09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir”.
Ölkəmizin hava nəqliyyatı sisteminin inkişafı sahəsində tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla icra edilir, sərnişinlərin rahatlığı təmin olunur. Şəhər və rayon mərkəzlərində müasir standartlara uyğun aviakassa binalarının tikilib istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsidir.
Martın 29-da Ordubad şəhərində yeni aviakassa binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək demişdir ki, muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, sərnişin və yükdaşımalarının səviyyəsi daha da yüksəldilir, uçuşların təhlükəsizliyi təmin olunur. Son illər aerovağzal kompleksinin yenidən qurulması, yeni inzibati binanın istifadəyə verilməsi, infrastrukturun müasir standartlara uyğun qurulması xidmətin keyfiyyətini xeyli yüksəltmişdir. Ordubad şəhərində müasir aviakassa binasının istifadəyə verilməsi də bu tədbirlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə, hava nəqliyyatı sisteminin müasirləşdirilməsinə göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə hava nəqliyyatı sistemində həyata keçirilən tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Yeni hava limanlarının tikintisi, hava nəqliyyat vasitələrinin alınması, mütəxəssislərin hazırlanması dövlətimiz tərəfindən bu sahənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində yaşaması hava nəqliyyatının inkişafını zərurətə çevirmişdir. Ötən dövrdə muxtar respublikada müasir hava limanının və uçuş zolağının istifadəyə verilməsi bu sahənin inkişafında mühüm rol oynamışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir təyyarələri qəbuletmə və yolasalma imkanına malikdir”.

Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir. Hava nəqliyyatında sərnişinlərin rahatlığının təmin olunması isə, ilk növbədə, bilet satışından başlanır. Əvvəllər muxtar respublikada bilet satışı yalnız Naxçıvan şəhərində həyata keçirilirdi. Bu da mərkəzdən uzaqda yerləşən Ordubad, Şərur və Sədərək rayonlarında yaşayan insanların bilet almasında müəyyən çətinliklər yaradırdı. Ona görə də Ordubad və Şərur rayonlarında müasir aviakassa binaları inşa olundu. Bu gün Ordubad şəhər aviakassası istifadəyə verilir. Aviakassada müasir avadanlıqlar quraşdırılmışdır. Yaradılan şərait aviakassada Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakıdan başqa ölkələrə getmək istəyən rayon sakinləri üçün də bilet satışını həyata keçirməyə imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Beynəlxalq Hava Limanının inkişafı sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək, muxtar respublika əhalisinə müasir hava nəqliyyatı xidməti göstəriləcəkdir. Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi də yaradılan şəraitdən səmərəli istifadə etməli, hava nəqliyyatının inkişafına öz töhfələrini verməli, sərnişinlərin rahatlığı təmin olunmalıdır”.
Ali Məclisin Sədri Ordubad şəhər aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət binanın birinci mərtəbəsində gözləmə zalı, 5 bilet satış kassası, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü yaradılıb. İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx istifadəyə verilmişdir. Binada təhlükəsizlik, yanğından mühafizə və fərdi istilik sistemləri yaradılmış, nəzarət-müşahidə kameraları quraşdırılmışdır.
Aviakassada yeni texnologiyalar tətbiq olunmuş, binaya fiber-optik kabel çəkilmiş, kompüter dəstləri quraşdırılmış və elektron növbə sistemi yaradılmışdır. Sərnişinlər gözləmə zalındakı monitor vasitəsilə təyyarə reysləri və boş yerlər haqqında əvvəlcədən məlumat əldə edə biləcəklər. Aviakassada 8 nəfər işlə təmin olunmuşdur.
Binanın interyeri və fasadı müasir memarlıq tələblərinə uyğun dizayn edilmiş, həyətdə geniş abadlıq işləri görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR