Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Mənsur Ayrım ilə görüşmüşdür.
Baş konsul etimadnaməsini Ali Məclisin Sədrinə təqdim etmişdir.
Ali Məclisin Sədri Mənsur Ayrımı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlığa diqqəti çəkən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
Ali Məclisin Sədri Baş konsulun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Mənsur Ayrım Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu vurğulamış, İranın yaxın vilayətləri ilə muxtar respublika arasındakı əlaqələrin inkişafında öz səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti