08 Yanvar 2025, Çərşənbə

Muxtar respublikada müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi üçün zəruri tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yeni səyyari xidmət yaradılmışdır.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səyyari xidmət üçün xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobillərə baxmış, səyyari xidmətin təşkili ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, səyyari xid­mətin göstərilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün “NAZ-Lifan-6401”, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün “Hundai” markalı avtomobillər alınmışdır. Avtomobillər xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilmişdir. Məqsəd əhalinin mərkəzlərə gəlmədən və vaxt itkisinə yol vermədən hüquqi xidmətlərdən yararlanmasını təmin etməkdir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səyyari xidmət avtomobilinə baxış zamanı bildirilmişdir ki, əvvəllər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş mülkiyyət haqqında sənədlərin daşınmaz əmla­kın dövlət reyestrində qeydiyyata alınması artıq yerlərdə həyata keçiriləcəkdir. Bunun üçün aylıq qrafiklər tərtib edilərək rayon icra hakimiyyətlərinə göndərilir, xidmət göstəriləcək yaşayış məntəqələrinin mülkiyyətçiləri və xəritə materialları sistemə yüklənir. Məlumat bazası xidmətin daha asan və operativ təşkilinə imkan verir. Səyyari xidmət zamanı, ilk növbədə, vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər rayon şöbələri tərəfindən elektron sistemə salınaraq təsdiq üçün xidmətin mərkəzi aparatına göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır. Bütün proseslər tamamlandıqdan sonra hazırlanan sənədlər vətəndaşlara çatdırılır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstəriləcəkdir. Nazirliyin səyyari xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verəcəkdir.
Hər iki səyyari xidmət avtomobili kənd mərkəzlərinin yaxınlığında fəaliyyət göstərəcək, xidmətlərə görə rüsumlar POS-terminal və yerlərdəki poçt şöbələri vasitəsilə ödəniləcəkdir. Həmçinin yaşayış məntəqələrində səyyari xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulacaq və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılacaqdır.
Ali Məclisin Sədri səyyari xidmətin təşkili və təkmilləşdirilməsi ilə bağlı aid orqanlara müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR