08 Yanvar 2025, Çərşənbə

Fevralın 26-da Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül qoymuşlar.
Anım mərasimində qeyd edilmişdir ki, erməni millətçiləri Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etdi. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirildi. Bir gündə 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. Xocalı faciəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür. Soyqırımı nəticəsində bir günün içində Xocalı adlı şəhər yer üzündən silinmişdir. Soyqırımı aktı zamanı Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmiş, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə aman verilməmişdir.
Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanat verərək Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli lideri­mizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 1700-də Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ulu öndərimiz Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün də tədbirlər görmüşdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Ulu öndərimizin siyasi kursunu da­vam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımı ilə bağlı demişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.
Tədbirdə vurğulanmışdır ki, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası təsis olunmuşdur. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi və “Xocalıya ədalət” kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Xocalı harayı, Xocalı fəryadı ürəklərdə qanayan yaradır. Bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir, Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinq­lər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sənədli materiallar nümayiş etdirilir. Xocalıda ermənilər tərəfindən törədilən soyqırımını beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır, dünyanın hər yerində bu soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Peru, Honduras, Sudan, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımış, Rumıniya, Kanada və İordaniya parlamentləri isə bu barədə xüsusi bəyanat qəbul etmişlər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının 15 ştatının qanunverici orqanları da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışlar. Dünyanın hər tərəfində Xocalı soyqırımının tanınması haqqın, ədalətin təntənəsidir.
Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və milli mənafeyə uyğun siyasi xətt bütün Azərbaycan xalqının iradəsini əks etdirir. Ölkə rəhbəri cənab İlham Əliyevin apardığı qətiyyətli xətt Azərbaycan xalqının ürəyindən xəbər verir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.
Muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilmiş, faciə zamanı soyqırımına məruz qalan xocalılıların xatirəsi dərin ehtiramla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR