Aprelin 10-da Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaranmasının 20 illiyi münasibətilə təntənəli mərasim keçirilmiş, zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır.
Dövlət himni səsləndirilmişdir.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik İlkin Əsədov mərasimdə çıxış edərək demişdir ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daxili işlər orqanlarını da əhatə etmişdir. Bu qayğıdan bəhrələnən Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası ötən 20 ildə əsl təşkilatlanma yolu keçmişdir. İstər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi sahəsində görülən işlər ardıcıl xarakter almışdır. İlkin Əsədov Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazasının və xidmət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə şəxsi heyət adından minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda Daxili Qoşunların ilk hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək demişdir: “Tarixboyu hər bir xalq müstəqil olmaq, öz dövlətçiliyini yaratmaq istəyib. Lakin dövlət müstəqilliyi yaratmaq heç də bütün xalqlara müyəssər olmayıb. Ona görə ki, müstəqillik üçün, ilk növbədə, güclü ordu yaradılmalıdır. Ordusu olmayan, ictimai təhlükəsizliyi, sabitliyi qorunmayan dövlət müstəqil ola bilməz. Bu gün Azərbaycan müstəqil dövlətdir. Ona görə ki, onun güclü ordusu var; ona görə ki, Azərbaycanda sabitlik var, əmin-amanlıq, ictimai təhlükəsizlik möhkəm şəkildə qorunur”.
Ali Məclisin Sədri demişdir: “Azərbaycan xalqının milli sərvətinə çevrilən müstəqillik və onun qarantı olan ordu quruculuğu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi xidmətidir. Ordunun hər bir dövlətin müstəqilliyi üçün vacib şərtlərdən olduğunu daim diqqət mərkəzində saxlayan ulu öndərimiz deyirdi ki, “hər bir müstəqil dövlət müstəqil olmaq üçün bir neçə amillərə malik olmalıdır – onun müstəqil yaşaması üçün ərazisi, iqtisadiyyatı, təbii sərvətləri olmalıdır, müstəqil dövləti qoruyan ordusu olmalıdır, daxili vəziyyəti qoruyan qüvvələri olmalıdır. Bunlar olmasa, müstəqil dövlət ola bilməz”. Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra dövlət müstəqilliyimiz sarsılmaz xarakter aldı. Artıq bu dövrdən ölkəmizdə sabitliyin qorunmasının mühüm təminatçısı kimi Daxili İşlər Nazirliyinin, o cümlədən onun Daxili Qoşunlarının funksiya və vəzifələri dövlətin təhlükəsizlik prinsiplərinə əsasən formalaşdırıldı. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas vəzifələrini və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisi kimi görmək istəyən ulu öndərimiz deyirdi ki: “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu olsun. Gərək bizim Silahlı Qüvvələrimizdə Azərbaycanın dövlətçiliyinə daim sədaqət olsun. Azərbaycanın güclü ordusu bu gün də, sabah da, yüz il bundan sonra da lazımdır. Bunun üçün planlı iş aparılmalı, peşəkar münasibət göstərilməlidir”.
Ali Məclisin Sədri demişdir ki, ordu quruculuğuna münasibətdə ümummilli liderimizin irəli sürdüyü “planlı iş, peşəkar münasibət” siyasəti bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlər Daxili Qoşunların Naxçıvandakı hərbi hissəsinin fəaliyyətinin gücləndirilməsində də öz əksini tapmışdır. 20 il bundan əvvəl – 1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru böyük təşkilatlanma yolu keçmiş, inkişaf edərək alaya, 2014-cü ildə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir. Ötən dövr ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılmış, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılmışdır. Bu gün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində Daxili Qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycanda ictimai-siyasi vəziyyətin qorunması və möhkəmləndirilməsi bizim hamımız üçün başlıca şərt olmalıdır. Yalnız bu şəraitdə ölkə uğurla inkişaf edə bilər” fikrini xatırladan Ali Məclisin Sədri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının möhkəmlənməsində və inkişafında xidməti və əməyi olan şəxslərə təşəkkürünü bildirmiş, xidməti vəzifələrin yerinə yetirilməsində onlara uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında” 2015-ci il 11 mart tarixli Sərəncamı ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının zabiti, mayor Rəşadət Mamedov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Ali Məclisin Sədri “Hərbi xidmətlərə görə” medalının vəsiqəsini və döş nişanını təqdim etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırmış, zabit-gizir ailələrinə yeni xidməti mənzillərin order və açarlarını təqdim etmişlər.
Şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçmiş, xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olmuşdur.
Hərbi qulluqçular silah və texnikalardan istifadə edərək verilən tapşırıqları məharətlə yerinə yetirdilər. Xüsusi təyinatlıların nümunəvi çıxışları bir daha şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığından və ruh yüksəkliyindən xəbər verirdi.
Mərasimdə ulu öndər Heydər Əliyevin “Bizim Silahlı Qüvvələrimiz, bizim ordumuz bizim sülhsevər siyasətimizlə yanaşı, hər dəqiqə, hər an Azərbaycan torpaqlarını qorumağa, işğal olunmuş torpaqların azad olunmasına hazır olmalıdır. Bizim ordumuz güclənəcək, müstəqil dövlətimiz daha da ucalara qalxacaq, Azərbaycan müstəqil dövlət kimi daim yaşayacaqdır. Yaşasın güclü, qüdrətli Azərbaycan əsgəri, Azərbaycan Ordusu!” fikirləri səslənmiş, desantlar vertolyotdan ümummilli liderin portretini və Dövlət bayrağını nümayiş etdirmişlər.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xüsusi dəstələrinin təchizatı və xidməti döyüş fəaliyyətinin təşkili ilə maraqlanmış, avtomobil və döyüş texnikalarına baxış olmuşdur.
Bildirilmişdir ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazası müasir texnika və xüsusi təyinatlı vasitələrlə təchiz edilmişdir. Bu da daxili intizam tədbirlərinin həyata keçirilməsində, ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Döyüş texnikaları və artilleriya qurğuları isə istənilən döyüş əməliyyatının yerinə yetirilməsində, o cümlədən düşmənin canlı qüvvəsinin, atəş vasitələrinin və zirehli texnikalarının məhv edilməsində istifadə olunur. Müasir radio-rabitə vasitələri döyüş tapşırıqları yerinə yetirilərkən bölmələr arasında əlaqənin qurulması və şəxsi heyətin istiqamətləndirilməsi zamanı tətbiq olunur.
Briqadaya 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet təqdim olunmuşdur. Yeni verilmiş avtomobil və motosikletlər şəxsi heyətin daşınması, xəstə və yaralıların təcili təxliyə edilməsi, bölmələrin çevik hərəkətinin təmin olunması zamanı istifadə olunacaqdır.
Ali Məclisin Sədri briqadanın yeməkxanasında olmuş, əsgərlərin qidalanması ilə maraqlanmışdır.
Sonra zabit-gizir ailələri üçün inşa olunmuş yeni xidməti-yaşayış binasının açılışı olmuşdur.
Yeni mənzillə təmin olunan hərbçi ailələri adından minnətdarlıq edən Xublar Tarışova demişdir ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasi xətt bütün sahələri əhatə etmiş, insanların rahat yaşayışı təmin olunmuşdur. Bu gün dövlət başçısının rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Artıq güclü ordumuz vardır. Hərbi qulluqçuların və onların ailələrinin sosial-məişət şəraiti ilbəil yaxşılaşdırılır. Bu gün yeni xidməti yaşayış binasının istifadəyə verilməsi də bu sahədə görülən tədbirlərin daha bir nümunəsidir. İnsan amilinə xidmət edən bu işlər hərbçi ailələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov yaşayış binasının açılışını bildirən lenti kəsmişlər.
Məlumat verilmişdir ki, 5 mərtəbədən ibarət olan binada 45 mənzil vardır. Mənzillərdə sakinlərin rahatlığı üçün lazımi şərait yaradılmış, mebel dəstləri və məişət avadanlıqları qoyulmuşdur. Hər bir mənzil fərdi istilik sistemi ilə təchiz edilmiş, daimi isti və soyuq su təminatı yaradılmışdır. Binada sakinlərin gündəlik məişət tələbatının ödənilməsi məqsədilə də zəruri tədbirlər görülmüş, zirzəmidə yeməkxana və camaşırxana istifadəyə verilmişdir. Həmçinin burada gənc zabitlər üçün 64 yerlik yataq otaqları da vardır.
Ali Məclisin Sədri baş leytenant Orxan Seyidovun yeni mənzilində olmuşdur.
Söhbət zamanı Orxan Seyidov və həyat yoldaşı Aişə Seyidova yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında hərbi qulluqçuların nümunəvi xidməti təşkil olunur, onların sosial problemləri həll edilir. Yeni mənzillərin təqdim olunması zabit-gizir ailələrinin böyük sevincinə səbəb olmuşdur. Dövlət qayğısını öz üzərində hiss edən valideynlər çalışacaqlar ki, gələcəkdə ölkəmiz, xalqımız üçün yararlı övladlar böyütsünlər.
Ailənin azyaşlı üzvü Gülay Seyidova ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləmişdir.
Ali Məclisin Sədri zabit-gizir ailələrini yeni mənzillə təmin olunmaları münasibətilə təbrik etmiş, onlara firavan həyat arzulamışdır.
Binanın həyətində də abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti