İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Azərbaycan və İran Sərhəd Qoşunları komandanlarının görüşündə iştirak etmək üçün muxtar respublikaya səfərə gəlmişdir.
Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları salamlamış, Qasım Rzayini muxtar respublikada görməkdən məmnunluğunu ifadə edərək demişdir: “Sərhəd hər bir dövlət üçün strateji sahədir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iki sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Muxtar respublika ilə İranın qonşu vilayətləri arasında əlaqələrin qurulması və inkişafında bu sərhəd-keçid məntəqələri mühüm əhəmiyyət daşıyır”.
Ali Məclisin Sədri ölkələrimiz arasında tarixən dostluq münasibətlərinin olduğunu diqqətə çatdırmış və bu gün dövlət başçıları tərəfindən ikitərəfli əlaqələrin uğurla inkişaf etdirildiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri, o cümlədən sərhəd xidmətləri arasındakı mövcud əməkdaşlığa diqqəti çəkən Ali Məclisin Sədri əlaqələrin inkişafında birgə səylərin və qarşılıqlı görüşlərin vacibliyini vurğulamışdır.
İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi səmimi qəbula görə minnətdarlıq etmiş, Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafının böyük məmnunluq doğurduğunu bildirmişdir. Qonaq İran və Azərbaycanın Sərhəd Qoşunları arasında əlaqələrin hazırkı inkişafından danışmış, hər iki ölkənin Sərhəd Qoşunları komandanlarının Naxçıvan görüşünün əməkdaşlıq üçün yeni istiqamətlər açacağını qeyd etmişdir.
Söhbət zamanı dövlət sərhəd xidmətləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulmuş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrım görüşdə iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti