“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, Naxçıvan şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq nəqliyyatın sıx olduğu yerlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına da xüsusi diqqət yetirilir, əhalinin təhlükəsiz və rahat hərəkəti təmin edilir.
Aprelin 7-də Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində yeni yerüstü piyada keçidi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov piyada keçidinin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, yerüstü piyada keçidi Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksi ilə Heydər Əliyev Sarayı istiqamətində və əksinə piyadaların təhlükəsiz hərəkətinə imkan verəcəkdir. Müasir və milli memarlıq üslubunda inşa olunan yerüstü piyada keçidinin ümumi uzunluğu 55, eni 2,6 metrdir. 6 sütun üzərində qurulmuş keçidin yolun hərəkət hissəsindən hündürlüyü isə 4,6 metrdir. Burada müasir işıqlandırma və təbii havalandırma sistemləri quraşdırılmışdır.
Ali Məclisin Sədri yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən bu işlərin sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də Naxçıvan şəhərinin memarlıq quruluşuna xüsusi görkəm bəxş etdiyini bildirmiş, piyada keçidinin inşasında əməyi olanlara təşəkkür etmiş, gələcəkdə də şəhərin müəyyən hissələrində piyada keçidlərinin inşa edilməsinin zəruri olduğunu bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti