08 Yanvar 2025, Çərşənbə

Fevralın 24-də Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşlar.

Bildirilmişdir ki, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi kamera-nəzarət sistemi, server və texniki təminat otaqlarından ibarətdir. Mərkəzdə 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilmiş, 202 IP telefon quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə qoşulmuşdur. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunmuş, otaqlarda yanğından mühafizə və kartla giriş sistemi yaradılmışdır. Layihə çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması aparılmış, tələbələr üçün 14 min ədəd ID tələbə bileti, müəllimlər üçün 2000 ədəd ID kart hazırlanmışdır. Universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır.

Kamera-nəzarət sisteminə birləşdirilən 47 videokamera vasitəsilə imtahanların gedişini birbaşa izləmək, yaddaşda saxlamaq və universitet ərazisinə nəzarət etmək mümkündür.
Rəqəmsal multimedia infrastrukturu ilə tanışlıq zamanı məlumat verilmişdir ki, “Universitet” televiziyasında yaradılan yeni infra­struktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcəkdir. Bu məqsədlə “Universitet” televiziyasına 2 televizor, 5 yaxa və 2 masaüstü mikrofon dəsti, 6 səsgücləndirici, 1 montaj kompüteri, 2 videokamera və 12 proyektor verilmiş, virtual studiya quraşdırılmışdır. Sistem onlayn dərslərin hazırlanması və studiya çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunmuşdur. Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımına başlanılmışdır. “Jurnalistika” ixtisası üzrə təhsil alan tələbələr yaradılan şəraitdən istifadə etməklə təcrübi biliklərini daha da möhkəmləndirəcəklər.
Ali Məclisin Sədri elektron mühazirə və imtahan otaqlarına baxmışdır.
Qeyd olunmuşdur ki, layihəyə uyğun olaraq 350 kompüter alınmış, universitetin fakültələrində 15 elektron kürsülü auditoriya, hər biri 29 kompüterlə təmin edilmiş 12 imtahan otağı yaradılmışdır. Universitet şəhərciyində 3900 metr optik kabel xətti çəkilmiş, tədris korpuslarının internet xətləri yenilənərək 14 server otağı qurulmuşdur. Həmçinin elektron kitabxanada yeni internet mərkəzi istifadəyə verilmişdir. Fakültələrdə elektron cədvəllərin və məlumatların nümayişi üçün 30 monitor qoyulmuş, senat otağında policam kamera, 21 nəfərlik mikrofon, 3 elektron monitor və 1 elektron kürsü quraşdırılmışdır. Bütün bunlar da videokonfransların təşkilinə, tədris, imtahan və qiymətləndirmə proseslərinin daha şəffaf və çevik formada aparılmasına imkan verəcəkdir.
Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxmışlar. Sərgidə universitetin müəllim və tələbələrinin müxtəlif janrlarda çəkdikləri 30 rəsm əsəri nümayiş olunmuşdur.
Tədbir konservatoriya binasının akt zalında davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi münasibətilə universitetin kollektivini təbrik etmiş, yeni təhsil infrastrukturunun qurulmasının təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür edərək demişdir: “Hər bir cəmiyyətin inkişafının kökündə elm və təhsil dayanır. Müasir dünyanın mənzərəsinə nəzər salsaq, görərik ki, elmə və təhsilə üstünlük verən ölkələr daim irəli gedir və tərəqqiyə qovuşurlar. Bu ölkələrin sırasında müstəqil Azərbaycanın da özünəməxsus yeri var. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində yüksək bilikli və ixtisaslı gənc kadrların hazırlanmasını diqqətdə saxlamaqla Azərbaycanın inkişafını təmin etmişdir. Bu gün ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə rəhbəri dəfələrlə bildirib ki, Azərbaycanda milli tərəqqinin, gələcək inkişafın əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnməsindən asılıdır”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə insan kapitalının formalaşmasında təhsilin digər pillələri kimi, ali təhsilin də rolu əvəzsizdir. Əgər orta məktəb insanı həyata hazır­layırsa, ali məktəb onu yüksəkixtisaslı kadr kimi, müəyyən bir sahənin mütəxəssisi kimi yetişdirir. Bu mənada Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ali məktəbə, ali təhsilin təşkilinə ciddi diqqət yetirilir. Ölkəmizin ali məktəblər ailəsinin layiqli üzvü olan Naxçıvan Dövlət Universiteti fəaliyyət istiqamətinə görə möhkəm milli əsaslara malik olan ali məktəbdir. Bu təhsil ocağında yeni tədris korpusları istifadəyə verilmiş, maddi-texniki baza xeyli möhkəmlənmiş, tədris müasir dünya təhsilinin tələblərinə uyğun qurulmuşdur. Bu da kadr hazırlığını xeyli yaxşılaşdırmış, yeni ixtisaslar açılmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti böyük və davamlı inkişafa malikdir. Aparılan məqsədyönlü işin, həyata keçirilən kompleks və sistemli tədbirlərin nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti son illərdə təlimin müvəffəqiyyət və keyfiyyət göstəricilərinə görə Azərbaycanın ali məktəbləri arasında layiqli yerini tutmuşdur. Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsil siyasəti üzrə təşəbbüskarlıq” istiqaməti əsasında Azərbaycanın ali təhsil müəssisələrinin reytinq cədvəlində Naxçıvan Dövlət Universiteti birinci yeri tutmuşdur”.
Ali Məclisin Sədri yüksək nəticəyə görə universitetin kollektivinə təşəkkür edərək demişdir ki, əldə olunan nailiyyətlər Naxçı­van Dövlət Universitetinə dünyanın qabaq­cıl ali təhsil müəssisələri ilə faydalı əməkdaş­lıq əlaqələri qurmaq imkanı yaratmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti dünyanın 80-ə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, Naxçıvan Dövlət Universitetində 360-a yaxın xarici tələbə təhsil alır.
Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universitetinin faydalı tədris, elmi və tələbə mübadiləsi apardığı ölkələrdən biri də Koreya Respublikasıdır. Bu ölkə böyük iqtisadi, elmi və təhsil potensialına malikdir. Dünya iqtisadçıları müxtəlif dövrlərdə inkişaf edən ölkələrin müqayisəli təhlilini apararaq bu qənaətə gəliblər ki, 20-ci əsrdə Yaponiyada bu proses 34 ilə başa çatmışdırsa, Cənubi Koreyada yüksək inkişaf üçün 11 il vaxt lazım olmuşdur. Koreyanın böyük iqtisadi sıçrayışı təhsilə göstərilən qayğının nəticəsidir. 50 milyona yaxın əhalisi olan bu ölkədə 400-dən çox universitet var. Lisey məzunlarının 84 faizi universitetlərə qəbul olunur. Universitet məzunlarının isə 40 faizi elm sahəsində çalışır. Ümumi Daxili Məhsulda elmi araşdırmaların payı 4 faizə yaxındır. Cənubi Koreyanın təhsilə və elmin inkişafına göstərdiyi qayğı digər sahələrin də sürətli inkişafını təmin etmiş, informasiya texnologiyaları sektorunun inkişafı müstəsna üstünlük qazanmışdır.
Ali Məclisin Sədri demişdir: “2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanmış və layihənin icrasına başlanılmışdır. Bu layihə miqyasına görə Koreyanın xarici ölkələrdə həyata keçirdiyi ən böyük layihələrdəndir. Yaradılan yeni sistem Naxçıvan Dövlət Universitetində idarəetmənin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.
Ali Məclisin Sədri bütün bunlara görə Cənubi Koreya Respublikasının hökumətinə minnətdarlığını bildirmiş, layihənin uğurlu icrasına görə Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür etmiş, universitetin professor-müəllim heyətinin və tələbə kollektivinin layihənin imkanlarından səmərəli istifadə edəcəklərinə əminliyini ifadə etmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək demişdir ki, universitet son 20 ildə böyük inkişaf yolu keçərək müasirtipli və çoxprofilli ali təhsil mərkəzinə çevrilmişdir. Hazırda Naxçıvan Dövlət Universitetində 58 ixtisas üzrə 5349 tələbə təhsil alır. Universitetin müəllimlərindən 9-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 28-i elmlər doktoru, 177-si fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universitetində tədrisin yeni texnologiyalar əsasında yenidən qurulması da diqqət mərkəzində saxlanılmış, elektron kitabxana, universitet ərazisini əhatə edən simsiz internet şəbəkəsi istifadəyə verilmişdir.
Rektor Naxçıvan Dövlət Universiteti ilə Koreyanın Busan Kyumqsunq, Dequ və Kim Çonq universitetləri arasında səmərəli əməkdaşlıqdan danışaraq qeyd etmişdir ki, hazırda universitetdə 10 koreyalı tələbə təhsil alır, Koreya dili hazırlıq mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Koreya dilini öyrənən tələbələrin sayı 50-dən artıqdır. Bu da müəllim-tələbə mübadiləsinin səmərəli təşkilinə imkan verir. Həmçinin Beynəlxalq münasibətlər fakültəsində “koreyaşünaslıq” fənni tədris olunur. Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində yaradılan elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturuna görə universitetin professor-müəllim heyəti və tələbə kollektivi adından minnətdarlıq etmişdir.
Tədbirdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn çıxış edərək demişdir ki, “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi Koreya Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının daha bir ifadəsidir. Bu layihə Naxçıvan Dövlət Universitetinin xarici ölkələrin, o cümlədən Koreya Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrinin daha da genişlənməsinə və yüksəkixtisaslı kadrların hazır­lanmasına öz töhfəsini verəcəkdir. Səfir layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Cənubi Koreyanın Dongwon şirkətinin direktoru Hong Yong Hye qarşılıqlı səylər nəticəsində həyata keçirilən bu layihənin elektron tədris sisteminin inkişafındakı rolundan bəhs etmişdir.
Tədbir iştirakçıları elektron təhsil şəbəkəsinin yaradılmasından bəhs edən filmə baxmışlar.
Sonda Naxçıvan Dövlət Universitetinin xarici və yerli tələbələri konsert proqramı ilə çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR