“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın əsas məqsədlərindən biri də muxtar respublikada yüksək istehlak xüsusiyyətlərinə malik meyvə bağlarının salınması və unudulmaqda olan məhsuldar sortların yerli şəraitə uyğun bərpasından ibarətdir.
Bu il keçirilən iməciliklərdə meyvə bağlarının salınması, relyefə və iqlim şəraitinə uyğun meyvə sortlarının yetişdirilməsi diqqət mərkəzində saxlanılmış, cari ilin ötən dövrlərində muxtar respublikada, ümumilikdə, 192 hektar meyvə bağı salınmışdır.
Dekabrın 1-də muxtar respublikada keçirilən növbəti iməciliklərdə də yeni meyvə bağları salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Tikinti-Quraşdırma Şirkətinin kollektivləri Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında – Nəzərabad kəndinin ərazisində keçirilən iməcilikdə iştirak etmişlər. Relyefinə görə təpəlikdən ibarət olan ərazi əvvəlcədən hamarlanmış və əkin terrasları açılmışdır.
İməcilik istirakçıları 8 hektarlıq ərazidə 3000 ədəd məhsuldar meyvə tingi əkərək suvarmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti