyyətini daha da gücləndirməli, nailiyyətlər artırılmalı, məktəbin yetirmələri gələcəkdə ölkə­mizin inkişafına öz töhfələrini verməlidirlər”.
Müəllim Bəyim Məmmədova demişdir ki, məktəbin zəngin təhsil ənənələri pedaqoji kollektivin üzərinə mühüm vəzifələr qoyur. Təhsil ocağı ötən 20 ildə əsl inkişaf yolu keçmişdir. Bu gün məktəbdə yaradılan şərait həm də vaxtilə burada çalışan böyük ədiblərimizin, müxtəlif illərdə məktəbin məzunu olmuş ziyalıların arzularının reallığa çevrilməsidir. Hər bir müəllim çalışacaqdır ki, göstərilən qayğıya öz əməli işi ilə cavab versin, xalqımız, dövlətimiz üçün savadlı, bilikli gənc­lər yetişdirsin.
Məktəb binasının həyətində də geniş abadlıq işləri görülmüşdür.

Kənd mədəniyyət evinin binası müasir tələblər səviyyəsində qurulmuşdur

Mədəniyyət müəssisələri əhatə etdikləri yaşayış məntəqələrinin ictimai və mədəni həyatının inkişafına mühüm töhfə verir. Bu səbəbdən də muxtar respublikada insanların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tədbirlər sırasında mədəniyyət ocaqlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Aprelin 15-də Cəlilkənd mədəniyyət evi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Qasımov çıxış edərək demişdir ki, bu gün Cəlilkənd əhalisi sevinc içindədir. Aparılan quruculuq işləri kəndə yeni görkəm bəxş etmişdir. İnsanların rahat yaşayışı təmin olunub. Kənd yeni inkişaf mərhələsinə qədəm qoyub. Mənzillər daimi elektrik və qazla təmin olunub, telefonlaşdırılıb. Bu gün istifadəyə verilən sosial obyektlər də əhalinin problemlərinin vaxtında həllinə, onlara göstərilən xidmətlərin səviyyəsini yüksəltməyə imkan verəcəkdir. Cəlilkənddə əhalinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğul olur. 2015-ci ilin ölkəmizdə və muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırmışdır. Onlar daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün əzmlə çalışırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını kənddə həyata keçirilən quruculuq işləri münasibətilə təbrik edərək demişdir: “Cəlilkənd Şərur rayonunun ən qədim yaşayış məntəqələrindən biridir. Muxtar respublikada təhsilin inkişafında bu kəndin xüsusi rolu vardır. 1885-ci ildə kənddə ilk dünyəvi məktəb açılmış, bundan 2 il sonra – 1887-ci ildə görkəm­li mütəfəkkir Cəlil Məmmədquluzadə məktəbdə dərs deməyə başlamış, insanların savadlanması yolunda çalışmışdır. Cəlil Məmmədquluzadə o illərdə yalnız bu kənddə deyil, bütövlükdə, Naxçıvanda təhsilin inkişafında böyük xidmətlər göstərmişdir. Bütün bunlar nəzərə alınaraq 1957-ci ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Kənd isə 1967-ci ildən Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilkənd adlandırılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Aparılan yenidənqurma işləri Cəlilkəndi müasir Azərbaycan kəndinə çevirmişdir. Həyata keçirilən tədbirlər Cəlilkənddə insanların rahat yaşamasına, dövlət strukturlarının müasir binalarda fəaliyyət göstərməsinə imkan verəcək, yaradılan xidmət sahələri əhalinin rahatlığını təmin edəcəkdir. Bu gün kəndin elektrik, qaz, içməli və suvarma su təminatı məsələləri öz həllini tapmışdır. Həmçinin Cəlilkənddə fiber-optik xətt çəkilmiş, yeni ATS qurulmuş və kənd sürətli internetlə təmin olunmuşdur. Yaradılan şərait kənddə dövlət strukturlarının səmərəli fəaliyyətinə, o cümlədən də sakinlərin müraciətlərinin vaxtında həll olunmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün Cəlilkənddə qurulanlar, yaradılanlar, ilk növbədə, əhalinin rahatlığına xidmət edir. Aparılan quruculuq işlərindən sonra kənddə yeni iş yerləri açılmışdır. Bu işlər kənddə məşğulluğun təmin olunmasına, insanların rifahının yüksəlməsinə, məskunlaşmanın artmasına səbəb olmuşdur. Ona görə də dövlət strukturları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməli, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilməli, kəndin abadlaşması bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə sakinlər də yaxından iştirak etməli, istifadəyə verilən müasir sosial obyektlər qorunmalı, kəndin gələcək inkişafı təmin edilməlidir”.
Ali Məclisin Sədri Cəlilkəndin dövlətçilik mövqeyi ilə seçilən kənd olduğunu qeyd etmiş, kəndin bundan sonra da Cəlil Məmmədquluzadənin adına layiq bir yaşayış məntəqəsi olacağına əminliyini bildirmiş, sakinlərə gələcək işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsilmiş, mədəniyyət evinə baxış olmuşdur.
Məlumat verilmişdir ki, binada 100 yerlik tədbirlər zalı, kitabxana və iş otaqları yerləşir. Müasir inventarlarla təchiz olunmuş tədbirlər zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Mədəniyyət evindəki kitabxananın fondunda 10 mindən artıq ədəbiyyat vardır. Binada bərbərxana, qadın gözəllik salonu və dərzi sexi də fəaliyyət göstərir. Bu xidmət sahələrində 5 nəfər işlə təmin olunmuşdur.
Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Kənd ağsaqqalı Mahmud Musayev sakinlər adından minnətdarlıq edərək demişdir: “Dövlət başçısı cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirməklə ölkəmizi əsl inkişafa qovuşdurmuşdur. Ölkəmizdə sabitlik və tərəqqi vardır. İnsanlar rahat yaşayır. Bu gün hansı sahəyə baxsan, yeniliyin, müasirliyin şahidi olursan. Muxtar respublikanın bütün bölgələrində quruculuq tədbirləri həyata keçirilir. Sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın, təhsil və səhiyyənin inkişafı istiqamətində həyata keçirilən islahatlar yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Bu inkişafa ümummilli liderin yoluna sədaqət nəticəsində nail olunmuşdur. Cəlilkəndin kompleks abadlaşması bunu bir daha təsdiq edir. Kənddə şəhər rahatlığı yaradılmışdır. Sakinlər təsərrüfatla məşğul olur, torpaqlar əkilir, heyvandarlıq inkişaf etdirilir. Bol məhsul istehsalı isə yüksək rifah deməkdir. Çalışırıq ki, dövlətin yaratdığı şəraitə, insan amilinə verilən bu cür yüksək qiymətə əməli işimizlə cavab verək. Kənd əhalisi ölkəmizin, eləcə də muxtar respublikanın inkişafında bundan sonra da yaxından iştirak edəcəkdir”.
Ali Məclisin Sədri demişdir ki, kənddə qurulanlar Azərbaycan dövlətinin iqtisadi gücünün, insanlara göstərdiyi qayğının daha bir ifadəsidir. Bu gün muxtar respublikanın kəndləri abadlaşır, kompleks tikinti-quruculuq işləri aparılır, insanların yaşayışı üçün rahat şərait yaradılır. Bu işlər o ölkədə həyata keçirilir ki, orada iqtisadi inkişaf, sabitlik və insanlara dövlət qayğısı vardır. Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdəki mövcud sabitlik bu işlərin həyata keçirilməsinə imkan verir. Cəlilkənddə geniş quruculuq işləri aparılmış, məktəb binası müasir tədrisin tələbləri səviyyəsində qurulmuş, kənddəki Buzxana abidəsi bərpa olunmuş, insanların sağlamlığı üçün ambulatoriya binası tikilmiş, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi yenidən qurulmuşdur. Bunların hamısı, bütövlükdə, kəndin inkişafına xidmət edir. Yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul yetişdirilməli, sakinlər muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər.

Cəlilkənddə yeni xidmət mərkəzi tikilmişdir

Həmin gün Cəlilkənddə yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.

Bildirilmişdir ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada ət satışı yeri, ərzaq, təsərrüfat və sənaye malları satışı üzrə 3 mağaza vardır. Mağazalarda istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına üstünlük verilir.

Bu sosial obyekt istifadəyə verildikdən sonra 4 nəfər işlə təmin olunmuşdur.

Kənddə müasir səhiyyə ocağı fəaliyyət göstərəcəkdir

Cəlilkənddə yeni həkim ambulatoriyası da inşa edilmiş, nümunəvi səhiyyə xidməti təşkil olunmuşdur.
Aprelin 15-də həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, həkim ambulatoriyasında yaradılan şərait və kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, ambulatoriya binası 11 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, aptek, palata, doğuş, peyvənd, mama, manipulyasiya, müayinə, qeydiyyat və tibb bacısı otaqları vardır. Ambulatoriyada quraşdırılan müasir tibbi avadanlıqlar xəstəliklərin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Hazırda bu səhiyyə ocağında 9 nəfər çalışır. Kollektiv sakinlərin sağlamlıqlarının qorunması qayğısına qalır, hamilə qadınlar və uşaqlar vaxtaşırı müayinədən keçirilir, profilaktik tədbirlər gücləndirilir.
Baxış zamanı əhali arasında səhiyyə maarifi işinin aparılmasının, xüsusilə uşaq və hamilə qadınların sağlamlığının diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanmışdır.

Cəlilkənddəki 19-cu əsrə aid Buzxana abidəsi yenidən qurulmuşdur

Naxçıvan müxtəlif tarixi dövrlərin yadigarı olan çoxsaylı abidələrlə zəngindir. Xalqımızın zəngin mədəni irsini, özünəməxsus adət-ənənələrini, tarixi keçmişini özündə yaşadan bu abidələr sırasında buzxanalar xüsusi yer tutur. Muxtar respublika ərazisində vaxtilə buzxanalardan geniş istifadə olunmuşdur. İnsanların qədim məişət mədəniyyətinin izlərini özündə yaşadan bu abidələrin yenidən qurulması, gələcək nəsillər üçün qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır.
Aprelin 15-də Cəlilkənd Buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dəyərləndirilən Cəlilkənd Buzxanası 19-cu əsrin tikilisidir. Abidə dördkünc formasındadır və divarlar yuxarıda tağabənzər formada tamamlanır. Buzxananın daxilində isə divarlar boyunca dördkünc formalı səkilər tikilmişdir. Tikinti zamanı nəfis şəkildə yonulmuş qaya parçalarından istifadə olunması abidəyə xüsusi görkəm bəxş etməklə yanaşı, həm də xalqımızın qədim memarlıq ənənələrindən xəbər verir.
Muxtar respublika ərazisindəki digər buzxanalar kimi, bu abidə də kəndə gələn qonaqların böyük marağına səbəb olur. Yenidənqurmadan sonra Buzxanada Naxçıvan, eləcə də Şərur mətbəxinə xas olan milli yeməklər hazırlanaraq təqdim olunacaqdır. Bu da eyni vaxtda həm tarixi keçmişimizin, həm də milli mətbəximizin zəngin nümunələrinin təbliğinə və yaşadılmasına xidmət edəcəkdir.

Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi istifadəyə verilmişdir

Aprelin 15-də Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi 1987-ci ildə Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin filialı kimi yaradılmış, 2013-cü ildən isə müstəqil muzey kimi fəaliyyət göstərmişdir. Muzey giriş hissədən, ekspozisiya zalı, fond və 2 iş otağından ibarətdir. Muzeyin fondunda 439 eksponat vardır. Onlardan 274-ü ekspozisiyada nümayiş etdirilir. Eksponatlar, əsasən, ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarətdir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.
Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi üçün yeni binanın inşa edilməsi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə də dəyərli töhfədir. Çünki görkəmli mütəfəkkir Azərbaycan milli mətbuatının inkişafında da mühüm xidmətlər göstərmişdir. Onun xalqın savadlanması, elmli, bilikli cəmiyyətin formalaşdırılması yolunda qələmə aldığı məqalə və felyetonları həm öz dövründə, həm də bu gün Azərbaycan milli mətbuatının şah əsərləridir.
Muzey binasının özünəməxsus quruluşu və xüsusi zövqlə işlənmiş fasadı kəndə xüsusi görkəm bəxş edir.
Ali Məclisin Sədri muzeylə ümumtəhsil məktəbləri arasında əlaqələrin qurulması və görkəmli mütəfəkkirin irsinin gənc nəslə öyrədilməsi barədə tapşırıqlar vermişdir.

*   *   *

Cəlilkənddə 4200 metr yola asfalt örtük salınmışdır. Yolboyu 475 metr uzunluğunda beton kanal çəkilmiş, 11 su keçidi qoyulmuşdur. Kəndin rabitə sistemi də yenidən qurulmuş, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilmiş, 384 yerlik yeni ATS quraşdırılmışdır. Elektrik və qaz təchizatı sistemləri də təkmilləşdirilmiş, 2 min metr elektrik və 210 metr qaz xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR