“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilmişdir. İrriqasiya sistemlərinin normal istismarının təşkil edilməsi və torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində ardıcıl tədbirlər görülür. Kəngərli rayonunda müasir suvarma şəbəkələrinin qurulması da bu sahədə görülən işlərin davamıdır.
Aprelin 8-də Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsi inkişaf etdirilir, müasir suvarma şəbəkələrinin qurulması diqqət mərkəzində saxlanılır. Ötən dövr ərzində bu istiqamətdə bir sıra layihələr həyata keçirilmiş, subartezian quyuları qazılmış, nasos stansiyaları tikilmiş, su anbarları və hidrotexniki qurğular əsaslı təmir olunmuşdur. Torpaq sahələrinin dayanıqlı suvarma suyu ilə təminatına hərtərəfli şərait yaradan bu işlər “Kənd təsərrüfatı ili”ndə də davam etdirilir. Yaradılan şərait mövcud hidroresurslardan səmərəli istifadə edilməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Layihəyə uyğun olaraq, yeni nasos stansiyası tikilmiş və ərazidə müasir suvarma sistemləri qurulmuşdur. Əsgər Əsgərov meliorasiya və su təsərrüfatı sisteminin inkişafına göstərilən qayğıya görə muxtar respublika melioratorları adından minnətdarlıq etmişdir.
Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Quliyev minnətdarlıq edərək demişdir ki, uzun müddətdir, əkilməyən torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki Kəngərli rayonunun Böyükdüz, Təzəkənd, Yeni Kərki və Xıncab kəndlərində torpaqlar dəmyə üsulu ilə əkildiyindən məhsuldarlıq yüksək olmurdu. Yeni nasos stansiyasının istifadəyə verilməsi taxıl əkini sahələrinin genişlənməsinə və bol məhsul istehsalına zəmin yaratmışdır. Bu da sakinlərin güzəranının daha da yaxşılaşmasına imkan verəcək, onların torpağa bağlılığını artıracaqdır. Dövlətin dəstəyini daim üzərlərində hiss edən insanlar daha böyük əzmlə çalışacaq, muxtar respublikada ərzaq bolluğunun yaradılmasına öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni nasos stansiyasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Hazırda ölkəmizdə, eləcə də muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Meliorasiya və su təsərrüfatı sistemləri olmadan, torpaqların su təminatını ödəmədən isə kənd təsərrüfatının inkişafını təmin etmək mümkün deyil. Ona görə də “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada bu cür rentabelli suvarma şəbəkəsinin və nasos stansiyasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Nasos stansiyasının əhatə etdiyi torpaq sahələrini heç vaxt suvarmaq mümkün olmayıb. Bu gün isə nasos stansiyasının istifadəyə verilməsi ilə ərazi suvarma suyu ilə tam təmin olunmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Kəngərli rayonu ərazisində yeni suvarma şəbəkəsinin və nasos stansiyasının qurulması layihəsini reallaşdırmaq Uzunoba Su Anbarını daimi su ilə qidalandırmaq imkanı yarandıqdan sonra mümkün olmuşdur. Belə ki, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi ilə Uzunoba Su Anbarının su təminatı xeyli yaxşılaşdırıldı. Bundan sonra yeni suvarma şəbəkəsinin və nasos stansiyasının qurulması istiqamətində ardıcıl tədbirlər görüldü, layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Artıq Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatmış, Uzunoba Su Anbarı təmir olunmuş, yeni su xətləri çəkilmiş, nasos stansiyası tikilmişdir. Layihənin ikinci mərhələsində isə Kəngərli rayonunun Xok kəndinə qədər olan ərazilərin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub”.
Qeyd olunmuşdur ki, torpaq sahələrinin quruluşuna uyğun olaraq, nasos stansiyaları birpilləli və ikipilləli tikilir. İkipilləli nasos stansiyalarında isə elektrik enerjisindən artıq istifadə olunur. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, yeni nasos stansiyası ikipilləli olmasına baxmayaraq, 3300 hektar torpaq sahəsi yalnız öz axımı, 2500 hektar ərazi isə nasos stansiyası vasitəsilə suvarılacaqdır. Həmçinin nasos stansiyasının istifadəyə verilməsi ilə yeni iş yerləri açılmışdır. Ona görə də bu nasos stansiyası hazırda muxtar respublikadakı nasos stansiyaları içərisində ən rentabellisidir. Yaradılan şərait əkin dövriyyəsinə daxil edilən yeni torpaq sahələrində taxıl və tərəvəz bitkiləri əkinlərinin aparılmasına, bol məhsul istehsalına, bir sözlə, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.
Ali Məclisin Sədri demişdir: “Kəngərli rayonunda 5800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsinin böyük iqtisadi əhəmiyyəti vardır. Çünki muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məsələsi hələ Sovetlər Birliyi dövründən problem olaraq qalırdı. Suvarma sistemlərinin və hidrotexniki qurğuların tələb olunan səviyyədə olmaması bu işin həyata keçirilməsində çətinliklər yaradırdı. Lakin son illər ölkəmizdə, eləcə də muxtar respublikada meliorasiya və su təsərrüfatı sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yeni hidrotexniki qurğuların tikilməsi, rentabelli suvarma şəbəkələrinin qurulması torpaqların əkin dövriyyəsinə qatılmasına və məhsul istehsalının artmasına səbəb olmuşdur. Bu iş bu gün də davam etdirilir. Ölkə Prezidentinin 2014-cü il 25 dekabr tarixli “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər” haqqındakı Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasına 2 milyon manat vəsait ayrılmışdır. Ayrılan vəsait muxtar respublika ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına sərf olunacaqdır. Hazırda muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür, kənd yaşayış məntəqələrində yeni subartezian quyuları qazılır, kaptajlar tikilir, nasos stansiyaları qurularaq istifadəyə verilir”.
Ali Məclisin Sədri sakinlərin öz pay torpaqlarından, aid qurumların isə dövlət mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edəcəklərinə əminliyini bildirmiş, bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür etmişdir.
Sonra Ali Məclisin Sədri Kəngərli rayonunda suvarma şəbəkəsinin və nasos stansiyasının qurulmasında fərqlənən işçiləri qiymətli hədiyyələrlə mükafatlandırmış, yeni suvarma şəbəkəsinin baş planına baxmış, nasos stansiyasını işə salmışdır.
Məlumat verilmişdir ki, əkin dövriyyəsinə qatılan torpaq sahələrinin suvarılmasında qidalandırıcı mənbə kimi Uzunoba Su Anbarından istifadə ediləcəkdir. Bu məqsədlə ötən il anbarda əsaslı təmir işləri aparılmış, su tutumu 8 milyon kubmetrə çatdırılmışdır. Anbardan suyun öz axımı ilə Kəngərli rayonunun ərazisinə verilməsi üçün hər birinin uzunluğu 16,2 kilometr, su sərfi isə saniyədə 900 litr olan 720 millimetrlik qoşa boru xətti çəkilmişdir. Bundan başqa, ərazidə müxtəlif diametrli paylayıcı boru xətləri çəkilmiş, suburaxıcılar qoyulmuşdur.
Nasos stansiyasında biri ehtiyatda olmaqla, 3 aqreqat quraşdırılmış, 1500 kubmetrlik suqəbuledici hovuz tikilmişdir. Almaniya istehsalı olan bu aqreqatların hər birinin su sərfi saatda 1200 kubmetrdir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün 3 min kilovat gücündə transformator quraşdırılmışdır. Stansiya binasındakı elektron idarəetmə sistemi vasitəsilə aqreqatların avtomatik işə salınması və işləmə rejiminə nəzarət etmək mümkündür. Su nasos stansiyasından Təzəkənd ərazisində tikilmiş 250 kubmetrlik supaylayıcı hovuza vurulur və buradan şəbəkəyə ötürülür. Bunun üçün nasos stansiyasından supaylayıcı hovuza qədər 8,7 kilometr məsafədə təzyiqli boru xətti çəkilmişdir.
Ali Məclisin Sədri Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti