Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəldilər. Burada Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin üzvləri, rəqs və mahnı qrupları çıxış edirdilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.
AZƏRTAC