Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.
İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim etdi. Rusiya idmançılarının Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi.
Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd etdi.
* * *
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
AZERTAC