08 Yanvar 2025, Çərşənbə

Martın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda geniş müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, muxtar respublikanın inkişafında elm və təhsilin də özünəməxsus yeri vardır. 2003-cü ildə fəaliyyətə başlayan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ötən dövrdə muxtar respublika elminin inkişafına öz töhfəsini vermişdir. Bu gün bölmədə 2 akademik, 6 müxbir üzv, 4 elmlər doktoru, 48 fəlsəfə doktoru, 8 doktorant, 3 dissertant, 12 elmi işçi çalışır, 25 doktorant və 3 dissertant təhsil alır. Hazırda bölmə əməkdaşlarının 72 faizinin elmi dərəcəsi, 43 faizinin isə elmi adı vardır. 2014-cü ildə 4 əməkdaş fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 1 nəfər professor, 13 nəfər dosent elmi adı almış, 8 nəfər doktoranturaya qəbul olunmuşdur.

Qeyd olunmuşdur ki, 2003-2014-cü illərdə bölmə əməkdaşlarının 5584 elmi əsəri işıq üzü görmüşdür. Təkcə 2014-cü ildə əməkdaşların 512 əsəri çap olunmuşdur ki, bunun da 26-sı kitab və monoqrafiyadır. Bölmədə Ali Məclis Sədrinin sərəncam və tapşırıqlarına uyğun olaraq, “Naxçıvan Ensiklopedi­yası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folklor antologiyası”, “Naxçıvan tarixi”nin 2 cildi, “Naxçıvanın Qırmızı kitabı”, “Naxçıvanın təbii sərvətləri”, “Naxçıvan teatrının salnaməsi” kimi fundamental əsərlər hazırlanaraq nəşr olunmuş, 8 beynəlxalq və ölkə səviyyəli simpozium və konfrans keçirilmişdir. 2014-cü ildə bölmədə 6 qrant layihəsinə uyğun elmi-tədqiqat işləri aparılmış, indiyədək 20 ixtira, faydalı model və sənaye nümunəsi patent­ləşdirilmişdir. Bölmənin əməkdaşları təhsil müəssisələri ilə də sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Belə ki, 2014-cü ilin noyabr ayından bölmənin 48-ə yaxın elmi dərəcəsi olan əməkdaşının ayda bir dəfə orta məktəblərdə nümunəvi dərsləri olmuşdur. İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun yaradılması ilə bağlı bölmənin üzərinə düşən vəzifələrdən danışmış və göstərilən qayğının müqabilində bu vəzifələrin icrasını layiqincə yerinə yetirəcəklərini bildirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək demişdir ki, yaradılan əlverişli təhsil mühiti, güclü maddi-texniki baza Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbələrinin də təhsilə marağını artırmışdır. İnstitutda çalışan 82 müəllimdən 9-u elmlər doktoru, 40-ı isə fəlsəfə doktorudur. Yüksək elmi dərəcəli kadrların instituta cəlb olunması istiqamətində işlər davam etdirilir. İnstitutun xarici ölkələrin aparıcı ali məktəbləri ilə uğurlu əməkdaşlığı mövcuddur. Son illər gənc alimlərin elmi fəaliyyətinə və onların fundamental elmi tədqiqatlara cəlbinə diqqət artırılmışdır. 2014-cü ildə 6 əməkdaş doktoranturaya qəbul olunmuş, tədqiqatçılar tərəfindən yerli və xarici jurnallarda 223 məqalə, 82 tezis, 17 kitab, 6 monoqrafiya, 3 dərslik, 8 dərs vəsaiti, 18 metodik vəsait və fənn proqramları nəşr olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikanın ümumtəhsil məktəbləri ilə də əlaqələrini möhkəmləndirir. 2014-cü ildə muxtar respublikanın ümumtəhsil məktəblərində işləyən müəllimlər üçün in­s­ti­tutda və yerlərdə elmi-praktik konfranslar, seminarlar, kurslar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov muxtar respublikada təhsilin inkişaf göstəriciləri barədə məlumat verərək demişdir ki, son 20 ildə iqtisadi sahədə qazanılmış uğurlar sosial sahənin əsasını təşkil edən təhsil infrastrukturunun da yenidən qurulmasına geniş imkanlar açmışdır. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada 40 min 182 şagird yerlik 129 ümumtəhsil məktəbi tikilmiş, 34 min 24 şagird yerlik 52 ümumtəhsil məktəbi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 23 uşaq musiqi və bədii sənətkarlıq məktəbi və 3 orta ixtisas təhsil müəssisəsi yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, təhsil ocaqları ən müasir informasiya texnologiyaları ilə təmin edilmişdir. 1995-ci ildə muxtar respublikada 1 ali təhsil ocağı mövcud idisə, hazırda bu müəssisələrin sayı 3-ə çatdırılmışdır. Bu gün gənclərin peşə təhsilinin təşkili, onların zəruri ixtisaslara yiyələnməsi üçün 6 peşə məktəbi fəaliyyət göstərir. Təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğı bu sahənin keyfiyyət göstəricilərini də ilbəil yaxşılaşdırmışdır. 1995-1996-cı tədris ili ilə müqayisədə 2014-2015-ci tədris ilində ali məktəblərə qəbul olunanların sayı 4,3 dəfə, 500-700 intervalında yüksək bal toplayanların sayı isə 69 dəfə artmışdır. Bu artım orta ixtisas məktəblərinə qəbulda da özünü göstərmişdir. Ümumiyyətlə, 1996-cı il yanvarın 1-də muxtar respublikada ali təhsilli şəxslərin sayı 18 min nəfərdən artıq olduğu halda, 2015-ci il yanvarın 1-də onların sayı 45 min nəfər təşkil etmişdir.
“Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli çıxış edərək demişdir ki, muxtar respublikada gənc­lərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Gənc istedadlara dövlət qayğısının artırılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi haqqında” sərəncamları təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, elmin inkişafına səbəb olmuş, gənclərin hərtərəfli təhsil almasına və gənc tədqiqatçı alimlərin fəaliyyətinin stimullaşdırılmasına şərait yaratmışdır. 2014-cü ildə “Naxçıvan” Universitetində 43 elmi-tədqiqat işi yerinə yetirilmiş, tələbə elmi cəmiyyəti xətti ilə 110 tələbə elmi axtarışlara cəlb edilmişdir. Hazırda əməkdaşlardan 7-si fəlsəfə doktoru, 10-u isə elmlər doktoru dissertasiyaları üzərində çalışır. İbrahim Kazımbəyli muxtar respublikada gənclərin elmə yönəldilməsi və elmi tədqiqatla məşğul olmaları üçün yaradılan şəraitə görə gənc tədqiqatçılar adından minnətdarlıq etmişdir.
Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva liseydə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün lazımi şəraitin yaradıldığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, bütün bunlar savadlı, vətənpərvər, əsl azərbaycanlı xanımının keyfiyyətlərini özündə əks etdirən, milli dəyərlərimizə sadiq, intellektual səviyyəli gənc nəsil yetişdirilməsində əvəzsiz rol oynayır. Hazırda Naxçıvan Qızlar Liseyində 335 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 66 müəllim və tərbiyəçi məşğul olur. Yaradılan yüksək şərait liseyin nailiyyətlərinin də ildən-ilə artmasına səbəb olmuşdur. Ötən tədris ilində liseyi bitirən 26 şagirddən 24-ü ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Məzunlardan 2-si qızıl medala, 1-i gümüş medala layiq görülmüşdür. Liseyin direktoru bildirmişdir ki, milli adət-ənənələrimizi qoruyub yaşatmaq və inkişaf etdirmək məqsədilə liseydə tikiş-toxuculuq, xalçaçılıq, kulinariya dərnəkləri fəaliyyət göstərir. Dərnəklərin keçirilməsi üçün 4 əmək kabinəsi, iki xalçaçılıq otağı, hər cür mətbəx ləvazimatları ilə təchiz olunmuş kulinariya otağı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri Vasif Talıbov müşavirədə çıxış etmişdir.
Sonra Naxçıvan Muxtar Respublika mükafatlarının və Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olmuşdur.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilmiş, mükafat komissiyası yaradılmış və komissiyanın əsasnaməsi təsdiq olunmuşdur. Ötən müddət ərzində muxtar respublikanın təşkilatlarından komissiyaya əsərlər təqdim olunmuş, həmin əsərlər elmi və yaradıcılıq şuralarında, ekspert qruplarında, eləcə də Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasında müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən, ədəbiyyat sahəsi üzrə “Poetik-praktik Azərbaycan dili” dərs vəsaitinə görə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov və memarlıq sahəsi üzrə Naxçıvan şəhərində həyata keçirilən memarlıq və dizayn işlərinə görə “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş memarı Hicran Rüstəmov Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülmüşlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri Vasif Talıbov Elbəyi Maqsudov və Hicran Rüstəm­ova 5 min manat pul vəsaiti və “Naxçıvan Muxtar Respublika Mükafatı qalibi”nin diplomunu təqdim etmişdir.
Daha sonra Ali Məclisin Sədri muxtar respublikanın təhsil müəssisələrində fərqlənən 28 müəllim və tələbəyə noutbuk hədiyyə etmişdir.
Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülən professor Elbəyi Maqsudov, müəllimlərdən Xəzər Hüseynov, Sevinc Paşayeva və Səbinə Vəliyeva muxtar respublikada elm və təhsilin inkişafı üçün yaradılan şəraitə və bu sahədə çalışanlara göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən
müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri Vasif Talıbovun
Ç I X I Ş I

 Hörmətli tədbir iştirakçıları!

Hər bir xalqın və ölkənin inkişafında elm və təhsil mühüm əhəmiyyətə malikdir. Azərbaycan cəmiyyəti də elm və təhsilə qovuşaraq müasir səviyyəyə gəlib çıxmışdır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində təhsil sahəsində görülən işləri “çox əhəmiyyətli iş” kimi dəyərləndirərək demişdir: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.
Bu inkişafa görə xalqımız ümummilli liderimizə borcludur. Azərbaycana rəhbərliyinin bütün dövrlərində möhtərəm Heydər Əliyev elm və təhsili himayə etmiş, xalqın intellektual səviyyəsinin yüksəldilməsi qayğısına qalmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və quruculuq siyasəti nəticəsində əhalinin maddi rifah halı yaxşılaşmışdır. Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələri sırasında öz layiqli yerini tutması üçün digər sahələr kimi, təhsil də inkişaf etdirilmiş, təhsil alanların müasir bilik və bacarıqlara yiyələnmələri təmin olunmuşdur.
Ümummilli liderimiz təhsilə üstün istiqamət verərək “Təhsil millətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur. Bütün bunlar təhsilə yeni yanaşma tələb edir. Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın.
Müasir dövrdə elm və təhsil hər bir ölkənin davamlı inkişafının əsasıdır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacib­liyini vurğulayaraq deyirdi ki, “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, öz millətinin elmini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir”.
Ulu öndərimizin tövsiyələri rəhbər tutularaq təhsilə diqqət daha da artırılmışdır. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 150-yə yaxın məktəb binası, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilmiş, ən müasir elm və təhsil infrastrukturu formalaşdırılmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və onun elmi-tədqiqat institutları, 3 ali, 3 orta ixtisas təhsili, 215 ümumtəhsil, 6 peşə təhsili və peşə tədris mərkəzi, 19 məktəbəqədər, 44 məktəbdənkənar tərbiyə və təhsil müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir.
Ali məktəblərdə 7420 tələbə və 462 professor-müəllim vardır. Orta ixtisas məktəblərində 1642 tələbə və 218 müəllim, ümumtəhsil məktəblərində 44 min 212 şagird və 7024 müəllim, məktəbəqədər təhsil müəssisələrində 3302 uşaq və 357 tərbiyəçi-müəllim, musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 7204 şagird və 1679 müəllim, texniki-peşə və peşə tədris müəssisələrində 874 şagird, 46 müəllim və 39 istehsalat-təlim ustası təhsilə və tədris prosesinə cəlb olunmuşdur.
Bütövlükdə, bu gün muxtar respublikanın bütün pillədən olan təhsil müəssisələrində 58 minə yaxın uşaq, şagird, tələbə və kursant, 10 minə yaxın müəllim vardır. Elm, ali və orta ixtisas təhsili müəssisələrində çalışanların 10-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 35-i elmlər doktoru, 177-si isə fəlsəfə doktorudur.
Göründüyü kimi, muxtar respublikanın təhsil mühitində böyük potensial cəmləşmişdir. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, məktəblər ən müasir informasiya avadanlıqları ilə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə, 3700-ə yaxın kompüter, ali və orta ixtisas təhsili müəssisələrində isə 87 elektron lövhə, 900-dən çox kompüter dəsti müəllim, şagird və tələbələrin istifadəsinə verilmişdir. Naxçıvan Dövlət Universitetində ən müasir elektron təhsil şəbəkəsi yaradılmışdır.
Məktəb işi daim təkmilləşən işdir. Bu xüsusat nəzərə alınaraq, məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqinə başlanılmışdır. Müasir cəmiyyətdə distant təhsil təhsilin yeni bir istiqaməti kimi özünü göstərməkdədir. Hazırda kompüter texnologiyasının və internetin təşəkkülü həyatın digər sahələrində olduğu kimi, təhsildə də köklü dəyişikliklər yaratmışdır. Bu gün muxtar respublikada yaşayış məntəqələrinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir. Məktəblərdə quraşdırılan kompüterlərin isə 84 faizi internetə qoşulmuşdur. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən, təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilmiş, muzeylərlə muxtar respublikanın təhsil müəssisələri arasında interaktiv əlaqələr qurulmuşdur. Distant təhsilin üstünlükləri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyasında da vacib element kimi nəzərə alınmış, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır.
Həyata keçirilən təhsil islahatı və tətbiq olunan müasir tədris metodları nəticəsində təhsilin keyfiyyət əmsalı yüksəlmişdir. 2014-cü ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1725-i ali məktəblərin, 519-u isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmış, 347 məzun isə qəbul imtahanlarında 500-700 arası bal toplamışdır.
Muxtar respublikada gənclərin müxtəlif peşələrə yiyələnmələri üçün peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yaxşı­laşdırılması sahəsində də tədbirlər görülmüş, son dövrlərdə 4 peşə liseyi və peşə məktəbi üçün binalar tikilmiş, Naxçıvan şəhərində və Şərur rayonunda texniki-peşə və sürücülük məktəbləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzi istifadəyə verilmişdir.
Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə məktəbəqədər tərbiyə və təhsil sisteminin təşkili də nəzarətdə saxlanmış, son 20 ildə muxtar respublikadakı bütün uşaq bağçaları yeni və müasir binalarla təmin olunmuşdur.
Ali və orta ixtisas təhsili müəssisələrində də təhsilin inkişafı, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması, müxtəlif ixtisaslar üzrə mütəxəssislər, pedaqoji və elmi kadr hazırlığı diqqətdə saxlanmış, yeni təhsil standartlarına keçidlə əlaqədar tədbirlər görülmüşdür. Əgər 1995-ci ildə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində, ümumilikdə, 43 ixtisas üzrə kadr hazırlanırdısa, son 20 ildə bu təhsil müəssisələrində 41 yeni ixtisas açılmışdır. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 84 ixtisas üzrə kadr hazırlığı aparılır.
Həyata keçirilən tədbirlər cəmiyyətdə təhsil göstəricilərinin artmasına səbəb olmuşdur. Əgər 1939-cu ildə muxtar respublika əhalisinin hər on min nəfərinə 1 ali təhsilli düşürdüsə, 1979-cu ildə 227, 1995-ci ildə 554, 2014-cü ildə isə 1038 ali təhsilli düşmüşdür. Bununla yanaşı, orta ixtisas və peşə təhsillilərin də sayı artmışdır.
Göründüyü kimi, böyük bir inkişaf prosesi getmiş, cəmiyyətdə əhalinin ziyalı təbəqəsinin xüsusi çəkisində dəyişiklik baş vermişdir. Biz buna, hər şeydən əvvəl, müəllim əməyi sayəsində nail olmuşuq. Bu gün həyatda baş verən dəyişiklik, elmin və texnologiyanın inkişafı, hər şeydən əvvəl, məktəbin və müəllim əməyinin nəticəsidir.
Müəllim şəxsiyyətinin gənc nəslə olan təsiri elə bir qüvvədir ki, onu nə dərs kitabları, nə də nəsihət əvəz edə bilməz. O yerdə ki, müəllim şəxsiyyətdir, o yerdə ki, müəllim biliyi, davranışı və hərəkətləri ilə nümunə göstərə bilir, orada təhsil səmərə verir, orada çəkilən zəhmət hədər getmir.
Qeyd olunanlara nümunə kimi Azərbaycan xalqının yetişdirdiyi böyük pedaqoq Məhəmməd Tağı Sidqinin müəllimlik fəaliyyətini göstərə bilərik. Məktəbi “cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanı”, müəllimi isə bu böyük mənəvi dünyanın ruhu adlandıran Sidqi tədrisdə və tərbiyədə müəllim şəxsiyyətinin nəyə qadir olduğunu göstərə bilmişdir. Onun yaşadığı dövrdə müəllimə heç bir dövlət mükafatı verilmirdi. Amma sağlığında Məhəmməd Tağı Sidqini “xalq müəllimi” adlandırırdılar. Bu böyük şəxsiyyətin, pedaqoqun xatirəsi bu gün də əziz tutulur, gələcəkdə də əziz tutulacaqdır. Ona görə ki, Məhəmməd Tağı Sidqi müəllim kimi bütöv bir ziyalı nəsli yetişdirmiş, məktəb ənənəsi yaratmışdır. Sonrakı dövrlərdə daha da zənginləşən bu ənənə bu gün böyük təsir və tərbiyə gücünə malikdir.
Muxtar respublikamızın zəngin pedaqoji tarixi vardır. 19-20-ci əsrlərdə ölkəmizdə, o cümlədən Naxçıvanda böyük maarifçilik hərəkatı cərəyan edib. Təhsilin mədrəsə formasından dünyəvi tədris formasına keçidlə bağlı ardıcıl mübarizələr aparılıb. Təhsil vasitəsilə insanların və cəmiyyətin dəyişilməsinə nail olunub. Bütün bunları ümumiləşdirib gələcək nəslə çatdırmaq, Naxçıvanda məktəbdarlıq işini tədqiq və təbliğ etmək, eləcə də müasir təhsilin qabaqcıl təcrübəsini, ayrı-ayrı müəllimlərin pedaqoji ustalığını yaymaq üçün təhsil jurnalının nəşrinə zərurət yaranıb.
Bu gün qarşımızda bir vəzifə durur. Mənəviyyatca təmiz, savadlı və milli dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclər yetişdirməliyik. Muxtar respublikada mövcud təhsil infrastrukturu bu vəzifənin icrası üçün bütün əsasları yaradır. Lakin müəllim əməyi olmadan, peşəkar təhsil kollektivi formalaşdırmadan yaradılan təhsil infrastrukturu faydalı iş müstəvisinə keçirilə bilməz. Odur ki, yeniləşməyə məktəbdən başlamalı, cəmiyyətin sosial çağırışlarına cavabı məktəbdə axtarmalıyıq.
Qarşıda bir neçə istiqamət, yol var. Onlardan birincisi müasir dövrün məktəbinin yaradılmasıdır. Təhsildə yenilik təkcə məktəb binalarının yeniliyi ilə ölçülmür. Hərçənd ki, bu da vacibdir və yeni məktəb binaları, ali və orta ixtisas təhsili müəssisələri üçün tədris korpusları tikilərkən bütün bunlar nəzərə alınır. Ona görə ki, tədris binasında yaradılan şəraitin səviyyəsi, burada quraşdırılan memarlıq elementindən tutmuş sinif otağına, hətta məktəbli bufetinədək hər şey təhsil alanın psixologiyasına və tədrisin səviyyəsinə təsir göstərir. Lakin bununla yanaşı, bizi daha çox yeniləşmiş təhsil mühitində tədrisin təşkili formaları düşündürür. Etiraf edək ki, bu gün ənənəvi təhsil metodu, yəni “hafizə məktəbi” modeli özünü doğrultmur. Təhsildə biliklərin mexaniki şəkildə əzbərlənməsinə yox, təhlilə, məntiqi təfəkkürə əsaslanan istiqamətlərin inkişafına çalışmalıyıq. Şagird və tələbələrin sərbəst mühakimə yürütmək və təhlil aparmaq bacarıqlarına, analitik nəticə çıxarmaq qabiliyyətlərinə üstünlük verməliyik.
Çalışıb ona nail olmalıyıq ki, bütün pillələrdən olan məktəblər elm, bilik, təhsil verməklə yanaşı, eyni zamanda milli ruhun və tarixi yaddaşın təzahür olunduğu mərkəzlər kimi də formalaşa bilsinlər. Biz milli dəyərləri uşaq yaşlarından təlqin etməli, bu məsələdə ailənin və məktəbin rolunu gücləndirməliyik. İndiki qloballaşma şəraitində gənc nəsli xalqımızın milli dəyərlərinə yad elementlərdən qorumalı, gənclərimizi xalqımızın adət-ənənələrinə, dövlətə və Vətənə sədaqət ruhunda tərbiyə etməliyik. Bu gün məktəblərdə şagird, kursant, tələbə yetişdirməklə bərabər, ümummilli və bəşəri dəyərlər əsasında yeni nəsil yetişdirməliyik.
Dövlətlərin və xalqların gücü onun əhali sayının azlığı və ya çoxluğu ilə ölçülmür. O dövlət və ya xalq güclüdür ki, onun gəncliyi güclüdür. Gəncliyin gücü isə qol qüvvəsi deyil. Güclü gənclik öz kökünə, adət-ənənəsinə, ana dilinə və torpağına sədaqətli gənclikdir, vətənpərvər və təhsilli gənclikdir.
Milli dəyərlər kimi, vətənpərvərlik də ailədən başlamalı, bu iş təhsil müəssisələrində sistemli şəkildə təşkil olunmalı, təhsil alanlarda dövlət rəmzlərinə məhəbbət, milli dövlətçilik və Azərbaycançılıq hisləri aşılanmalıdır. Bu sahədə fəaliyyət çevik xarakter daşımalı, uşaq və gənclərin vətənpərvərlik mövzusunda teatr tamaşalarına cəlbinə də diqqət yetirilməlidir.
Bundan əlavə, bədii ədəbiyyat mütaliəsi də məktəbli gənclərin dünyagörüşünün və nitq mədəniyyətinin inkişafına öz təsirini göstərə bilər. Uşaq yaşlarından mütaliə edilən nəsr, poeziya və dramaturgiya nümunələri böyük təsir gücünə malikdir. Tədris və tərbiyə prosesində bunlar mütləq nəzərə alınmalı, məktəb kitabxanalarının imkanlarından istifadə olunmalıdır.
Muxtar respublikada tətbiq olunan yeni təhsil metodlarından biri də şahmatın tədris proqramına daxil edilməsidir. Bu, ona görə lazımdır ki, şahmat gənc yaşlarda məntiqli düşünmək qabiliyyəti formalaşdırır. Bununla yanaşı, biz təhsil alanların fiziki sağlamlığının da qayğısına qalmalı, bədən tərbiyəsi və idman dərslərinin, eləcə də məktəblərarası idman yarışlarının təşkilinə diqqəti artırmalıyıq. Nəzərə almaq lazımdır ki, şagird, tələbə və kursantların asudə vaxtlarının təşkili üçün təhsil müəssisələrində və onlardan kənarda bütün infrastruktur mövcuddur. Bunlardan səmərəli istifadə etmək, təhsili mənəvi və fiziki tərbiyə ilə uzlaşdırmaq lazımdır. Təhsil alanların sağlamlığı sağlam təfəkkürün formalaşmasında əsas amil kimi götürülməlidir.
Bir sözlə, təhsilin yenilikçi təcrübələr əsasında təşkili imkanları genişdir. Son vaxtlar muxtar respublikanın bəzi ümumtəhsil məktəblərində elm və ali təhsil müəssisələrinin elmi dərəcəli əməkdaşlarının nümunəvi dərsləri keçilir. Tədrisin bu cür təşkili keyfiyyətlə yanaşı, şagirdlərin ixtisas seçimlərinə və cəmiyyətdə öz yerlərini tutmaları üçün düzgün qərar qəbul etmələrinə müsbət təsir göstərə bilər. Odur ki, elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli əməkdaşlarının ayda bir dəfə ümumtəhsil məktəblərində nümunəvi dərs keçmələri tədrisdə yeni istiqamət kimi dəyərləndirilir.
Təhsilin yeni keyfiyyət mərhələsinə qaldırılması günün tələbidir. Biz bu yolla gedərək, ilk növbədə, çalışmalıyıq ki, orta məktəbi bitirən gənc ana dilini mükəmməl bilsin, azı bir xarici dili öyrənsin və kompüter təlimini mükəmməl mənimsəsin. Bundan başqa, gənc­lərin elmi-tədqiqat işlərinə cəlbinə də diqqəti artırmaq, elmi işlərin səmərəliliyini yüksəltmək lazımdır.
Yaradılmış imkanlardan istifadə edərək təhsilin və elmin inkişafını daha da gücləndirməliyik. Muxtar respublikada yaradılan və qurulan nə varsa, ölkəmizin və muxtar respublikamızın gələcəyinə xidmət edir. Bununla yanaşı, aparılan quruculuq işlərinin gələcək təminatçılarını – gənc nəsli də layiq olduğu səviyyədə yetişdirməliyik. Fəaliyyətimizi günün tələblərinə uyğun qurmalı, bütün pillələr üzrə təhsilin və elmi tədqiqatların səmərəliliyini artırmalıyıq.
Ölkəmizdə, o cümlədən muxtar respublikamızda iqtisadiyyatın sürətli inkişafı bilikli və savadlı gənclərin, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zərurətə çevirmişdir. Ona görə də təhsilin bütün pillələrinin inkişafı ilə gündəlik məşğul olmalıyıq.
Hörmətli tədbir iştirakçıları!
Bu gün muxtar respublikada təhsilin vəziyyəti ilə bağlı ətraflı müzakirələr aparıldı.
20 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında elan olunduğu kimi, bu gün də qeyd etməyi lazım bilirik ki, təhsilə və ordu quruculuğuna xüsusi diqqət göstəriləcək, bu sahələr muxtar respublikamızda həyata keçirilən siyasətin əsasında dayanacaqdır. Bu gün hərbi quruculuğun təxirəsalınmazlığı ölkəmizin düşdüyü müharibə vəziyyəti ilə bağlıdırsa, təhsil sahəsinə diqqətin təxirəsalınmazlığı ölkəmizin gələcəyi ilə bağlıdır. Odur ki, təhsil dünən olduğu kimi, bu gün də, gələcəkdə də bir nömrəli vəzifələr sırasında dayanacaqdır.
Ümummilli liderimiz Heydər Əliyev təhsili cəmiyyət həyatının strateji sahəsi hesab edərək deyirdi ki, “Əgər bizim yüksək təhsil potensialımız, güclü kadr potensialımız olmasa, nə iqtisadi, nə elmi, nə də sosial potensiala malik ola bilmərik. Yaxşı təhsil ölkə­nin gələcək inkişafı üçün yaxşı əsas yaradılması deməkdir. Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Yüksək bilik səviyyəsinə nail olmaq üçün isə təhsil ardıcıl surətdə inkişaf etdirilməlidir”.
Bu vəzifələrin icrasında sizə uğurlar arzulayır və qarşıdan gələn Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm!
Sağ olun!

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR