Novruz bayramı günlərində Naxçıvan şəhərinin Əcəmi seyrəngahında geniş bir ərazidə ictimai iaşə xidməti təşkil olunmuşdur. Vətənimizi, baharın gəlişini tərənnüm edən mahnılar seyrəngaha gələnlərdə xoş ovqat yaradırdı.
Martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Əcəmi seyrəngahına gəlmiş, bayram tədbirlərinin təşkili ilə maraqlanmışdır.
Seyrəngahdakı ictimai iaşə xidmətində muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın yerli istehsal müəssisəsi öz məhsullarının satış və sərgisini təşkil etmişdi.
Qədim Naxçıvan həm də müalicəvi suları ilə tanınır. Bu gün muxtar respublikada istehsal olunan mineral sular Azərbaycanda və bir çox xarici ölkələrdə alıcılar tərəfindən rəğbətlə qarşılanır. “Sirab”, “Badamlı” və “Çınqıllı” mineral sularının sərgiləndiyi guşələr tədbir iştirakçılarının marağına səbəb olmuşdur. “Farma-Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış pavilyonda isə Şahbuz dağlarından toplanaraq qablaşdırılan şəfalı bitki çayları nümayiş olunurdu.
Tədbirdə Naxçıvanın zəngin mətbəx nümunələri nümayiş etdirilirdi. Burada Naxçıvan mətbəxinə xas olan müxtəlif növ yeməklər, kabab və çörək növləri, şərbətlər, qənnadı məmulatları, xüsusilə Novruz bayramının rəmzi olan şirniyyatlar tədbir iştirakçılarına təklif olunurdu. Xüsusilə də muxtar respublikanın ayrı-ayrı bölgələrinə xas olan milli yeməklər və şirniyyat növləri öz dadı-tamı ilə seçilirdi.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin emalatxanalarında hazırlanan əl işlərinə və “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlanan dekorativ tətbiqi sənət nümunələrinə baxmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada qeyri-maddi mədəni irsimizin qorunması istiqamətində mühüm addımlar atılır. Qədim sənətkarlıq sahələrinin dəstəklənməsi, sənətkarlar üçün emalatxanaların yaradılması və əl işlərinin satış-sərgisinin təşkil olunması da məhz bu məqsədə xidmət edir. Bayram günlərində xalq yaradıcılığı emalatxanaları təşkil olunur, papaqçılıq, dulusçuluq, xalçaçılıq, oyma, tikmə, toxuculuq nümunələri və müxtəlif əl işləri sərgilənir, qədim sənət nümunələri gənc nəslə aşılanır və geniş ictimaiyyətə çatdırılır.
Milli dəyərlərimizin ən mühüm elementlərindən biri də milli geyimlərimizdir. Naxçıvan ərazisində müxtəlif dövrlərdə istifadə olunmuş milli geyim nümunələri bu gün lazımi səviyyədə öyrənilir, bərpa və təbliğ olunur. Tədbirdə müxtəlif el mərasimlərində istifadə olunan əşyaların, milli ornamentlərlə bəzədilən hədiyyələrin, milli geyim nümunələrinin yer alması Əcəmi seyrəngahında bayram gəzintisinə çıxanların diqqətini cəlb etmişdir. Gənc oğlan və qızlar naxışlı, butalı, zər-zibalı müxtəlif milli geyimlərimizi nümayiş etdirmişlər.
Ali Məclisin Sədri milli geyimli oğlan və qızlarla xatirə şəkli çəkdirmişdir.
Qədim dövrlərdən bəri papaq milli geyimlərimizin ayrılmaz atributudur. Yüz illər boyu xalqın məişət mədəniyyəti ilə sıx əlaqədə inkişaf edən papaqçılıq sənəti günümüzdə də yaşadılır. Muxtar respublikada papaqçılıqla məşğul olan sənətkarların tikdikləri müxtəlif növ papaqlardan məişətdə geniş istifadə olunur. Sərgidə nümayiş etdirilən qədim papaq növləri maraqla qarşılanmışdır.
Naxçıvanda xalçaçılıq sənəti günümüzdə də yaşadılır, toxuculuq kursları təşkil olunur, bu qədim sənət növünün incəlikləri gənc qızlara aşılanır. Tədbirdə Naxçıvan xalçalarının, bədii tikmə və parça nümunələrinin nümayişi ilə yanaşı, hana qurulmuş, yun əyirilmiş, milli geyimli qızlar tərəfindən ilmələr salınmışdır.
Muxtar respublikada xalq sənətkarlıq sahələrindən olan dulusçuluq da inkişaf etdirilir. Bu peşə ilə məşğul olan sənətkarlarımız bu gün də gözəl saxsı qablar hazırlayır, qədim dulusçuluq sənətinin yaşadılmasına öz töhfələrini verirlər. Tədbirdə dulusçuluq emalatxanası təşkil olunmuş, sadə və naxışlı saxsı qablar nümayiş etdirilmişdir.
İctimai iaşə xidməti ilə tanışlıqdan sonra Ali Məclisin Sədri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olmuş, Azərbaycanın milli dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğinin vacibliyini vurğulamış, muzeyin Naxçıvan xanlığına aid materiallarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.
Ali Məclisin Sədri hədiyyələr mağazası və qədim musiqi alətlərinin hazırlanması ilə də tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti