Muxtar respublikada təhsilin inkişafı diqqət mərkəzindədir. Son illər yaşayış məntəqələrində müasir məktəb binalarının tikilməsi, tədrisdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi təhsil infrastrukturunu tamamilə müasirləşdirmişdir. Bu sahədə həyata keçirilən tədbirlər Ordubad rayonunu da əhatə etmişdir.
Martın 29-da Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Əlağa Rzayev minnətdarlıq edərək demişdir ki, informasiya texnologiyaları və tədris avadanlıqları ilə təminat məktəbdə dərslərin səmərəli təşkilinə imkan verəcəkdir. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər yaradılan şəraitdən istifadə etməklə gənclərin hərtərəfli təhsil almasına, onların əsl vətəndaş kimi yetişdirilməsinə nail olacaq, göstərilən qayğıya qazanılan nailiyyətlərlə cavab verəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər 3 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş və demişdir ki, təhsil ölkəmizdə strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində təhsilin inkişafını diqqət mərkəzində saxlamışdır. Bu yol bu gün də davam etdirilir. Çünki təhsil sahəsində qazanılan uğurlar ölkə həyatının bütün sahələrində özünü göstərir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışanlar həm ötən əsrin 70-ci illərində, həm də müstəqillik dövründə təhsil alan insanlardır.
Ali Məclisin Sədri demişdir: “Təhsil hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək üçün təhsilli gənclər yetişdirmək lazımdır. Ulu öndər Heydər Əliyev də deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”. Bu gün məktəblərdə gənclərə təhsil verməklə yanaşı, həm də vətənpərvərlik hisləri aşılanmalı, onlar milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Ümumtəhsil məktəblərində bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu gün istifadəyə verilən məktəb binası da müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Yaradılan şərait imkan verəcəkdir ki, müəllimlər daha səylə çalışsınlar, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirsinlər, gəncləri gələcəyə hazırlasınlar”.
Ali Məclisin Sədri demişdir: “Ordubad şəhər 3 nömrəli tam orta məktəbində yaxşı təhsil ənənələri vardır. Ötən tədris illərində məktəbin nailiyyətləri qənaətləndirici olmuşdur. Bütün bunlara görə dövlətimiz tərəfindən kollektivin əməyi qiymətləndirilmiş, məktəbin müəllimlərindən biri “Tərəqqi” medalı ilə təltif edilmiş, biri “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Bir müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin, 2013-cü ildə isə məktəb “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olmuşdur. Yaradılan şərait gələcəkdə bu nailiyyətləri daha da artırmağa imkan verəcəkdir”.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, açılışı bildirən lenti kəsmiş, məktəb binasında yaradılan şəraitlə və tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 2 şahmat otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Məktəbin kitabxana fondunda 13 min 867 kitab vardır. Burada şagirdlərin bilik və maraqlarına uyğun tədbirlərin keçirilməsi, onların fəal mütaliəyə cəlb olunması üçün lazımi şərait yaradılmışdır.
Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə 57 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli siniflər isə keçilən dərslərin əyaniliyini təmin edəcəkdir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə köməklik edir.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 220 təhsil müəssisəsi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi arasında videobağlantı vasitəsilə keçilən dərsi izləmişdir.
Kimya, biologiya və fizika laboratoriyalarında cihaz və avadanlıqlar quraşdırılmış, şagirdlərin biliklərinin təcrübi əsaslarla möhkəmləndirilməsi təmin edilmişdir. Hərbi kabinə isə gənclərin hərb sənətinə marağının artırılmasına və onların vətənpərvər ruhda böyüməsinə imkan verəcəkdir.
Geniş və işıqlı idman zalı, eləcə də həyətdəki süni örtüklü idman meydançası və açıq idman qurğuları gənclərin fiziki cəhətdən sağlam böyüməsinə hesablanmışdır.
Ali Məclisin Sədri məktəbin idman zalında olmuş, bədən tərbiyəsi və idman dərslərinin təşkili ilə maraqlanmışdır.
Müəllimlərlə söhbət zamanı Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikrini xatırladaraq demişdir: “Ordubad tarixən Azərbaycanın elm və təhsil mərkəzi olmuşdur. Bu torpaq böyük mütəfəkkirlər yetişdirmişdir. Görkəmli maarifçi alim Məhəmməd Tağı Sidqi ilk dəfə Ordubad şəhərində dünyəvi məktəb yaratmış, gənc nəslin təhsil alması qayğısına qalmışdır. Bu ənənə müasir dövrdə də davam etdirilməlidir. Məktəb binasında yaradılan şərait gənclərin yaxşı təhsil almasına və hərtərəfli böyüməsinə hesablanmışdır. Müəllimlər bu imkanlardan səmərəli istifadə etməli, vətənpərvər və savadlı gənclər yetişdirilməlidir”.
Müəllimlərdən Səkinə Tağıyeva və Sahilə Cəlilova yaradılan şəraitə görə minnətdarlıq edərək demişlər ki, bu gün Ordubad rayonunda təhsilin inkişafına lazımi qayğı göstərilir. İstər Ordubad şəhərində, istərsə də Ələhi, Xurs, Nürgüt kimi ən ucqar dağ kəndlərində müasir məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdan xəbər verir. Müasir tədris şəraiti pedaqoji kollektivləri daha səylə çalışmağa, xalqımız və dövlətimiz üçün yararlı gənclər yetişdirməyə ruhlandırır.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti