Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər Rabitə və Yeni Texnologiyalar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi yaşayış məntəqələrində müasir poçt-rabitə xidmətlərinin təşkilinə səbəb olmuşdur.
Fevralın 27-də Babək Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşdırılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 11 ildə muxtar respublikada rabitə xidmətlərinin həcmi 4 dəfə, avtomat telefon stansiyalarının sayı 2,3 dəfə, telefon abunəçilərinin sayı 2 dəfə, internet trafikinin həcmi 20 min dəfə, telekommunikasiya kanallarının tutumu isə 4 min dəfə artmışdır. Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin tətbiqi istiqamətində də müvafiq işlər görülmüş, “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidməti haqları, elektrik enerjisi və təbii qazdan istifadə haqlarının onlayn ödənişinə başlanılmışdır. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərdiyi xidmətlərin həcmi də artırılmış, 2014-cü ildə 12 yeni avtomat telefon stansiyası və 9 yeni poçt bölməsi istifadəyə verilmişdir. Əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edərək demişdir: “1979-cu ildən fəaliyyət göstərən Babək Rayon Rabitə İdarəsi 1 qəsəbə və 36 kəndi əhatə etməklə, 73 minə yaxın əhaliyə xidmət göstərir. Rayonda rabitə xidməti 25 avtomatlaşdırılmış rabitə bölməsi tərəfindən həyata keçirilir. Eyni zamanda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı da 24 poçt bölməsi ilə rayon əhalisinin xidmətindədir. Babək rayonunun kənd yaşayış məntəqələrində müasirtipli ATS-lər qurulmuş, bütün ərazi optik arabağlantı ilə təmin olunmuş və internetin əhatə dairəsi 100 faizə çatdırılmışdır. Yaradılan bu şərait rayonda rabitə və poçt xidmətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verir”.
“Yeni texnologiyaların tətbiqi, rabitə və poçt xidmətinin səviyyəsinin yüksəldilməsi zamanın tələbidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ölkəmizdə rabitə və yeni texnologiyalar sisteminin inkişafı diqqət mərkəzində saxlanılır. Son illər bu sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, qanunvericilik bazası yaradılmış, dövlət proqramları qəbul olunmuşdur. Ölkəmizdə həyata keçirilən bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikada da informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir, bu sahədə müvafiq tədbirlər görülür.
Ali Məclisin Sədri demişdir: “Müasir cəmiyyəti yeni texnologiyalarsız təsəvvür etmək olmaz. Cəmiyyət həyatının bütün sahələrində yeni texnologiyaların tətbiqi vacibdir. Çünki bunlarsız ölkənin inkişafını təmin etmək mümkün deyil. Bu gün ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilməsinin əsas səbəbi də cəmiyyətin informasiyaya olan tələbatını ödəmək, eləcə də təhsil sistemini yeni texnologiyaların tətbiqi hesabına inkişaf etdirməkdir. Muxtar respublikada buna nail olunmuş, ümumtəhsil məktəblərində kompüter sinifləri yaradılmış, internetə çıxış təmin edilmiş, elektron lövhələr quraşdırılmışdır. Həmçinin muxtar respublikada distant təhsilin tətbiqinə başlanılmış, məktəb-muzey şəbəkəsi yaradılmışdır. Bundan başqa, əhalinin rahatlığını təmin etmək üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, onun filial və bölmələrinin fəaliyyəti təmin edilmişdir. Artıq muxtar respublika əhalisinə yaşadıqları ərazilərdəki poçt şöbələri vasitəsilə müxtəlif xidmətlər göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrinin tamamilə optik arabağlantı ilə təmin edilməsi və alternativ optik xəttin çəkilişinin başa çatdırılması isə “Evədək optika” layihəsinin həyata keçirilməsinə geniş imkanlar açmışdır. Bir sözlə, bu gün rabitə və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın inkişafına və əhalinin rahatlığına xidmət edir”.
Ali Məclisin Sədri qarşıda mühüm vəzifələrin durduğunu bildirərək demişdir: “Bu gün dünyada gedən prosesləri izləmək və müasir inkişafla ayaqlaşmaq üçün informasiya texnologiyalarının tətbiqinə, inkişafına və öyrənilməsinə ciddi fikir verilməlidir. Yeni texnologiyaların tətbiqi yeni mütəxəssislərin hazırlanması deməkdir. Muxtar respublikada yeni texnologiyaların tətbiqi ilə yanaşı, mütəxəssis hazırlığına da ciddi diqqət yetirilməlidir. Rabitə sistemində yeni texnologiyaların tətbiqi həm də əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməyi zəruri edir. Ona görə də Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun qurumları əhaliyə nümunəvi xidmət göstərməli, insanlar muxtar respublikada quraşdırılan yeni texnologiyaların, müasir rabitə və poçt xidmətlərinin imkanlarından istifadəyə təşviq olunmalıdır”.
Ali Məclisin Sədri rabitə işçilərinin əhaliyə nümunəvi xidmət göstərmək üçün səylərini daha da artıracaqlarına əminliyini bildirmiş, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 16 iş otağı ayrılmış, 72 yerlik iclas zalı, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilmişdir. Burada informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri tətbiq olunmuş, müasir elektron avtomat telefon stansiyası, yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılmışdır. Bu da abunəçilərə çoxfunksiyalı rabitə xidmətlərindən, o cümlədən telefon, videotelefon, IP televiziya, genişzolaqlı internetdən istifadəyə imkan verəcəkdir.
Binada “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialının fəaliyyəti də təmin edilmişdir. Burada dövri mətbuatın satışı, teleqram, məktub, pul baratları və bağlamaların qəbulu və göndərişi, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması, mobil cihazların qeydiyyatı və digər bank-maliyyə xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Poçt əməliyyatlarının avtomatlaşdırılması göndərişlərin qısa zamanda və etibarlı çatdırılmasına imkan verəcəkdir.
Binanın üçüncü mərtəbəsində tikintisi başa çatdırılan Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının təqdimatı olmuşdur.
Ali Məclisin Sədri Babək rayon telekommunikasiya şəbəkəsini alternativ fiber-optik kabel magistralına birləşdirən sistemi işə salmış, muxtar respublikanın fiber-optik kabel şəbəkələrinin yerləşmə sxeminə və bununla bağlı hazırlanmış filmə baxmışdır.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov muxtar respublikada fiber-optik kabel şəbəkələrinin qurulması sahəsində görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, tikintisinə 2005-ci ildən başlanılan fiber-optik kabel şəbəkəsi muxtar respublika ərazisinin 94 faizini əhatə edir. Hazırda muxtar respublikada istismar edilən fiber-optik kabel xətlərinin uzunluğu 1136 kilometrdən artıqdır. Bu da muxtar respublikanın həm daxili, həm də xarici telekommunikasiya əlaqələrinin kəsintisiz həyata keçirilməsinə imkan verir. Uzunluğu 242 kilometr olan Sədərək-Ordubad fiber-optik kabel magistralına ilkin olaraq Naxçıvan şəhəri və Babək rayonu qoşulmuşdur. Növbəti mərhələdə digər yaşayış məntəqələri də bu xəttə birləşdiriləcək və bununla da, Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyi tam təmin olunacaqdır.
Fiber-optik kabel şəbəkəsi televiziya siqnallarının verici stansiyalara çatdırılmasına və rəqəmsal yayımın tətbiqinə də imkan verir. Artıq muxtar respublikada rəqəmsal yayıma keçid tamamilə başa çatdırılmışdır. Hazırda 6 güclü və 43 azgüclü verici vasitəsilə bütün yaşayış məntəqələrində televiziyanın rəqəmsal yayımı təşkil olunmuşdur. Bu ilin yanvar ayında isə muxtar respublika ərazisində 67 televiziya kanalının DVB-T2 standartında yayımına başlanılmış, Naxçıvan Dövlət Televiziyasının HD formatda yayımı təmin edilmişdir.
Binada yaradılan şəraitlə tanışlıqdan sonra Ali Məclisin Sədri Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialının kollektivi ilə görüşmüş, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Binanın həyəti də abadlaşdırılmış, transformator yarımstansiyası və generator quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti