Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını dedi. Dövlətimizin başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirdi.
Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir.
Sonra Vergilər naziri Fazil Məmmədov, Nəqliyyat naziri Ziya Məmmədov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğuladı. Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirdi. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırdı.
AZƏRTAC