Muxtar respublikada kəndlərin infrastrukturunu səciyyələndirən əsas cəhətlərdən biri də yeni sosial obyektlərin inşasıdır. Əhalinin rahat yaşayışının təmin olunmasına hesablanmış bu tədbirlər son illər geniş vüsət alıb. Davamlı inkişaf yoluna qədəm qoyan Babək rayonunun kəndlərində də geniş quruculuq işləri aparılır. Bu kəndlərdən biri də Qoşadizədir.
Martın 6-da Qoşadizə kəndində yeni tikilən sosial obyektlərin açılışı olmuşdur.
Kənd məktəbi üçün yeni bina tikilib
Təhsilin inkişafında vacib amillərdən biri də müasir infrastrukturun yaradılmasıdır. Xüsusilə yeni texnologiyaların tədrisdə tətbiqi məktəblərdə dərslərin daha səmərəli təşkilinə, dünyagörüşlü və savadlı gənclərin yetişdirilməsinə imkan verir. Son illər muxtar respublikada ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər də bu məqsədə xidmət edir.
Martın 6-da Qoşadizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək demişdir ki, son illər Babək rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ötən il Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası, uşaq bağçası və rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəhri, Qahab, Naxışnərgiz, Güznüt kəndlərində müasir sosial obyektlər tikilərək istifadəyə verilmiş, 25,6 kilometrlik Hacıvar-Vayxır-Sirab, 14,5 kilometrlik Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolları yenidən qurulmuş, içməli su və kanalizasiya sistemlərinin çəkilişi davam etdirilmişdir. Hazırda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir. Bu gün isə Qoşadizə kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahatlığının təmin olunmasına və yaşayış məntəqələrinin kompleks inkişafına xidmət edir. İcra başçısı yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qoşadizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Bu da ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının müstəqillik dövründə uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Artıq ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, xalqımız inkişaf etmiş xalqlar sırasına yüksəlmişdir.
Ulu öndərimiz deyirdi ki, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə nail olmaq üçünsə təhsil ardıcıl surətdə inkişaf etməlidir”. Bu fikirdə böyük həqiqət vardır. O ölkə inkişaf etmiş ölkə hesab olunur ki, orada təhsilə yüksək qiymət verilir, insanların bilik səviyyələri artırılır. Təhsilin səviyyəsini yüksəltmək üçünsə müəllimə, məktəb işinə dövlət qayğısı göstərilməlidir. Bu gün ölkəmizdə müəllim əməyinə yüksək qiymət verilir, yeni məktəb binaları tikilir, təhsil müəssisələri müasir avadanlıqlarla təmin olunur”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə gənc nəslin yaxşı təhsil alması, peşə sahibi olması üçün də müvafiq tədbirlər görülür. Bu məqsədlə təhsilin orta, peşə, orta ixtisas və ali təhsil pillələri müəyyənləşdirilmişdir. Həmçinin gənclərin xarici ölkələrdə ali təhsil almaları üçün də hərtərəfli şərait yaradılmışdır. Belə ki, orta məktəbdə yaxşı oxuyan, yüksək balla ali məktəblərə qəbul olunan gənclər dövlətimiz tərəfindən xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bütün bunlar da ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir. Çünki məktəblərdə təhsil alan gənclər müstəqil Azərbaycanın gələcək təminatçılarıdır. Ona görə də gənclər üzərlərinə düşən bu məsuliyyəti dərk edərək yaxşı təhsil almalı, vətənpərvər olmalı, özlərini gələcəyə hazırlamalıdırlar. Müəllimlər isə yaradılan şəraitdən düzgün istifadə etməli, təhsilli, dünyagörüşlü və vətənpərvər gənclər yetişdirməlidirlər”.
“Vətənpərvərlik və təhsilə münasibət ailədən başlayır və məktəbdə formalaşır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu işdə valideynlərin üzərinə böyük vəzifələr düşür. Vətənpərvərlik hisləri hər bir uşağa ailədə öyrədilməli, məktəblərdə isə bu iş daha da təkmilləşdirilməlidir. Bu mənada ailə-məktəb birliyi ölkəmizin gələcəyinə xidmət edir. Bunların yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazım olan şərait yaradılmışdır. Ölkəmizdə sabitlik, iqtisadi inkişaf, məktəblərdə isə müasir tədris şəraiti mövcuddur. Bu da gənc nəslin vətənpərvər və savadlı böyüdülməsində başlıca şərtdir.
Qeyd olunmuşdur ki, Qoşadizə kənd tam orta məktəbində tədris düzgün qurulmuşdur. Kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Şagird-müəllim münasibətlərində tələbkarlıq vardır. Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri bunu bir daha təsdiq edir.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara gələcək tədrisdə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Bildirilmişdir ki, 360 şagird yerlik məktəbdə müasir tədris vasitələri quraşdırılmışdır. Binada 4-ü elektron lövhəli olmaqla, 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter və 2 şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Muxtar respublikada gənclərin kitabxanaya cəlbi və mütaliə vərdişlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ümumtəhsil məktəblərində müasir kitabxanalar istifadəyə verilir, kitabxana işi daha da təkmilləşdirilir. Qoşadizə kənd tam orta məktəbinin kitabxana fondunda da 6 min 715 kitab vardır.
Kompüter otaqlarında 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Həmçinin ayrı-ayrı laboratoriyalarda quraşdırılan elektron tədris avadanlıqları, istifadəyə verilən elektron lövhəli siniflər müasir tədris metodlarının tətbiqinə geniş imkanlar açır.
Ali Məclisin Sədri ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə ciddi diqqət yetirilməsi, eləcə də kimya, biologiya və fizika müəllimlərinin ixtisasartırma kurslarına göndərilməsi barədə tapşırıqlar vermişdir.
Muxtar respublikada təhsilin informasiyalaşdırılması və müasir texnologiyalarla təminatı sahəsində görülən işlər elektron tədrisin təşkilinə geniş imkanlar açmışdır. Elektron lövhəli sinfə baxış zamanı muxtar respublikanın 210 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında interaktiv dərs nümayiş olunmuşdur.
Sonra Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu tədris ilində məktəbin birinci siniflərinə 23 şagird qəbul olunmuşdur. Müəllimlər dərslərin şagirdlərin qavrayacağı formada tədrisinə üstünlük verir, onlarla fərdi söhbətlər aparırlar.
Şahmatın tədrisi uşaqların əqli inkişafına və asudə vaxtlarının təşkilinə köməklik göstərir. Məktəbin şahmat otaqları bütün lazımi vasitələrlə təchiz olunmuşdur.
Muxtar respublikada şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə, hərb sənətinə marağın artırılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə işlər idmanın inkişafı ilə paralel aparıldıqda isə daha effektiv nəticələr verir. Qoşadizə kənd tam orta məktəbində müasir hərbi kabinə, geniş idman zalı və açıq idman qurğularının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir.
İdman zalı ilə tanışlıq zamanı Ali Məclisin Sədri gənclərin fiziki inkişafının vacibliyini vurğulamış, bədən tərbiyəsi və idman dərslərinə xüsusi diqqət yetirilməsi, gənclərin idmana marağının artırılması barədə tapşırıqlar vermişdir.
Məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra Ali Məclisin Sədri müəllimlərlə görüşmüşdür.
Söhbət zamanı Ali Məclisin Sədri demişdir ki, Qoşadizə kənd tam orta məktəbi tam müasir tələblərə cavab verir. Bu da təhsilin səviyyəsini yüksəltməyi, nailiyyətləri daha da artırmağı zəruri edir. Müasir tədris avadanlıqlarından istifadə keçilən dərslərin daha yaxşı qavranılmasına imkan verəcəkdir. Müəllimlər daim üzərlərində işləməli, tədrisdə yeni texnologiyaların imkanlarından geniş istifadə olunmalı, nailiyyətlər artırılmalıdır.
Müəllim Şəmsiyyə Əsgərova kollektiv adından minnətdarlıq edərək demişdir ki, hər cür şəraiti olan məktəb binasının istifadəyə verilməsi gənc nəslə göstərilən qayğının daha bir ifadəsidir. Bu şəraitdən səmərəli istifadə etmək, vətənpərvər və bilikli gənclər yetişdirmək isə pedaqoji kollektivin qarşısında duran əsas vəzifələrdir. Müəllimlər bundan sonra da məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlar.
Məktəbin həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Qoşadizədə kənd mərkəzi istifadəyə verilmişdir
Muxtar respublikada sosial sahənin inkişafına hesablanmış quruculuq tədbirləri sırasında kənd mərkəzlərinin inşasına mühüm əhəmiyyət verilir, dövlət qurumlarının fəaliyyətinin vahid mərkəzdən təşkili təmin olunur. Kənd yaşayış məntəqələrində bu cür idarəetmə mexanizminin formalaşdırılması bilavasitə sakinlərin rahatlığına xidmət edir.
Martın 6-da Qoşadizə Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ikimərtəbəli binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə və mədəniyyət evləri, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana və 60 yerlik iclas zalı yerləşir.
Rabitə evində poçt şöbəsi yaradılmış və 384 nömrəlik yeni nəsil ATS quraşdırılmışdır. Sakinlər yeni sistem vasitəsilə ən müasir rabitə xidmətlərindən – genişzolaqlı internet, IP televiziya və digər elektron xidmətlərdən istifadə edəcəklər. Həmçinin poçt şöbəsində yaradılan şərait əhaliyə nümunəvi xidmət göstərməyə və kommunal xidmət haqlarının yığılmasına imkan verəcəkdir.
Binada Qoşadizə kənd bələdiyyəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün də müasir şərait yaradılmışdır.
Mərkəzdə kənd kitabxanasının və mədəniyyət evinin fəaliyyəti də təmin edilmişdir. Kitabxanada 7228 ədəbiyyat vardır.
Yeni Azərbaycan Partiyası Qoşadizə kənd ərazi ilk təşkilatının 62 üzvü vardır. Onlardan 24-ü gənclər, 10-u isə qadınlardır. Müasir iş otağı ərazi ilk təşkilatının daha səmərəli fəaliyyətinə imkan verəcəkdir.
Baytarlıq məntəqəsinə baxış zamanı Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, kənddə bioloji təhlükəsizliyin qorunması diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq ilbəil artırılır. Hazırda baytarlar mövsümlə əlaqədar olaraq profilaktik tədbirlər görür, təsərrüfatlarda xəstəliklərə qarşı dezinfeksiya işləri aparırlar.
Sonra Ali Məclisin Sədri feldşer-mama məntəqəsində olmuş, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.
Bildirilmişdir ki, binada feldşer-mama məntəqəsi üçün iş otaqları ayrılmış, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunmuşdur. Tibb işçiləri əhali arasında səhiyyə maarifinin aparılmasını, gigiyenik qaydalara əməl olunmasını əsas istiqamət kimi müəyyənləşdirmişlər. Həmçinin hamilə qadınların qeydiyyata alınması, onlara patronaj xidmətin göstərilməsi, uşaqların vaxtlı-vaxtında peyvəndə cəlb olunması da diqqət mərkəzindədir.
Ali Məclisin Sədri kənd sakinlərinin sağlamlığının qorunması sahəsində bundan sonra da ardıcıl tədbirlərin görüləcəyini bildirmiş, səhiyyə xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Binada fərdi istilik sistemi yaradılmış və həyəti abadlaşdırılmışdır.
Qoşadizə kəndində yeni xidmət mərkəzi fəaliyyət göstərəcəkdir
Martın 6-da Qoşadizə kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra xidmət mərkəzi ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, geyim dəstlərinin və təsərrüfat mallarının satışı təşkil olunmuşdur. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
Ali Məclisin Sədri demişdir ki, dövlətimiz tərəfindən sakinlərin rahat yaşayışı istiqamətində ardıcıl tədbirlər görülür, yaşayış məntəqələri müasirləşdirilir. Qoşadizə kəndi də öz simasını tamamilə dəyişmişdir. İstifadəyə verilən yeni sosial obyektlər, yaradılan şərait əhalinin rahat yaşayışına hesablanmışdır. Qoşadizə kəndinin bərəkətli və məhsuldar torpaqları, zəhmətkeş insanları vardır. İnsanlar əkinçiliklə, maldarlıqla məşğul olurlar. Yaradılan şərait gələcəkdə də bu işlərin davam etdirilməsinə, əhalinin rahat və firavan yaşayışına, məskunlaşmanın artmasına səbəb olacaqdır. Sakinlər göstərilən dövlət qayğısından layiqincə bəhrələnməli, kəndin abadlaşmasında bundan sonra da yaxından iştirak etməlidirlər.
Ali Məclisin Sədri kəndin kompleks inkişafını xalq-dövlət birliyinin nəticəsi kimi dəyərləndirmiş, qarşıdan gələn Novruz bayramı münasibətilə sakinləri təbrik etmişdir.
Kənd sakini, ziyalı Zeyqəm Məhərrəmov minnətdarlıq edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi ölkəmizi inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu inkişaf, tərəqqi Naxçıvan Muxtar Respublikasının da bütün yaşayış məntəqələrini əhatə etmişdir. Şəhər, qəsəbə və kəndlərdə böyük quruculuq işləri aparılır. Qoşadizə kəndinin müasir görkəm alması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bu gün kənd kompleks şəkildə abadlaşmışdır. İnsanlar rahat yoldan, fasiləsiz elektrik enerjisindən, təbii qazdan, rabitə xidmətindən istifadə edirlər. Gənc nəslin hərtərəfli böyüməsinə xidmət edən müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi isə sakinlər üçün ən böyük hədiyyədir. İnsanlar bütün bu işləri xalqa, Vətənə, dövlətçiliyə sədaqətlə xidmətin nəticəsi hesab edir, ölkəmizin inkişafına öz töhfələrini verməyə çalışırlar.
* * *
Kənddə 1200 metr yola asfalt örtük salınmış, 482 metr uzunluğunda beton kanal çəkilmiş, 16 su keçidi tikilmişdir. Sakinlərin kommunal şəraiti də yaxşılaşdırılmış, 2800 metr fiber-optik, 2000 metr yerüstü və 1500 metr yeraltı rabitə xətti çəkilmiş, 450 metr elektrik xətti yenilənmiş, müxtəlifgüclü transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. Həmçinin yeni tikililərə 238 metr məsafədə qaz, 220 metr içməli su xətləri çəkilmiş, yaşıllıqların suvarılması üçün 2250 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti