Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını bütün zənginliyi ilə özündə yaşadır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşdırmışdır. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir.
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda Novruz bayramı sabitlik və əmin-amanlıq şəraitində qeyd olunur, sabaha olan xoş ümidlərlə qarşılanır. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayram insanlarda doğma Vətənə, millətə, dövlətə sevgi və sədaqət hissi aşılayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapmışdır”.
Ümumxalq bayramı olan Novruz yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qeyd olunur. Hər il Naxçıvan Muxtar Respublikasında da Novruz bayramı günlərində xalq yaradıcılığı günləri keçirilir, bayram tədbirləri təşkil olunur.
Martın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə iştirak etmişdir.
Milli geyimli uşaqlar Ali Məclisin Sədrinə Novruzun rəmzi olan səməni təqdim etmişlər.
Ali Məclisin Sədri bayram tonqalını yandırmışdır.
Şənlikdə el ağsaqqalı Dədə Qorqud öz xeyir-duasını vermiş, Novruzla gələn yeni ilin dövlətimiz və xalqımız üçün düşərli olmasını arzulamışdır. Xalq qəhrəmanları Babək və Koroğlu xalqımızın vətənpərvərlik, qəhrəmanlıq şücaətlərindən söz açmış, Novruz bayramının gəlişi münasibətilə təbriklərini çatdırmışlar.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı “İgidlər” rəqsini ifa etmişdir.
Sonra Ali Məclisin Sədri sarayın foyesində Novruz bayramı münasibətilə təşkil olunan sərgiyə baxmışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xalq yaradıcılığına aid sərgisi ilə tanışlıq zamanı bildirilmişdir ki, muxtar respublikada istedadlı qadınların üzə çıxarılması, onların əl işlərinin satış-sərgilərinin təşkil olunması diqqət mərkəzində saxlanılır. Bugünkü sərgidə də xüsusi istedada malik olan qadınların toxuculuq bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirən əl işləri, muxtar respublikamızın tarixi abidələrini, təbiət mənzərələrini əks etdirən toxuculuq nümunələri sərgilənir.
Bayram şənliyində gənc Heydərçilər ulu öndərimizə və Vətənimizə həsr olunmuş şeirlər söyləmişlər.
Ali Məclisin Sədri gənc Heydərçilərlə şəkil çəkdirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən, muxtar respublikada xalq yaradıcılığı günləri keçirilir, xalqımıza xas milli xüsusiyyətləri özündə cəmləşdirən bədii sənətkarlıq nümunələri qorunub saxlanılır, xalq sənətkarlığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq yaradıcılığı guşəsində ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, dulusçuluq, misgərlik və müxtəlif əl işləri nümunələri nümayiş olunmuşdur.
Hər bir xalqın tarixi yaratdığı mədəniyyət nümunələrində yaşayır. Sadə əl əməyinə əsaslanan dulusçuluq sənəti də Azərbaycanda ən qədim istehsal sahələrindən biri olmuşdur. Bu qədim el sənəti Naxçıvanda da tarixən mövcud olmuş, xüsusilə Naxçıvan xanlığı dövründə saxsı qablar istehsalı ilə məşğul olan dulusçu emalatxanaları fəaliyyət göstərmişdir. Muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanan dulusçuluq əşyaları isə bu sənətin daha qədim tarixə malik olmasından xəbər verir. Tədbirdə dulusçuların hazırladıqları müxtəlif saxsı qablar, nümayiş etdirilən qədim dulusçuluq əşyaları və alətləri böyük maraq doğurmuşdur.
Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xalçalar xalqımızın zəngin bədii düşüncə tərzini və yüksək estetik zövqünü təcəssüm etdirir. Dekorativ-tətbiqi sənətkarlıq nümunələrinin beşiyi sayılan Naxçıvanda da xalçaçılıq məktəbi formalaşmışdır. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan xalçaçılıq məktəbinin yüzlərlə dəyərli nümunəsi qorunub saxlanılır. Son illər muxtar respublikada xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “xalçaçılıq” üzrə peşə kursları açılmış, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi fəaliyyətə başlamış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur. Bu da Naxçıvanda tarixən formalaşmış xalçatoxuma sənətinin hərtərəfli öyrənilməsi və yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir. Bayram şənliyində Naxçıvan qrupuna aid olan xalçalar, bədii tikmə və parça nümunələri nümayiş olunmuşdur.
Naxçıvanda cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, ney, balaban kimi qədim musiqi alətlərimiz bərpa olunur, onlar təbliğ olunaraq yaşadılır. Bu da musiqi mədəniyyətimizin geniş ictimaiyyətə və gələcək nəsillərə çatdırılması baxımından mühüm rola malikdir. Tədbirdə qədim milli musiqi alətlərimizin sərgisi də təşkil olunmuşdur.
Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin rəsm əsərlərinə, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə, Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərinin xalq yaradıcılığına aid sərgilərinə baxmışlar. Muxtar respublikanın təbiət mənzərələrini, tarixi abidələrini, müasir inkişafını əks etdirən rəsm əsərləri və əl işləri böyük maraq doğurmuşdur.
Azərbaycan folkloru çoxəsrlik tarixə malikdir. Muxtar respublikada fəaliyyət göstərən folklor kollektivləri bayram tədbirlərində, xüsusilə Novruz şənliklərində ümumxalq bədii təfəkkürünün məhsulu olan folklor nümunələri nümayiş etdirir, min illər boyu formalaşmış adət-ənənələrimizin təbliğinə mühüm töhfələr verirlər. Naxçıvan Qızlar Liseyinin folklor qrupu da hər il Novruz şənliklərinə özünəməxsus şəkildə hazırlaşır, bir-birindən maraqlı kompozisiyalar təqdim edirlər. Xalqımızın məişət həyatını özündə əks etdirən bədii kompozisiya insanlarda elə, obaya, milli dəyərlərə məhəbbət hissini daha da artırır. Tədbirdə liseyin folklor qrupunun təqdim etdiyi “Bayram axşamı – axır çərşənbə” kompozisiyası da maraqla qarşılanmışdır.
Sərgi ilə tanışlıqdan sonra keçirilən bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Novruz xalqımızın milli bayramı olmaqla tarixən formalaşmış mənəvi dəyərlərimiz sırasında özünə mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında deyirdi ki, böyük mənəvi gücə malik olan bu bayram “ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam bəxş etmişdir”.
Ali Məclisin Sədri demişdir: “Hər bir xalqın ən böyük sərvəti onun milli dəyərləridir, bu dəyərlərdən formalaşan adət-ənənələridir. Ulu öndərimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli dəyərlərə daim üstünlük vermiş, onların qorunması və yaşadılması qayğısına qalmışdır. Dahi şəxsiyyətin əsasını qoyduğu milli dəyərlərin qorunması xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün xalqımıza məxsus olan mənəvi sərvətlər bərpa edilərək yaşadılır, dünyada tanıdılır. Milli dəyərlərimiz geniş təbliğ olunur. Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, Birləşmiş Millətlər Təşkilatının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etməsi bunun əyani ifadəsidir”.
Baharın builki gəlişinin ölkəmizdə və muxtar respublikamızda elan olunmuş “Kənd təsərrüfatı ili”nə təsadüf etməsini bildirən Ali Məclisin Sədri demişdir: “Novruz təbiətin oyanışının, insanla təbiətin bağlılığının tərənnümçüsüdür. İnsanların təsərrüfat işləri ilə məşğul olması, yaz-tarla işlərinə hazırlıq görülməsi Novruz mərasimlərinin səciyyəvi xüsusiyyətidir”.
Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmiş, sabitliyimizin və torpaqlarımızın keşiyində dayanan hərbi hissələrin şəxsi heyətini, tədbir iştirakçılarını, eləcə də muxtar respublika əhalisini Novruz bayramı münasibətilə təbrik etmişdir.
Sonra tədbir Naxçıvan Muxtar Respublikası musiqi kollektivlərinin Novruz bayramı münasibətilə hazırladıqları konsert proqramı ilə davam etmişdir.
Konsert Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupunun ifasında bədii kompozisiya ilə başlamışdır.
Aşıq sənətinin qədim tarixi vardır. Xalqımızın musiqi mədəniyyətinin qədimliyindən xəbər verən aşıq poeziyası zəngin şifahi xalq ədəbiyyatına əsaslanır. Vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan bu sənətə Naxçıvanda da xüsusi qayğı ilə yanaşılır, aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Hər il Novruz bayramı şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Bayram şənliyində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərindən Tural Bağırov və Könül Taroyevanın ifaları rəğbətlə qarşılanmış, səsləndirilən saz havaları hər kəsdə xoş ovqat yaratmışdır.
Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün və sazçalanlar ansamblının çıxışları alqışlarla qarşılanmışdır. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupu da şənlik iştirakçılarına bayram ərməğanlarını təqdim etmiş, tulumçalan Amin Hüseynovun, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblının, Naxçıvan Dövlət Universitetinin xarici və yerli tələbələrinin ifaları şənliyə xüsusi rəng qatmışdır.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin nağaraçalanlar ansamblı ritmik musiqi nömrələri səsləndirmiş, Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün və Naxçıvan Musiqi Kollecinin qədim musiqi alətləri ansamblının maraqlı ifaları xoş ovqat yaratmışdır.
Azərbaycan xalqının mədəni sərvətləri sırasında özünəməxsus yer tutan yallı rəqsi əcdadlarımızın həyat tərzini, bədii-estetik zövqünü günümüzədək gətirib çıxartmışdır. Mərdlik və mübarizlik, vətənpərvərlik və həmrəyliyin mükəmməl bədii ifadəsi olan yallıların tarixi bəşəriyyətin yarandığı dövrdən başlayır. Naxçıvandakı qədim yaşayış məskənlərində, xüsusilə Gəmiqaya abidəsindəki daş salnamələrdə əks olunan yallı elementləri bunu bir daha təsdiq edir. Naxçıvanda keçirilən Novruz şənliklərini yallısız təsəvvür etmək mümkün deyil. Bayram tədbirində Naxçıvan Dövlət Filarmoniyasının rəqs ansamblının təqdim etdiyi yallı rəqsi birlik və həmrəyliyin daha bir təcəssümünə çevrilmişdir.
Həmin gün Əcəmi seyrəngahında geniş bir ərazidə ictimai-iaşə xidməti təşkil olunmuş, muxtar respublika sakinlərinə müxtəlif növ milli yeməklər və şirniyyatlar təklif olunmuş, yerli istehsal məhsullarının və müxtəlif sənətkarların əl işlərinin sərgi və satışı həyata keçirilmişdir. Naxçıvan şəhərinin Əcəmi seyrəngahında təşkil olunmuş ictimai-iaşə xidməti bayram günlərində davam etdiriləcəkdir.
Muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə bayram şənlikləri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti