Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin.
2. Müəyyən edilsin ki:
2.1. ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, torpaq bazarının təşkili, dövlət torpaq reyestrinin aparılması, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəsinin, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışın təqdim edilməsi, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilir;
2.2. ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması sahəsindəki funksiyaları Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 31 mart 2015-ci il